İnsanlara hürriyət, millətlərə istiqlal!

OPEK+ ölkələri hasilatı azaldır: ABŞ-ın cavabı nə olacaq...

590 04.04.2023 08:25 İqtisadiyyat A A

Rusiya ərəblərdən öz maraqları üçün istifadə edir

 

Neft hasilatçı ölkələrin OPEK+ razılaşması ölkələri may ayından etibarən gündəlik neft hasilatını 1,66 milyon barel azaltmaq barədə razılığa gəliblər. Bu haqda məlumat  OPEK+ ölkələri nazirləri monitorinq komitəsinin aprelin 3-də videoformatda keçirilən görüşünün yekununa dair açıqlamada əksini tapıb.

Açıqlamada qeyd olunur ki, bu azalma 2022-ci ilin oktyabrında qəbul olunmuş gündəlik 2 milyon barel azalmaya əlavə olacaq. Yəni hasilatı azaltmaq barədə qərar qəbul edən ölkələr hasilatı paylarına düşən kvotadan əlavə də azaldacaqlar.

OPEK+ ölkələri bu qərarı ABŞ bank sistemində böhran təhlükəsinin qaldığı, Çin iqtisadiyyatında bərpanın gözlənildiyindən ləng getdiyi, aparıcı iqtisadiyyatlarda mərkəz bankların faiz dərəcələrini artırmaqla resessiya təhlükəsini gücləndirdiyi bir dövrdə neft bazarındakı volatilliyə qarşı ehtiyat tədbiri kimi qəbul etdiklərini bildirirlər.

Onu da bildirək ki, hasilatın azaldılmasına dair məlumat bazar günündən elan olunub. Belə ki, Səudiyyə Ərəbistanı maydan başlayaraq gündəlik hasilatı 500 min barel, Birləşmiş Ərəb Əmirlikləri 144 min barel, İraq 211 min barel, Küveyt 128 min barel, Oman 40 min barel, Əlcəzair 48 min barel, Qazaxıstan isə 78 min barel azaldacaqlarını açıqlayıblar. Rusiya isə martdan tətbiq etdiyi 500 min barellik azalmanın ilin sonunadək davam edəcəyini açıqlayıb.

“Könüllü” təşəbbüsə qoşulanlar hasilatı hansı dövrə nəzərən azaldacaqlarını açıqlamayıblar. Lakin aparılan müşahidələr göstərir ki, fevral ayında OPEK+ ölkələri üzrə hasilat oktyabrda elan olunan kvotadan da aşağı olub.

Monitorinq komitəsinin toplantısından sonra mətbuata açıqlama verən Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib ki, OPEK+ razılaşmasının digər üzvləri də hasilatı azaltmaq təşəbbüsünə qoşula bilərlər: “İndiyədək 9 ölkə könüllü olaraq hasilatı azaldacağını açıqlayıb. OPEK+ razılaşmasına isə 23 ölkə daxildir. Bu gün biz prinsipcə, digər ölkələrin də könüllü azaltma təşəbbüsünə qoşulması məsələsini müzakirə etdik. Əlbəttə, əgər onlar bunu lazım bilərlərsə, çünki bu təşəbbüs sırf könüllülüyə əsaslanır”.

OPEK+ ölkələrin nazirləri neft bazarındakı vəziyyəti müzakirə etdi

Aydın məsələdir ki, OPEK+ ölkələrinin bəzilərinin hasilatı “könüllü” azaltması təşəbbüsünün arxasında bilavasitə Rusiya dayanır. 2022-ci ilin dekabrında - Avropa İttifaqı və G7 ölkələri Rusiya neftindən imtina edib, ona qiymət tavanı tətbiq etdikdən sonra Moskva öz məhsulunu dünya bazar qiymətindən 40 dollara qədər ucuz satmağa məcbur olub. Yanvar-fevralda Rusiya neftinin 1 barel 49 dollara satılıb ki, bu da büdcədə nəzərdə tutulan 70 dollardan 20 dollar aşağıdır. Martın sonuna Rusiya dövlət büdcəsi neft-qaz gəlirlərinin azalması nəticəsində 4 trilyon rubl kəsirlə icra olunub. Maliyyə naziri Anton Siluanov etiraf edib ki, bu ilin əvvəlindən bəri neft-qaz gəlirləri azaldığına görə büdcə xərclərinin bir qismini Milli Sabitlik Fondundan qarşılamalı olublar. Nəticədə 1-ci rüb ərzində fond vəsaitlərində azalma baş verib.

Fevral ayında Rusiya martın 1-dən başlayaraq gündəlik hasilatı 500 min barel azaldacağını elan etdi. Hasilatın azaldılmasına baxmayaraq, mart ayında neftin  dünya bazar qiymətinin 74-75 dollardan yuxarı olmaması Rusiyanın neft gəlirlərinin daha kəskin azalmasını şərtləndirib. Buna görə də martın ortalarından etibarən Rusiya OPEK+ razılaşmasının digər aparıcı ölkəsi olan Səudiyyə Ərəbistanı, həmçinin Birləşmiş Ərəb Əmirlikləri ilə intensiv danışıqlar aparmaqla hasilatın daha da azaldılması barədə “könüllü” təşəbbüsün meydana çıxmasına nail olub.

Rusiyanın getdikcə artan müharibə xərclərini qarşılamaq üçün neft gəlirlərinə kəskin ehtiyacı var. Onu bu gəlirlərdən daha çox məhrum etməyə çalışan ABŞ və Avropa İttifaqı OPEK+ ölkələrinin təşəbbüsünə ilkin reaksiyalarını açıqlayıblar.

OPEK+ ölkələri nazirlərinin qərarına Bakıdan REAKSİYA – Yeni Çağ Media

Avropa Komissiyasının nümayəndəsi Tim Makfi bu addımdan sonra təmsil etdiyi qurumun neft bazarındakı prosesləri yaxından izlədiyini bildirib. Onun sözlərinə görə, bu məsələ aprelin 4-də Brüsseldə keçiriləcək ABŞ-Avropa İttifaqı Şurası enerji iclasında müzakirə olunacaq. İclasda ABŞ dövlət katibi Entoni Blinken, Avropa İttifaqının xarici siyasət rəhbəri Jozef Borrel də iştirak edəcəklər.

Ağ Evin milli təhlükəsizlik şurasının nümayəndəsi bəyan edib ki, ABŞ administrasiyası neft istehsalçısı və istehlakçıları ilə OPEK+ ölkələrinin bu addımını müzakirə edəcək: “Bazardakı qeyri-müəyyənliyi nəzərə alaraq biz hesab etmirik ki, indiki dövrdə neft hasilatının azaldılması arzuolunan haldır”.

Ağ Ev rəsmisi bildirib ki, ABŞ hakimiyyəti Amerika istehlakçıları üçün qiymətə daha çox diqqət yetirir. O, son bir ildə benzinin qiymətinin kəskin azaldığını deyib: “Biz bütün istehsalçılar və istehlakçılarla enerjidaşıyıcılarının iqtisadi artımı təmin etməsi və Amerika istehlakçısı üçün qiymətlərin azalması üçün işi davam etdirəcəyik”.

"Bloomberg" agentliyinin yazdığına görə, OPEK+ ölkələrinin bu təşəbbüsü dünyada qlobal resessiya təhlükəsinə dair təşvişlərin artmasına səbəb olub. Bu isə son nəticədə yenidən neft bazarında qiymətlərin aşağı düşməsinə gətirib çıxara bilər: resessiya gözləntiləri artan zaman investorlar xammal, xüsusilə də neft ticarətinə daha az maraq göstərirlər. Bu isə bazarda qiymətlərin ucuzlaşmasına gətirib çıxarır.

Qeyd edək ki, hasilatın azaldılmasına dair məlumatlar neft bazarında qiymətlərin qısa müddətdə 86 dollaradək bahalaşmasına səbəb olub. Lakin aprelin 3-də günortadan sonra qiymətlər 84 dollar civarında qərarlaşıb.

Hasilatçıların qərarından sonra Goldman Sachs Brent neftinin 2023-cü ildəki orta qiymətinə dair proqnozunu 90 dollardan 95 dollara, 2024-cü il üzrə proqnozu isə 95 dollardan 100 dollara qədər artırıb. Bank analitikləri Çində iqtisadiyyatın bərpası, neftr emalında gəlirliyin yüksək olmasını bazar üçün pozitiv amillər kimi qeyd edirlər.

RBC Capital Markets LLC analitiklərinin fikrincə isə OPEK+ ölkələri onsuz da hasilat kvotasına tam əməl edə bilmirlər. Buna görə də hasilatın azaldılması real olaraq gündəlik 700 min bareldən yuxarı olmayacaq.

ABŞ-da OPEK+ ölkələrinin hasilatı azaltmaq qərarı xammal bazarlarında kartel sövdələşmələrinə dair qanunun tətbiqi çağırışlarını yenidən gücləndirib. Bu qanun qüvvəyə minərsə, ABŞ istehlakçıları razılaşma əsasında neft hasilatını azaldan ölkələr barədə məhkəmələrdə təzminat iddiaları qaldırmaq hüququ əldə edəcəklər.

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR