İnsanlara hürriyət, millətlərə istiqlal!

Ortaq türk dərslikləri - 4 ölkə razılaşdı

1692 01.07.2022 10:10 Təhsil A A

Ekspert təklif edir ki, dərsliklər ümumxalq müzakirəsinə verilsin

Beynəlxalq Türk Akademiyasının Elmi Şurasının Nur-Sultanda keçirilən növbəti 5-ci iclasında “Ortaq Türk tarixi”, “Ortaq Türk ədəbiyyatı” və “Türk dünyasının coğrafiyası” dərsliklərinin mətni və proqramı üzv ölkələrin nazirləri və təşkilatın rəhbərliyi tərəfindən təsdiq olunub və müvafiq protokol imzalanıb. Dərsliklər türk dövlətləri başçılarının zirvə görüşlərində qəbul edilən qərarlara uyğun olaraq Beynəlxalq Türk Akademiyası tərəfindən hazırlanıb.

Xatırladaq ki, 2021-ci ildə Elmi Şuranın İstanbulda keçirilən 4-cü iclasında ortaq dərsliklərlə bağlı komissiyanın yaradılmasına qərar verilib və Türkiyə tərəfinin təşəbbüsü ilə 2022-ci il 16-18 may tarixlərində dərslik mətnlərinin təsdiqi məqsədilə ekspertlər toplantısı keçirilib. Bu iclasda ekspertlər hər üç dərsliyin mətnlərini razılaşdırıblar.

“Ortaq Türk tarixi” dərsliyi 7 bölmədən ibarətdir və XV əsrə qədər türk xalqlarının tarixini özündə əks etdirir. “Türk dünyası coğrafiyası” dərsliyinin məzmunu bütövlükdə türk dünyasının coğrafi mənzərəsinin, türklərin coğrafi anlayış və ideyalarının öyrənilməsinə yönəlib. “Ortaq Türk ədəbiyyatı” dərsliyi isə şagirdlərdə ortaq düşüncə və mədəni dəyərlər haqqında təsəvvür yaratmaq məqsədi daşıyır.

V Elmi Şurada qəbul edilmiş yekun protokola uyğun olaraq, tərəflər dərsliklərin proqram və mətnlərini təsdiqləyib, onların öz ölkələrinin orta təhsil müəssisələrində tədrisini təmin etməyi və dərsliklərin təbliği məqsədilə müxtəlif tədbirlər təşkil etməyi üzərlərinə götürüblər.

Təhsil eksperti Nadir İsrafilov qeyd etdi ki, sözügedən dərsliklərin hazırlanması və tədris olunması ilə bağlı təxminən 20 il öncə təşəbbüs göstərilib: “Bu məsələ zaman-zaman müzakirə olunub. Qarabağ işğaldan azad edildikdən sonra yenidən gündəmə gəlib. Bunun üçün ilk növbədə tədris planları dəyişməlidir. Türkiyədə təhsil müddəti 12 ildir, bizdə 11 il. Dərsliklərin hazırlanması çətin deyil.  Prezident İlham Əliyevin sərəncamı ilə 2013-cü ildə ”Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası" adlı sənəd qəbul olunub. Həmin sənəddə konkret olaraq göstərilir ki, 12 illik təhsilə keçid yaradılmalıdır. 2020-ci ildə bu reallaşmalı idi, lakin bu keçid alınmadı. “Ümumi təhsil haqqında” qanuna məktəbəqədər hazırlıq, ibtidai və tam orta təhsilin ümumi təhsil sayılması ilə bağlı maddə daxil edildi. Məktəbəqədər təhsili də hesablasaq, belə çıxır ki, biz 12 illik təhsilə keçmişik. Bir sözlə, tədris planında siniflər üzrə uyğunluq olmalı, ortaq dərsliklər hazırlanarkən təhsil pillələrini nəzərə almaq lazımdır".

Nadir İsrafilov: “Müzakirələr davam edəcək…”

Nadir İsrafilov

Ekspert təklif edir ki, dərsliklər ümumxalq müzakirəsinə verilsin: “Metodistlər, mütəxəssislər fikrini bildirməlidirlər, uzlaşma olmalıdır. Məsələn, ”Ortaq Türk tarixi" dərsliyi hazırlanarkən tarixi hadisələr elə uzlaşdırılmalıdır ki, ümumi dünyagörüşü formalaşsın. Dərslik yazmaqla iş bitmir. Göründüyü kimi, bir çox dərsliklərdə nöqsanlar var. Buna görə də təklif edirəm ki, ekspertlərin rəyi ilə ümumi fikrə gəlinməlidir. Eyni zamanda tədrisə birbaşa başlanmamalı, pilot layihə kimi təqdim edilməlidir. Müddətlə bağlı isə konkret fikir bildirmək çətindir. Hər şey gedişatdan asılıdır".

Ceyhun Məmmədov - YouTube

Ceyhun Məmmədov

Millət vəkili Ceyhun Məmmədov dərsliklərin önəmindən danışarkən qeyd etdi ki, bu gün önəmli məsələlərdən biri türk dövlətləri arasında birliyi və həmrəyliyi gücləndirməkdir: “Sözügedən dərsliklər türk xalqları arasında əlaqələri gücləndirəcək. Bu prosesdə hər tərəfin üzərinə böyük vəzifə düşür. Türk xalqlarının ortaq dəyərləri çoxdur. Qədim tariximiz, reallıqlarımız mütləq tam, geniş, ətraflı nəzərə alınmalıdır”. 

Xatırladaq ki, təhsil naziri Emin Əmrullayev İstanbulda Türk Şurasının altıncı toplantısında (4 noyabr, 2021-ci il) bildirmişdi ki, Azərbaycan ortaq türk tarixi dərsliyini məktəblərində tədris edən ilk türkdilli dövlətlərin arasındadır. Hələlik bu dərslik pilot layihə səviyyəsindədir. Oxşar formada ortaq türk coğrafiyası və ədəbiyyatı dərslikləri də hazırlanır.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR