İnsanlara hürriyət, millətlərə istiqlal!

Öz ölkəsinin peyğəmbərləri

1478 25.10.2023 10:11 Yazarlar A A

“Şirin gülüşlərimiz, acı fəğanlarımız

Bir salama dəymədi?"

(Bəxtiyar Vahabzadə)

Bir nəfərin maşını xarab olub, yolda qalıbmış, başqa sürücü avtomobilini saxlamışdır, düşüb ona yardım etmişdir. İndi yol polisi idarəsi həmin yardıma qoşan sürücünü dəvət eləyib, ona diplom-filan vermişdir, rəsmi formada təşəkkür etmişdir. Keşkə medal versəydilər...

Doğrusu, qabaqlar desəydilər bu vəziyyətə gəlib düşəcəyik, inanmazdım. Gör nə kökdəyik ki, kimsə yolda qalana kömək eləyəndə bu, fövqəladə hadisə olur, xəbərə çevrilir. Güman edirəm uzağı 3-4 ilə asqırana “sağlam ol” deyənlər xəbər lentlərində manşetlərə daşınacaqdır. Qoca nənələrin çantasını daşımaq “Şöhrət” ordeninə, avtobusda hamiləyə yer vermək “İstiqlal” ordeninə layiq görüləcəkdir.

Tənəzzül çox sahələrdə özünü göstərir. Elə televiziya sahəsinə baxaq. Türkiyədən Acun adında bir nəfər televizyonçu yoldaş gəlmişdir, pulla bilet satmış, camaatımızı yığıb, məzələnib, ordan-burdan gap eləyib getmişdir. İndi o salona kabab iyinə doluşanlar narazılıq edirmiş. Deyirmişlər, bizə fərli şeylər öyrətmədi, pul qazanmağı, telekanalizasiya qurmağı başa salmaq yerinə anekdot danışırdı.

Əcəb olur. Öz peşəkarlarımıza qiymət vermirsiniz axı. Guya bizim efirlərdə əjdahalar azdır? Şpaqat açan, gəlinləri dalaşdıran, qayınana boğuşduran, artist küsüşdürən, manıs pisikdirən (qafiyə pis yerə gedir, əl saxlayıram, yoxsa qabiliyyətlər bitmək bilmirdi) aparıcılarımız var. Maşallah, itik deyirsən, tapırlar, məhkəmə deyirsən, qururlar. Lazım olanda alov püskürür, lazım olmayanda qan dondururlar. Ağlaşmaq istəyirsən - bizim efirə bax. Gülüşmək istəyirsən, yenə ora bax. Bu cür zəngin, koloritli mühiti qoyub xaricdən aparıcı dəvət eləmək öz ayranına turş deməkdir.

Sözgəlişi, xaricilərə bu cür mənasız aşiqlik özünü yoqa dəvətində də göstərir. Bir Sadquru adlı yoq var, hərdən Hindistandan gəlir, camaatı yolur, gedir. Soruşan yoxdur ki, atam, sən belə güclü yoqasansa, niyə öz Bombey camaatınıza əlac eləmirsən, milyonlarla insan küçədə yatır. Halbuki, özümüzdə min dəfə istedadlı seyidlər, görücülər, molla, baxıcı və sairə tilsim aləmindən xəbərdar şəxsiyyətlər vardır. Elə molla var, saatlarla dinlə, yorulmazsan. Seyid var, yazdığı duanı boynundan asıb Xirosimadan sağ çıxan adam tanıyıram. Görücülərimiz qara dəliyin o üzünü, kainatın axırını görürlər.

Ancaq biz Sadquruya pul verib, geniş konfrans salonu ayırırıq, 12-ci imama isə 12 il 6 ay iş kəsdik. Guya fırıldaqçı imiş, camaata cənnətdə torpaq sahəsi satırmış.

Bizə tarixdən məlumdur, adətən din xadimləri, peyğəmbər və imamlar təzə başlayanda böyük təzyiqlərə məruz qalıblar. Öldürülən, mismarlanan, doğranan, boğulan, yandırılan, nə bilim, şaqqalanan... Bəşəriyyət düzgün yol göstərənlərə heç vaxt sağlığında layiq olduğu qiyməti verməyibdir. Ona görə şair deyib ki, sağlığında qiymət verin insanlara, ölüm sevinməsin qoy! Bir də müdriklərin fikri var, deyir öz yurdunda heç kəs peyğəmbər olmur.

İndi mən sual edirəm: son həftədə tutub 12 il 6 ay cəza kəsdiyiniz şəxsin həqiqətən 12-ci imam olub-olmadığını haradan bilirsiniz? Bizim hakim və prokurorlarda bu əminliyin qaynağı nədir? Birdən sabah məlum oldu ki, həmin yoldaş həqiqətən imamdır və cənnətdə satdığı ərazilərin kupçası da keçərlidir, üstündə Həzrəti Mikayıldan bələdiyyə arayışı da var - nə edəcəksiniz? 

O Rasiyanın agenti çıxan qızın əhvalatı da maraqlıdır. Hər yerdə yazırlar: “Özünü politoloq kimi təqdim edən Filankəs tutulub”. Bunun casusluğu temasıyla işim yoxdur, bəs bu “politoloq kimi” mövzusu nədir? Politoloq kimi təqdim edilmək üçün də nəsə lisenziya alınmalıdır? Onun kağızı harada verilir? Sanki onu indiyəcən bu adla Acun təqdim edirmiş.

Gəlin bir-birimizin qədrini bilək, yolda rastlaşanda gülümsəyək. Aldığım məlumata görə, yolda gülümsəyənlərə uşaq pulu veriləcək.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR