İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament sabiq nazirlə bağlı təqdimatı təsdiqlədi

895 24.02.2024 09:25 Ölkə A A

Fikrət Məmmədov Konstitusiya Məhkəməsinin hakimi təyin edildi; parlamentə bələdiyyələrin problemlərinin həlli ilə bağlı iki layihə göndərilib

23 fevralda Milli Məclisin növbəti iclası Sahibə Qafarovanın sədrliyi ilə keçirildi. Gündəliyin təsdiq olunmasından sonra cari məsələlər ətrafında çıxış edən deputat Elşən Musayev “Qarabağ” futbol klubunun tarixi qələbəsindən danışdı. “Dünən axşam biz hamımız Qarabağ havasında idik” - deyən E.Musayev klubun məşqçisi Qurban Qurbanovun dediyi sözlərə istinad edərək, “Biz meydanda xarakter qoymağı Ali Baş Komandandan öyrənmişik, onun siyasətdə qoyduğu yolu davam edirik”, - söylədi. E.Musayev “Qarabağ” klubunun yaranması və inkişafında rolu olan deputat Aqil Abbasın adını xüsusilə qeyd etdi.

Deputat Musa Qasımlı Xocalıda Ermənistanın dinc azərbaycanlı əhaliyə qarşı  törətdiyi soyqırımın 32-ci ildönümündən bəhs etdi: “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan tərəfindən törədilən soyqırımı bəşəriyyətə və sivilizasiyaya qarşı ağır cinayətdir, bu qurama dövlətin məlum keçmiş rəhbərləri məsuliyyət daşıyırlar. Xocalıda törədilənlər Ermənistanın dövlət siyasətinin təzahürlərindən biridir. Bu il soyqırımı qurbanlarının xatirəsini fərqli bir  şəraitdə anırıq. Xankəndidə bayrağımızın dalğalanması, ölkəmizin bütün ərazilərində dövlət suverenliyinin bərqərar edilməsi, millətimizin həyatında yeni bir mərhələnin başlanması ilə Xocalı soyqırımı qurbanlarının ruhu da şaddır. Xocalı soyqırımı qurbanlarını ehtiramla anmaq həm keçmişimizi unutmamaq, Ermənistanın simasını göstərmək, həm də buna bənzər hadisələrin təkrarlanmaması baxımından gələcək nəsillərə və dünyaya bir çağırışdır. Bundan ötrü biz bir millət olaraq daim güclü olmalıyıq. Xocalıda soyqırımı qurbanlarına abidənin tikilməsi necə olardı?”

Milli Meclis: Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

Deputat Bəhruz Məhərrəmov bildirdi ki, prezident seçkiləri öncəsi Fransa və onun marionetlərinin, o cümlədən yerli antimilli ünsürlərinin timsalında bəzi dairələr Azərbaycana münasibətdə artan əsassız təzyiq cəhdləri fonunda, Qərbin seçki nəticələrinə mənfi reaksiyalarına ümidli idi: “Amma nəticə nə oldu? Seçkidən cəmi iki gün sonra Münxen Təhlükəsizlik Konfransında cənab İlham Əliyevin əlini sıxıb təbrik etmək üçün uzun bir növbə var idi. Azərbaycan Prezidenti konfransda gün yarım ərzində qarşı tərəfin xahişi ilə 30-a yaxın dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərləri və qlobal iqtisadiyyatda söz sahibi olan özəl sektor nümayəndələri ilə görüşdü. Bu eyni zamanda Azərbaycanın antiterror tədbirlərinin ardınca yaratdığı yeni status kvonun dünyanın təhlükəsizlik arxitekturasına qəbul etdirilməsi idi. 60-cı Münxen Təhlükəsizlik Konfransı bir daha göstərdi ki, Azərbaycan öz tarixində heç vaxt bu qədər güclü olmayıb. Hər kəs şahid oldu ki, həmişə lokal reallıqlara köklənməyə məhkum olan Azərbaycan artıq qlobal oyunçu kimi davrana bilir. Prezident İlham Əliyev daxili auditoriyaya səsləndiyi ritorikanı qlobal təhlükəsizlik konturlarının müəyyən olunduğu platformalarda qoruyur”.

Deputat Elşad Mirbəşir bildirdi ki, Ermənistan Avropa platformalarının geosiyasi ambissiyalarının alətinə çevrilib və bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır. Deputat əlavə etdi ki, ermənilər kobud səhvlərindən nəticə çıxarmırsa, bu, onları gələcəkdə cinayət məsuliyyətindən azad etməyəcək: “Ermənistanda "Miatsum" təşkilatının 36-cı ildönümünün keçirilməsi və orada Azərbaycanın sərt şəkildə ittiham olunması buna sübutdur. Eləcə də Münhendə vasitəçilikdən kənarda qalan Fransa etnik ermənilərin Qarabağa qayıtmasının vacibliyini bəyan edib. Hesab olunur ki, Azərbaycanda olan ermənilərin hüquqları, təhlükəsizliyi beynəlxalq hüquqla tənzimlənməlidir. Bu fakt da Fransanın gərginliyin qalmasında maraqlı olduğunu göstərir. Azərbaycan Avropa və digər platformaların bu kimi qərəzli çıxışlarını həmin qurumların özünə qarşı istifadə etməlidir". E.Mirbəşir rəsmi Parisin qərəzli siyasətinə diqqət çəkərək bildirdi ki, Fransanın qərəzli davranışı özünə qarşı istifadə olunmalıdır: “Ermənistan Avropa platformalarının geosiyasi ambisiyalarının alətinə çevrilib. Bu, bütövlükdə region üçün çox böyük təhlükə yaradır”.

Deputat Vahid Əhmədov Prezident İlham Əliyevin yenidən dövlət başçısı seçilməsindən sonra ilk ciddi diplomatik sınağının fevralın 16-18-i arası keçirilən Münxen Təhlükəsizlik Konfransı olduğunu söylədi. Bildirdi ki, Azərbaycanın konfransdakı iştirakını kifayət qədər uğurlu adlandırmaq olar: “Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini bərpa edən qalib lider kimi qarşılanan İlham Əliyev müxtəlif dövlət başçıları ilə keçirdiyi görüşlərdə yüksək hörmətlə qarşılanıb, danışıqlarda Azərbaycanın müəyyən etdiyi müzakirə sərhədləri gözlənilib. Fransanın Azərbaycan və Ermənistan arasında keçirilən görüşdə iştirak etməsində israrına baxmayaraq, Azərbaycan bu məsələdə mövqeyini bildirərək, iştirakı istisna edib. İlham Əliyevin siyasi qətiyyəti sayəsində danışıqlar vasitəçisiz baş tutub və hər iki ölkənin xarici işlər nazirlərinə sülh müqaviləsi ilə bağlı görüş və sərhədlərin delimitasiyası üzrə komissiyanın iclası barədə təlimatlar verilib”. Deputat əlavə etdi ki, dövlət başçısı İlham Əliyev hər zaman olduğu kimi, bu dəfə də prezident seçkisindən sonra ilk rəsmi səfərini Türkiyəyə edib: “Tərəflər bir çox sahədə əməkdaşlığa davam edəcəyini və bir-birlərini dəstəkləyəcəklərini bir daha bəyan etdilər. Dövlət başçıları hərbi əməkdaşlığın genişləndirilməsi barədə fikirlər səsləndirdilər. İlham Əliyevin "Azərbaycan Ordusu Türkiyə ordusunun kiçik modeli halında inkişaf edir" cümləsi bir daha “bir millət və bir ordu” olduğumuzu dünyaya bəyan edərək bölgədə bölücülük etmək istəyən qüvvələrə ciddi mesaj oldu".

Milli Məclis dünya azərbaycanlılarına müraciət etdi

Milli Məclisdə sabiq ədliyyə naziri Fikrət Fərrux oğlu Məmmədovun Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi haqqında məsələ müzakirəyə çıxarıldı. Spiker Sahibə Qafarova Azərbaycan Prezidentinin məsələ ilə bağlı parlamentə təqdimat göndərdiyini bildirdi.  Birinci vitse-spiker, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli Prezidentin təqdimatı barədə məlumat verdi. Dedi ki, respublikanın əməkdar hüquqşünasının Konstitusiya Məhkəməsinin hakimi vəzifəsinə təqdim olunması Azərbaycan Konstitusiya Məhkəməsinin bundan sonrakı fəaliyyətinə mühüm töhfələr verəcək.

“Azərbaycan Respublikasının Prezidenti konstitusiya ilə ona verilmiş öz səlahiyyətlərindən istifadə edərək Fikrət Məmmədovun namizədliyini müzakirəyə təqdim edib. Mən sadəcə olaraq bir məsələni diqqətə çatdırmaq istəyirəm ki, "Konstitusiya Məhkəməsi haqqında" Qanunun 14.3-cü maddəsinə görə, Konstitusiya Məhkəməsinin hakiminin vəzifədə olması ilə bağlı yaş həddi 70-dir. Fikrət müəllimin hələ 1 il 4 ay vaxtı var. Yəni bu məsələdə hələ heç bir problem yoxdur. Sadəcə olaraq, diqqəti ona yönəltmək istəyirəm ki, Konstitusiya Məhkəməsinin digər üzvləri var ki, onların 70 yaşı tamam olub. Üstündən də xeyli vaxt keçir, amma onlarla bağlı yeni təqdimatlar daxil olmur”.  

Bunu isə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini Qüdrət Həsənquliyev çıxışında bildirdi. Deputat qeyd etdi ki, biz təkcə Konstitusiya Məhkəməsində yox, digər dövlət orqanlarında da qanunla müəyyən olunmuş yaş həddini aşan insanların vəzifədə qalmasını görürük: “Azərbaycanda kifayət qədər hazırlıqlı, karyera yüksəlişi gözləyən vicdanlı hüquqşünaslar var. Onlar həmin vəzifələrə təyin oluna bilər. Əgər reallıqda bunu etmək mümkün deyilsə, onda qanunları dəyişmək lazımdır. O cümlədən "Konstitusiya Məhkəməsi haqqında" Qanunu dəyişib, 70 yaş məsələsini çıxarmaq lazımdır. Yaxud hakimlərlə, digər dövlət orqanlarında vəzifəli şəxslərlə bağlı yaş məhdudiyyətini aradan qaldırmaq lazımdır. Ona görə ki, dövlət hakimiyyəti orqanları qanunlara əməl etməyəndə, bu, vətəndaşlar üçün pis nümunə olur. Ona görə də mən təklif edirəm ki, tezliklə biz müvafiq icra hakimiyyəti orqanı ilə müzakirələr aparaq və qanunları mövcud reallıqlara uyğunlaşdıraq”.

Səsvermədən sonra təqdimatı təsdiqlənən F.Məmmədov həm dövlət başçısına, həm də deputatlara etimada görə təşəkkürünü bildirdi. Spiker S.Qafarova F.Məmmədovu təbrik etdi, ona uğurlar arzuladı.

Milli Məclisdə Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın 2023-cü ildə fəaliyyəti haqqında məruzəsi müzakirə olundu. Regional məsələlər komitəsinin  iclasında ədliyyə nazirinin müavini Vilayət Zahirov çıxış edərkən bildirdi ki, 2023-cü ildə bələdiyyələrlə bağlı araşdırmalar zamanı aşkar edilmiş qanun pozuntuları üzrə 30 halda toplanmış materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti istintaq orqanlarına göndərilib, onlardan 15-i üzrə artıq cinayət işi başlanıb. Keçən il 76 bələdiyyə sədri barəsində inzibati xəta haqqında protokol tərtib edilərək məhkəmələrə göndərilib. Ümumilikdə 14 607 ha torpaq sahəsinin qanunsuz ayrılması barədə bələdiyyə aktlarının ləğv edilməsi ilə bağlı nazirlik tərəfindən bələdiyyələrə təklif və ya məhkəmələrə iddialar verilib.

Məruzə səsverməyə çıxarılaraq qəbul edildi. V.Zahirov qeyd etdi ki, ölkəmizdə 4204 qəbiristanlıq var, onların 3268-i bələdiyyələrə təhvil verilib, 900-dən çox qəbiristanlıq hələlik təhvil verilməyib: “Bu da bəzi çətinliklərlə bağlıdır. Bəzi qəbiristanlıqların sənədləri olmadığı üçün bu iş gecikir. Bəzi rayon icra hakimiyyətlərində də bununla əlaqədar komissiya yaradılsa da, bu komissiyaların işi dayandırılıb. Amma bu işlər davam edəcək, qəbiristanlıqlar bələdiyyələrə təhvil veriləcək”.

Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov bildirdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin təqdimatı ilə Milli Məclisə bələdiyyələrlə bağlı iki qanun layihəsi daxil olub. Onun sözlərinə görə, layihələr bələdiyyələrin problemlərinin həlli ilə bağlıdır və artıq komitəyə təqdim olunub: “Layihələrdə bələdiyyələrin sayının azaldılması, birləşməsi ilə bağlı məsələ yer alıb”. Komitə sədri bildirdi ki, layihələrdən biri “Bələdiyyələrin birləşməsi, fəaliyyəti, ayrılması və ləğv edilməsi haqqında”, digəri isə “Bələdiyyələrin statusu haqqında” layihədir. S.Novruzovun sözlərinə görə, qanun layihələri əhali sayı 3 mindən az olan kəndlərin bələdiyyələrinin birləşdirilməsini və böyük bələdiyyələrin yaradılmasını nəzərdə tutur: “Bu da bələdiyyələrin sosial-iqtisadi vəziyyətini yaxşılaşdıracaq”.

Bələdiyyələrin rolunun artırılması zərurətindən danışan deputat Fazil Mustafa Ağdamda tikiləcək stadionla bağlı çox maraqlı təklif irəli sürdü. O, Ağdam stadionuna Qurban Qurbanovun adının verilməsini təklif etdi. Bildirdi ki, dünyada belə nümunələr var, həmçinin qardaş Türkiyədə. Məsələn, Fateh Terim adına, Şenol Günəş adına stadionlar. F.Mustafa “Qarabağ” futbol klubunun böyük uğurlara məhz Qurban Qurbanovun rəhbərliyi ilə nail olduğunu söylədi: “Daha bundan sonra gedib dünya çempionu olası deyil ki”. Deputat onu da təəssüflə vurğuladı ki, bu gün dünya arenasında böyük uğurlar qazanan yeganə klubumuz “Qarabağ”dır, başqası yoxdur.

Müzakirələrdən sonra nazir müavininin məruzəsi qəbul olundu.

“Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişikliyin müzakirəsi zamanı çıxış edən deputat Tahir Kərimli yaxın tarixə ekskurs etdi. Onun sözlərinə görə, hakimlik, bəlkə də yeganə vəzifədir ki, qanunların aliliyi ilə bağlı qərarların qəbulu həm də onun vicdan və ədalətinə buraxılır: “Biz işləyən zaman qərar qəbul etmişdi ki, heç bir hakim məruzə etməyəcək. Qanuna uyğun, ədalət və vicdanla məsələni həll etməlidir. Hətta o vaxt ölüm hökmü var idi. Demişdim ki, kim qanunu pozub rüşvət alacaqsa, and içirəm Qurana, ölüm hökmünü onun haqqında özüm çıxaracam!”

Elşad PAŞASOY,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR