İnsanlara hürriyət, millətlərə istiqlal!

Özü öz qərarını ləğv etdi...

1296 20.09.2022 09:40 Yazarlar A A

Sonra da deyirlər ki, bəs bəzi avtoritar siyasi liderlər niyə görə hakimiyyətdən belə bərk-bərk yapışır, on illərlə hakimiyyətdə qalırlar?  Səbəbləri çoxdur bunun. Bir səbəb də budur ki, onlar hakimiyyətdən getməyə qorxurlar, çünki yarımdemokratik rejimlərdə belə yeri hakimiyyətlərin ilk qərarı özündən əvvəlkilərə cinayət işi açmaq olur, ondan qala avtroritar rejimlər ola. Ona görə də bir gün xəbər gəlsə ki, Qazaxıstanda keçmiş prezident Nursultan Nazarbayevə cinayət işi açılıb, biz buna qətiyyən təəccüblənmərik...

Bəli, Nazarbayev hakimiyyətdən gec getdi. Üstəlik, şərtlərlə, siyasi sistemə düzəlişlərlə getdi, özünün Elbaşı tituluna hətta prezidentdən də ali məzmun verməyə çalışdı. Amma Mərkəzi Asiyanın iki lideri, İslam Kərimov və Nursultan Nazarbayev postlarını övladlarına və ya yaxın qohumlarına ötürmədilər. Bu adamlar haqqında çox danışmaq olar. Gəl, bir məsələ var ki, məsələn, Nazarbayev geosiyasi planda çox mahir siyasi xadim idi. Demək olmur ki, başqa bir siyasətçi ölkəni onun kimi idarə edə bilərdi. Yeni prezident Qasım- Comərd Tokayev heç iki il keçmədi ki, ölkəyə KTMT qüvvələrini dəvət etdi. Nazarbayev isə otuz ildə bunu bircə dəfə belə etməmişdi...

Bugünlərdə xəbər gəldi ki, paytaxt Nur-Sultanın adı yenə də dəyişdirilibdir və təzədən Astana olub. Maraqlıdır ki, Nur-Sultan adını paytaxta yeni prezidentin özü vermişdi. Buna dəyərdimi? Bilirsiniz, tarixdən nəsə qalmalıdır. Tarixin üstündən tamam xətt çəkmək olmaz. Nazarbayev də bir tarixdir. Üstəlik, Astana onun təşəbbüsü ilə paytaxt olmuşdu və yenidən tikilmişdi. Ölkədə bir şəhərin Nazarbayevin adını daşımasında doğrudanmı, təhlükə var? Düşünmürük...

Üstəlik, indi çox incə məqamdır. Heç kim bilmir ki, keçmiş post-sovet məkanını nə gözləyir. Azərbaycan-Ermənistan sərhədində vəziyyət gərgin olaraq qalır, Ermənistan hər gün yeni-yeni təxribatlar törədir və bu azmış kimi, KTMT-nin komissiyasını bölgəyə gətirir ki, hərbi bloku Azərbaycana qarşı qaldırsın. Elə Mərkəzi Asiyada da vəziyyət gərgin olaraq qalır. Tacikistan-Qırğızıstan sərhədində də atışmalar gedir. Bundan bir az əvvəl Özbəkistanda qaraqalpaqları qaldırmaq istədilər. Bir sözlə, vəziyyət gərgindir. Ukraynada irəliləyə bilməyən, son vaxtlarda hətta geri çəkilən Rusiyaya, onun prezidentinə yeni “qələbə”lər lazımdır.

Həm də Rusiyanın hərəkətlərində dünyanı yenidən bölmək və keçmiş SSRİ-nin ərazsini yenidən qaytarmaq cəhdləri sezilir. Bir daha deyirik ki, bunun nə dərəcədə real olduğunu deyə bilmirik, şünki məsəl var, deyirlər ki, tarix iki dəfə təkrarlanır: bir dəfə faciə, bir dəfə də tragikomediya kimi...

Ümid edirik ki, Rusiyanın növbəti imperiya cəhdi fiaskoya uğrayacaq. Ukrayna ciddi müqavimət göstərməkdə davam edir. Düşünürük ki, bunun ciddi nəticəsi olacaq. ABŞ və Avropa Kiyevə ciddi yardım və dəstək göstərməkdə davam edir. Bu yaxınlarda ABŞ Ukraynaya hava hücumundan müdafiə sistemləri göndərəcək. Bizə elə gəlir ki, bu, hərbi əməliyyatların, müharibənin gedişinə ciddi şəkildə təsir edəcək amillərdən biri ola bilər və rusların raket hücumlarının qarşısını ala bilər.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR