İnsanlara hürriyət, millətlərə istiqlal!

Özbəkistan tərəvəz və meyvə ixracını bahalı bazarlara yönəldəcək

706 06.02.2024 10:45 Dünya A A

Özbəkistan tərəvəz və meyvələrin ixracını daha bahalı bazarlara yönləndirir. Musavat.com xarici mediaya istinadla xəbər verir ki, bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.

Ölkə prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə keçirilən müşavirədə məsul şəxslər bu il kənd təsərrüfatı məhsullarının ixracını 3,5 milyard dollara çatdırmaq, sahədə görülən işlərin miqyasını genişləndirmək imkanları barədə məlumat veriblər.

Buna nail olmaq üçün ilk növbədə meyvə-tərəvəz, bostan, üzüm və dənli-paxlalı bitkilərin istehsalı artırılacaq. Regionlarda daha 20 səyyar laboratoriya yaradılaraq “uzagrolab.uz” elektron platformasına inteqrasiya olunacaq. Pestisidlərin dövriyyəsi ilə bağlı bütün proseslər rəqəmsallaşdırılacaq, keyfiyyətsiz pestisidlərin idxalı və qeyri-qanuni ticarəti qadağan ediləcək.

6 min bağ, 3 mindən çox üzüm və əkin sahəsi, 344 qablaşdırma müəssisəsi xarici fitosanitar tələblərə uyğunlaşdırılacaq. Yüksək effektiv entomofaqlar tətbiq olunacaq və həşərat zərərvericilərinə qarşı yeni növ bioloji mübarizə aparılacaq.

“Beynəlxalq əməkdaşlığın gücləndirilməsi çərçivəsində ixrac daha bahalı bazarlara yönəldiləcək. Daha 8 ölkədən fitosanitar icazə alınacaq. Yerli ixracatçıların meyvə-tərəvəz üzrə ixtisaslaşan beynəlxalq sərgilərdə iştirakı genişlənəcək, möhkəm sifarişlər portfeli formalaşacaq”, - deyə məlumatda bildirilir.

Fərqanə, Səmərqənd və Daşkənd beynəlxalq hava limanlarında meyvə-tərəvəzin ixracı üçün müasir infrastruktur yaradılacaq.

Xarici təcrübə əsasında bitki mühafizəsi işçilərinin ixtisasları artırılacaq. Beynəlxalq ekspertlərin cəlb edilməsi ilə hər bir məhsul növünün becərilməsi, saxlanması, qablaşdırılması və daşınması üçün təlimatlar hazırlanacaq.

Dövlət başçısı ərzaq təhlükəsizliyinin təmin edilməsi və ixracyönümlü məhsulların istehsalı ilə bağlı əlavə tapşırıqlar verib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR