İnsanlara hürriyət, millətlərə istiqlal!

“Onların Azərbaycana qarşı həmlələri artacaq” - RƏY

779 10.10.2023 15:21 Siyasət A A

“BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı açıqlamasında Azərbaycan dövlətinin Qarabağda yaşayan etnik ermənilərə qarşı zorakılıq etmədiyini bildirib. Onlara qarşı insan hüquqlarının pozuntusu baş verməyib. BMT-nin rezident koordinatoru və beynəlxalq təşkilatlarının nümayəndələri Xankəndiyə səfər edən zaman bildirildi ki, əhalinin bölgəni təlaşla tərk etməsi təəccüblüdür. Eyni zamanda qeyd edildi ki, heç bir sivil obyekt hədəf alınmayıb. Xankəndidə əhaliyə qarşı qeyri-qanuni hərəkət baş verməyib”.

Bu fikirləri Musavat.com-a açıqlamasında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Günel Səfərova deyib.

GUNEL.jpeg (18 KB)

O, müxtəlif strukturların layihələr həyata keçirdiyini, əsas fəaliyyət istiqamətinin qadınlar, uşaqlar və başqaları ilə bağlı olduğunu vurğulayıb:

“Humanitar missiya siyasi missiyaya çevrilməməlidir. Şəxsən mən Azərbaycanla bağlı bir neçə beynəlxalq təşkilata müraciət etmişəm. Əsas məqam budur ki, azərbaycanlılar daha ağır faciələrlə qarşılaşıblar. O zaman sosial şəbəkələr olmadığına görə, faciələrin miqyasını heç kim təsəvvür edə bilmirdi. Rəqəmlər müqayisəedilməzdir. 1 milyon azərbaycanlı doğma yurd-yuvasından didərgin düşüb, məcburi köçkün olub. Başı kəsilmiş, dərisi üzülmüş uşaqların şəkillərini niyə paylaşmırdılar? Ermənilər isə rəqəmləri şişirdirlər, hətta bu halda Qarabağı tərk edən ermənilərin sayı 100 mini keçmir. Ermənilər Qarabağı maşınlarla tərk ediblər, azərbaycanlılar isə qış aylarında ayaqyalın qaçmağa məcbur ediliblər. Ən önəmlisi, Azərbaycan dövləti sivil əhaliyə müraciət edərək qala biləcəklərini, Azərbaycan vətəndaşı kimi yaşaya biləcəklərini bildirmişdi. 90-cı illərdə erməni silahlı qüvvələri azərbaycanlılara müraciət etməmişdi. Ermənistana aparılan azərbaycanlıları, Kəlbəcərdə, Xocalıda baş verənləri unutmamışıq”.

Günel Səfərova qeyd edib ki, beynəlxalq təşkilatların əksəriyyəti cəmi 30 il əvvəl soyqırıma uğramış xalqın qarşı tərəfə bu dərəcədə humanist yanaşmasından şokdadırlar:

“Digər konfliktlərlə müqayisədə Azərbaycan tərəfinin insani davranışını heç bir ölkə gözləmirdi. Bu günlərdə HƏMAS festivala gələn gəncləri, sivil vətəndaşları hədəf aldı. Azərbaycan isə nöqtə atışı ilə hərbi qüvvələri və obyektləri hədəfə almışdı. Əminəm ki, bir erməninin belə burnu qanasa idi, bu gün bütün dünya ondan danışardı. BMT-nin Təhlükəsizlik Şurasının iclasında xarici işlər naziri “faktları” əsaslandıran heç bir material ortaya qoya bilmədi. Azərbaycan isə baş verən bütün prosesləri sənədləşdirib. Əgər sülh prosesinə hazırlıq gedirdisə, bu qədər silah-sursat nəyə lazım idi? Ermənilərin sivil azərbaycanlıları hədəfə alması ilə bağlı beynəlxalq təşkilatların hesabatları var. Biz nə etsək də, Azərbaycana qarşı standartlar dəyişməyəcək. Biz erməni təəssübünün qarşısını ala bilməyəcəyik. Azərbaycan dövləti Qarabağda yaşayan ermənilərə lazımi təminat barədə söz vermişdi. Xankəndi ermənilərin sıx yaşadığı ərazi olub. İnfrastruktura diqqət etsək, görərik ki, bərbad vəziyyətdədir. Bu onu göstərir ki, ermənilər özlərini bölgəyə aid hiss etmirlər. Beynəlxalq təşkilatlar unutmamalıdırlar ki, onların mandatı siyasi mandat deyil. Azərbaycana bu cür münasibət onların reputasiyasına təsir edəcək. BMT-nin imicini zədələyən Ermənistan olub, çünki üzərinə götürdüyü öhdəliklərin heç birini həyata keçirməyib. Bu toplumun az sayda olan aydınları belə, yazıq obrazına etiraz edirlər. Beynəlxalq təşkilatlar humanitar missiyalarını həyata keçirə bilərlər. Sülh sazişi və s.-i isə dövlətlər öz aralarında həll edəcəklər. Regiona yad olan ölkələr buradakı konfliktlə bağlı aydın müfəssəl bilgiyə malik deyillər. Onlar nə Ermənistan, nə də Azərbaycanın tarixinə bələddirlər. Beynəlxalq təşkilatlar bilməlidirlər ki, Ermənistan monoetnik dövlət olduğu halda, Azərbaycanda etnik tərkib həddən artıq zəngindir. Xüsusilə, Azərbaycan ərazi bütövlüyünü bərpa etdikdən sonra beynəlxalq təşkilatların həmlələri olacaq. Bu həmlələrə qanun çərçivəsində cavab vermək lazımdır. Bəzi təşkilatlar gözləyirdilər ki, Azərbaycan qanun pozuntusu edəcək. Azərbaycan heç zaman beynəlxalq hüquq prinsipini pozmayıb və pozmayacaq”.

Qeyd edək ki, UNICEF-in “X” platformasındakı paylaşımında Ermənistana gedən uşaqlarda ciddi psixoloji narahatlıq əlamətləri müşahidə olunduğu yazılıb.

UNİSEF.jpeg (128 KB)

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR