İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ötən gün “hər şeyə qadir erməni lobbisi” mifini sındırdıq, onları bir daha məğlub etdik”

958 17.08.2023 14:24 Siyasət A A

 

“Ötən gün BMT Təhlükəsizlik Şurasında bütün dünya ermənilərinin gözündə “hər şeyə qadir erməni lobbisi” mifini sındırdıq”.

Bu sözləri politoloq Yeganə Hacıyeva Musavat.com-a açıqlamasında deyib.

“Artıq 10 aydan çox idi ki, ermənilərin informasiya müharibəsində hücumlarının şahidi idik və bu hücumda onlar tək deyildilər.  Belə ki, onlar xaricdə ölkələr, bir qrup tərəfindən dəstəklənirdilər. Həmçinin paralel olaraq, onların dünyada dilənib, dolanan, bununla da varlı, imkanlı olan lobbi şəbəkəsi var ki, bu lobbi şəbəkəsi dünyanın bir çox  ölkələrində müxtəlif yollarla onların  sözünü deməyə məcbur etdirilən muzdlu jurnalistlər saxlayır. Onlar istər “Vaşinqton Post”, istərsə də digər mediada erməni yalanlarının həqiqət kimi bütün dünya ictimaiyyətinə yeridilməsinə cəhdlər göstərir.

Beləliklə, biz ötən gün təkcə Ermənistan dövləti, onun XİN-ni, erməni  lobbisini deyil, həm də erməni lobbisinin bütün dünyadakı legionerlərinə də qalib gəldik”,-deyə politoloq qeyd edib.

166158846418979345926309d3f052182.jpg (33 KB)

Yeganə Hacıyeva həmçinin ötən gün BMT-nin Təhlükəsizlik Şurasında aparılan müzakirələrdə Azərbaycana əsl dost və dost olmayan ölkələrin bir daha aydın olduğunu vurğulayıb:

“Ötən gün baş tutan müzakirə bizə dost və qeyri-dostları müəyyən etmək üçün növbəti bir imkan yaratdı. Təəssüf ki, bu müzakirələrdə güclər balansında dostlar kimi gözlədiyimiz tərəflərdən istədiyimiz dəstəyi almasaq da, çoxluqda  dostlarımızın olduğunu gördük. Yəni dost  hesab etdiyimiz, amma dünənki müzakirədə  dost olmadığına əmin  olduğumuz tərəflər də oldu. Buna baxmayaraq,  çoxluqda hamı beynəlxalq hüququ, yəni Azərbaycanın mövqeyini müdafiə etdi. Cəmi 3 ölkə, Malta, hansı ki, bildiyimiz kimi bu ölkədə erməni  lobbisinin cəmiyyətə, iqtisadiyyata, dövlətin bütün mərhələsinə təsir imkanı var, həmçinin paralel olaraq, Fransa və İsveçrə onların mövqeyini dəstəklədi. Digərlərinin hamısı Azərbaycanın mövqeyini dəstəklədi.

Məlum olduğu kimi indi daha çox informasiya müharibəsi dövrüdür. Biz əslində, illərdir davam edən informasiya müharibəsinin son 10 aydakı döyüşünün qalibi olduq və biz bu “döyüşdə” diplomatik yolla, media diplomatiyası və sairə ilə qalib gəldik.

44 günlük Vətən müharibəsindən sonra  Ermənistanda elə bir təəssürat var idi ki, onlar hərbi cəhətdən zəif, amma diplomatik cəhətdən güclüdürlər, onların lobbisi bütün dünyada var. Amma göstərdik ki, belə deyil, onların lobbisi heç də hər şeyə qadir deyil və biz onların əsgərlərini məğlub etdiyimiz kimi, lobbisini də məğlub etdik.

Onsuz da 44 günlük Vətən müharibəsindən sonra ümumi erməni ideologiyası  çat vermişdi, pərən-pərən olmuşdu. Amma aradan keçən bu iki il ərzində müəyyən yapışdırmalarla onlar özlərinə gəlmə imkanlarını  əldə etmişdilər, amma biz dünən göstərdik ki, bu, belə deyil. Onları həm diplomatik, media, hərbi, həm də təhlükəsizlik  sahəsində məğlub etmişik və bu, davam edəcək.

Ermənilərin bu məğlubiyyətinə axırıncı mismarı da Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev vurdu. Faktiki olaraq sonda “erməni genosidi”ni ciddi proseslər kimi bütün dünya ictimaiyyətinə sırımağa çalışan tərəfləri ələ saldı. Məlum şəkilləri göstərdi ki, “götürün, istifadə edərsiniz, işinizə yarayar”.

Bu qabiliyyətin memarı Azərbaycan Prezidenti, öz  prezidentinə sonsuz güvəni, inamı olan və Prezidentin də bundan güc aldığı Azərbaycan xalqıdır və bu, bizim qalibiyyət silsiləmizdə növbəti mərhələdir. Hələ irəlidə bizi daha gözəl günlər gözləyir”.

 

Xalidə Gəray
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR