İnsanlara hürriyət, millətlərə istiqlal!

Parlament partiyalarına ağır ittihamlar

1074 17.08.2023 11:34 Siyasət A A

“Ayrılan pulları  partiyalarının inkişafı, üzvlərinin sayının çoxalmasına xərcləsəydilər...”

Azərbaycanda siyasi partiyaların təkrar qeydiyyata alınması prosesi həyata keçirilir. Rəsmi məlumata görə, 27 siyasi partiya üzvlərinin siyahısını Ədliyyə Nazirliyinə təqdim edib. Bildirilib ki, “Siyasi partiyalar haqqında” Qanuna əsasən, partiyaların üzvlərinin reyestrinin qanunvericiliyin tələblərinə uyğunluğunun yoxlanılması zamanı onların bəzilərində qüsurlar, o cümlədən üzv olmayan, vəfat etmiş şəxslərin reyestrə daxil edilməsi, bəzi şəxslərin adlarının təkrarlanması halları aşkarlanıb. Nöqsanlarla bağlı partiyalara məlumat göndərilib, reyestrdə aşkar olunmuş çatışmazlıqların aradan qaldırılması üçün 30 gün vaxt verilib.

Qeydiyyata alınmayanlar sırasında REAL, Müsavat, AXCP, ADP, AG Partiya, AMİP, Azadlıq, Ədalət, AXP, MCP, BAXCP də var. Ölkədə indiyədək qeydiyyatdan keçən yeganə partiya YAP-dır.

Ədliyyə Nazirliyinin qeydiyyata almadığı partiyaların arasında parlamentdə təmsilçiliyi olan partiyalar da var. Çox maraqlıdır ki, bu partiyalar məhz parlamentdə təmsil olunduqlarına  görə dövlətdən normal maliyyə alırlar. Bu illər ərzində belə siyasi təsisatlar 5 min adamın normal siyahısını ortaya qoya bilmirsə, bu nəyin göstəricisidir?

Əhəd Məmmədli də evlənir? » "Dünya" informasiya agentliyi

Əhəd Məmmədli 

AĞ Partiyanın sədr müavini Əhəd Məmmədli “Yeni Müsavat”a bildirdi ki, heç bir partiyaya birinci göndərişdə müsbət yekun cavab verilməyib: “O ki qaldı parlamentdə azlıq və müxalifət adlanan partiyaların yetərli sayda üzvlərini təqdim edə bilməməsinə, təəssüf ki, həmin partiyaların xalq arasında nüfuzu yoxdur. Həmin partiyaları cəmiyyət müxalifət olaraq qəbul etmir. Parlamentdə oturan partiya sədri var ki, aktivdir, iclaslarda çıxışlar edir, sosial şəbəkələrdə mütəmadi çıxışlar edir, fikirlərini bildirir. Lakin Azərbaycan cəmiyyətində həmin partiyanı tanımırlar, insanlar bilmir ki, o partiyanın sədr müavinləri kimdir. İndi bəlli olur ki, parlamentdə azlıqda olan partiyalar 5 min üzv ortaya çıxara bilmədikləri üçün qeydiyyatlarında problem yaranıb və onlar başlayıblar narazılıq etməyə. Halbuki qanuna məlum dəyişikliklər irəli sürüləndə həmin partiyaların deputat sədrləri dəyişiklikləri alqışlayırdılar. Bu gün isə qanunun əleyhinə çıxırlar. Parlamentdə təmsil olunan partiyalar dövlət tərəfindən az-çox maliyyələşdirilir, sədrlərinə müəyyən maliyyə kanalları imkanı yaradılıb. Ayrılan pulları onlar partiyalarının inkişafı, üzvlərinin sayının çoxalmasına xərcləsəydilər, rayonlarda təşkilatlarını qursaydılar, bugünkü problemlər yaşanmazdı. 15-20 ildir oturublar parlamentdə, rahat həyat yaşayıblar, xarici səfərlərdə kef ediblər və sair. Partiya quruculuğu isə yaddan çıxıb, arxa plana keçib. İndi beş min partiya üzvü tələbi ortaya çıxanda ayılıblar ki, ortada heç nə yoxdur. Ona görə də dünənə qədər təriflədikləri qanunu indi başlayıblar tənqid etməyə”. 

Əli Orucov: “Söyüş müxalifətin acizliyinin və cılızlığının əlamətdir”

Əli Orucov   

AMİP funksioneri Əli Orucov bildirdi ki, Azərbaycanda yaradılan və qeydiyyatdan keçən partiyaların çoxu, xüsusən də hazırda parlamentdə təmsil olunanların bəziləri hakimiyyətin sifarişi və istəyi əsasında yaradılıb. Çoxunun da heç fəaliyyəti və üzvləri yox idi. Yeni qeydiyyat məsələsi bunu bir daha ortaya çıxardı: “Artıq iqtidar siyasi düzəni yenidən dizayn edir və burada da partiyaların sayının çox olmasını istəmir. Odur ki, 32 partiya silindi. Qalanları isə "ələmə turu"ndadır. Kim  hökumətin gələcək strateji planlarına uyğun olsa, həmin partiyalar siyasi arenada qalacaqlar. Parlamentdə müxalifət və ya azlıq adına yer verilən partiyalar zatən kağız üzərində mövcud idi və dekorasiyadan başqa bir şeyə yaramırdı. Azərbaycandakı partiyaların, xüsusən də parlament partiyalarının MSK-ya illik verdikləri maliyyə hesabatlarına diqqət yetirmək kifayətdir ki, əsl həqiqəti görə və anlaya biləsən. Həmin partiyalara dövlət büdcəsindən ayrılan pullar da əksərən korrupsiya vasitəsinə çevrilib. Əvvəl həmin pulları qeyri-leqal ötürürdülər, sonra bunu leqallaşdırdılar. Dövlət partiyaları niyə büdcədən maliyyəlləşdirir? Ona görə ki həmin partiyalar siyasi rəqabət apara bilsin, cəmiyyətin dövlətin idarəetməsində iştirakına kömək olsun, ictimai-siyasi prosesləri şəffaf və axıcılaşdırsın və s. Dövlət büdcədən pulu ona görə vermir ki, 3-5 nəfərə əməkhaqqı yazılsın, qalan vəsait də kimlərinsə cibinə axsın. Göründüyü kimi, illərlə dövlət büdcəsindən on minlərlə vəsait alan həmin parlament partiyalarının nə dövlətə, nə cəmiyyətə bir qəpiklik faydası dəyməyib və bu gün də tələb olunan sayı təqdim edə bilmirlər. Bunun hesabatı həm həmin partiyalardan, həm də büdcə ayıranlardan və buna nəzarət edənlərdən sorulmalıdır. Zənnimcə, ikinci mərhələdə 10-a yaxın partiyanı qeydə alacaqlar. Onların içində parlament partiyaları da olacaq".

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR