İnsanlara hürriyət, millətlərə istiqlal!

Pakistandan İrana tərs şillə - Bölgədə gərginlik ARTIR

4551 18.01.2024 18:14 Dünya A A

İran Pakistana etdiyi dron hücumunun cavabını raket zərbəsi ilə aldı. Yanvarın 18-də İslamabad Tehranın yanvarın 17-də etdiyi raket hücumuna cavab verib. Pakistan Hərbi Hava Qüvvələri İranın Sistan və Bəlucistan əyalətinin Seravan şəhərində terrorçuların mövqeyinə zərbələr endirib.

Bu, ekspertlər tərəfindən Pakistanın İrana ağır cavabı, dövlətin mövqeyinin və qürurunun qorunması kimi xarakterizə edilir.

Əvvəlcə onu bildirək ki, Pakistan ilə İran arasındakı diplomatik münasibətlər 1947-ci ildən mövcuddur.

1979-cu il inqilabından sonra da iki ölkə arasında əlaqələr inkişaf edib.

Ötən illərə nəzər salsaq iki ölkə arasındakı gərginlik əsasən qaz kəməri ilə bağlı olub. Təxminən bir il əvvəl İran Pakistanı təbii qaz kəməri tikintisini ləngitməkdə ittiham edərək 18 milyard dollar iddia qaldıracağı ilə hədələmişdi.

Lakin indi məsələ bu deyil. Məsələ İranın bölgədəki davranışlarıdır. Şübhəsiz ki, İranın son illərdə regionla və xüsusilə də Azərbaycanla bağlı yeritdiyi siyasətindəki problemlərin əsas səbəblərindən biri İranın regional konfiqurasiyada özünə yer tapa bilməməsi və ümumən Cənubi Qafqazda proseslərə ciddi şəkildə təsir edə biləcək gücə sahib olmamasıdır.

Bununla belə İran beynəlxalq siyasətdə də ziddiyətli və aqressiv davranışları ilə seçilir.

Yada salaq ki, Pakistandan öncə İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) İraq Kürdüstanının paytaxtı Ərbildə ABŞ konsulluğu yaxınlığında yerləşən ABŞ hərbi bazası və hava limanına zərbələr endirmişdi.

4f0f6a15-d9e1-31f2-a834-84039527.jpg (67 KB)

Məsələ şərhçilər tərəfindən belə xarakterizə olundu ki, İran Kirman şəhərindəki terakt, onun ardınca SEPAH-ın yüksək çinli zabitlərinin öldürülməsinin qisasını alır. Əslində, İranda bununla bağlı şüarlar səsləndirilmişdi. Hətta qisas rəmzi olaraq Qumda, şiələr üçün müqəddəs olduğu iddia edilən Çəmkəran məscidində “qırmızı bayraq” da qaldırılmışdı.

Zərbələr endirildi, dedikləri qisası aldılar. Ancaq maraqlısı budur ki, Vaşinqton buna cavab verməyə cürət etmədi.

Yalnız ABŞ Dövlət Departamenti bəyanat yaydı ki, biz İranın İraqda sabitliyi pozan ehtiyatsız raket hücumlarına qarşıyıq.

16542775282368835478_1200x630.jpg (141 KB)

Gördüyünüz kimi burda belə “ehtiyatsız” ifadəsi işlədilib. İrana qarşı hər hansı bir zərbə, güc nümayişi isə görünmədi. Eləcə özləri üçün danışdılar, deyindilər məsələ bitdi.

Pakistan isə qətiyyət nümunəsi göstərdi. Bu addımı ilə Pakistan bütün dünyaya göstərdi ki, bir dövlət öz qürurunu necə qorumalıdır.

Əslində, indiyə qədər İranın bu kimi xeyli əməlləri olub. Ancaq ona hələ belə cavab verən olmamışdı. İlk dəfə idi ki, İran törətdiyi əmələ görə kifayət qədər sərt qarışıqlıq aldı və bundan şok vəziyyətinə düşüb.

İran yaxşı başa düşür ki, Pakistan heç də zəif dövlət deyil. Pakistan nüvə dövlətidir və heç zaman özünə qarşı təhdidlərə göz yummaq fikrində deyil.

“Reurters” yazıb ki, Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Pakistan açıq şəkildə deyib ki, məhv etdik və məhv edəcəyik.

Pakistan Xarici İşlər Nazirliyi isə vəziyyətə diplomatik tərzdə reaksiya verib:

“Pakistan milli təhlükəsizliyini qorumaq əzmindədir. Xalqın təhlükəsizliyinin qorunması üçün bütün lazımi tədbirlər davam etdiriləcək. İran qardaş ölkədir. Pakistan xalqı İran xalqına böyük hörmət və məhəbbət bəsləyir. Biz ümumi çağırışların, həmçinin terrorizmlə mübarizədə dialoq və əməkdaşlığın vacibliyini vurğulamışıq. Məsələ ilə bağlı ümumi həll yolları tapmaq üçün səylərimizi davam etdirəcəyik”.

İran Xarici İşlər Nazirliyi Pakistanın İslam Respublikası ərazisindəki sərhəd bölgəsinə hücumunu pisləyib.

Naser Kənaninin departamentin teleqram kanalında dərc olunmuş bəyanatında deyilir:

1664887138474369890_1200x630.jpg (114 KB)

“Bu ölkənin Tehrandakı səfirliyinin müvəqqəti işlər vəkili etiraz notası təqdim etmək və Pakistan hökumətindən izahat tələb etmək üçün Xarici İşlər Nazirliyinə çağırılıb”.

Yuxarıda da qeyd etdiyimiz kimi heç kim unutmasın ki, Pakistan güclü nüvə dövlətidir və özünə qarşı təhdidlərə göz yuman deyil. Azərbaycanın da bu dövlətlə münasibətləri xeyli istidir.

Pakistan da Azərbaycana qarşı həmişə dost münasibəti sərgiləyib.

İrandan fərqli olaraq, Pakistan daim Azərbaycanın yanında olub, işğala görə Ermənistanı bir dövlət kimi tanımayıb, Azərbaycan xalqı Pakistanın bu ədalətli mövqeyini həmişə yüksək dəyərləndirir. 2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində ilk gündən Pakistan yenə də ədalətli mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəklədi, ən yüksək səviyyədə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan elədi. Hətta belə bir bəyanat da verilmişdi ki, Azərbaycan istəyərsə, istənilən an Azərbaycana hərbi dəstək verməyə hazırdır. Pakistanın bu mövqeyi Azərbaycan-Pakistan münasibətlərindəki qardaşlıq tellərini daha da möhkəmlətdi.

2023_11_02_61075_pak1.jpeg (24 KB)

Ancaq təssüf ki, biz İrandan bunu görmədik. Pakistandan fərqli olaraq İran daim Ermənistana hərtərəfli dəstək olub. Birinci Qarabağ və Vətən müharibələrindəki mövqeyini unutmamışıq. Ermənistana faktiki olaraq silah göndərmələri ilə bağlı videolar yayılmışdı. Bunu təsdiqləməsələr də, fakt sərhəddə silah dolu maşınların şəkilləri, videoları hər kəsin qarşısına çıxıb.

Müharibədən sonra da İran rəsmiləri Azərbaycana qarşı bəyanatlar verdilər, Ermənistanı müdafiə etdilər, səfirliyimizdəki terrora qarşı susqunluq nümayiş etdirdiklər. Hələ də Azərbaycan səfirliyinə qarşı terror aktı ilə bağlı heç kəs cəzalandırılmayıb, bu, belə deməyə əsas verir ki, bu terroru arxasında elə İranın dövlət qurumları dayanıb.

İndi də İran yuxarıda da qeyd etdiyimiz kimi kənarda qalıb. Elə ona görə də HƏMAS-a dəstək verib İsraillə müharibəyə sövq edib, fələstinliləri qırğına verib, özü isə kənara çəkilib. Vaxtilə Azərbaycanın haqq səsini eşitməyən, müsəlman qardaşlarının halına acımayan İran indi də Hizbullahı qorumaq üçün fələstinlilərin qırğınına göz yumdu...

Bütün bunlara baxmayaraq, Azərbaycan heç zaman İrana qarşı olan sanksiyalarda və digər layihələrdə yer almayıb. Hər zaman qonşuluq prinsiplərinə sadiq qalıb, narazılığını açıq ifadə edib və əsl dövlət kimi davranıb.

Qafar Səfərli,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR