İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkənin “dərman dərdi”nin dərmanı tapılacaqmı... - monopolistlərin yaratdığı fəlakətli durum

1414 31.03.2023 08:25 Gündəm A A

Aydın Əliyev: “Bu problemlərin həllinə sahibkarların da gücü çatmayacaq, avtomatik olaraq qiymətlər artacaq”

Azərbaycanın uzun zamandan bəri bitməyən və ən ciddi problemlərindən biri də dərmanlarla bağlıdır. Son vaxtlar bu məsələ daha da kəskinləşib. Ölkədə lazımlı dərmanların bir çoxu tapılmır, olanlar isə dünyadakı qiymətlərdən çox bahadır. Bununla bağlı artıq rəsmilər də həyəcan təbili çalır. “Bizim ölkədə qonşu ölkələrə baxanda dərmanların qiyməti 3-4 dəfə bahadırsa, nəyə görə dərman tapılmır?”

Bunu Milli Məclisin səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov “Dərman vasitələri haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı deyib. Ölkədə ən vacib olan dərmanları tapmaq qeyri-mümkündür. Biz şirkətlərə sual edirik, ölkədə dərman qiymətləri bu qədər bahadırsa, niyə o dərmanları gətirməkdə maraqlı deyillər?", - deputat əlavə edib.

Rəşad Mahmudov: Qüdrətimiz qarşısında bütün maneələr kiçik görünür - AZƏRTAC

 Rəşad Mahmudov

Deputat, Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov da bununla bağlı narahatlığını bildirib və qeyd edib: “Dərman istehsalı məsələsində biz xeyli geri qalmışıq. Səhiyyə naziri ilə danışıqlar olub, Ələt Azad İqtisadi Zonasında bir neçə əczaçılıq fabrikinin tikilib istifadə verilməsi nəzərdə tutulub. Məndə olan məlumata görə, artıq bununla əlaqədar İsrail, qardaş ölkə Türkiyə və digər dövlətlərdən mütəxəssislər də Azərbaycana gəlib. Yəni artıq bu işlərə başlanılıb. Ölkəmizdə bəzi tibbi ləvazimatların istehsalı var. Belə kiçik müəssisələrin sayı çox azdır”.

Əhliman Əmiraslanov: 20 Yanvar faciəsi beynəlxalq hüquqi məsuliyyətdən  kənarda qalmış hərbi cinayətdir - AZƏRTAC

 Əhliman Əmiraslanov

Komitə sədri bildirib ki, Azərbaycanın dərman bitki ehtiyatları var: “Bununla da bir çox dərmanları özümüz də istehsal edə bilərik. Zavod və fabriklərin yaradılması bu işə təkan vermiş olar. Xarici ölkələrdən asılılığımızı həll edə bilsək, həm dərmanların keyfiyyətinə, həm də qiymətlərin aşağı olmasına nəzarət etmiş olacağıq. Hazırda bu sahədə xaricdən asılı olduğumuzdan müəyyən problemlər yaşayırıq. Qiymətlərin yüksək olmasının obyektiv səbəbləri var. Özəl şirkətlər dərmanları aşağı qiymətə sata bilmədiklərindən ölkəyə gətirilməsində maraqlı deyillər”.

Deputat deyib ki, hazırda hökumət dərman vasitələri ilə bağlı yeni sənəd hazırlayır. Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi Milli Məclisin səhiyyə komitəsinin “Dərman vasitələri haqqında” Qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı dərmanların keyfiyyəti və çatışmazlığı ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib. Mərkəzdən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, ölkədə dərman vasitələrinin çatışmazlığı və onların keyfiyyəti barədə yayılan məlumatlardan xəbərdardırlar: “Analitik Ekspertiza Mərkəzinin (AEM) səlahiyyətinə ölkəyə rəsmi yolla idxal edilən dərman vasitələrinin sənədlərinin uyğunluğunun yoxlanılması, tərkibinin laborator analizi və idxal icazəsinin verilməsi daxildir. AEM laboratoriyasından keçən və Səhiyyə Nazirliyi tərəfindən nəzarət markası alan istənilən dərman vasitəsinin onun istehsalçısı tərəfindən içlik vərəqəsində qeyd edilən saxlanma şərtlərinə riayət edildiyi təqdirdə mərkəz tərəfindən onun keyfiyyətinə zəmanət verilir.

Bu məsələ ilə bağlı dəfələrlə əhaliyə müraciət edilib ki, apteklərdə qutusunda nəzarət markası və Azərbaycan dilində içliyi olmayan, respublikaya qeyri-qanuni yollarla gətirilən və ya gözlənilən təsiri olmayan hər hansı dərman vasitələri ilə bağlı bizə məlumat verə bilərlər. Belə hallarla rastlaşdıqda vətəndaş AEM-in “Bir pəncərə” sektoruna müraciət edə və ya “qaynar xətt”lə əlaqə saxlaya bilər. Həmçinin vətəndaşlar AEM-in pharma.az saytının MÜRACİƏT bölməsinə daxil olaraq, əldə edilən dərmanın qutusunun şəklini, alış çekini və alınan ünvanı yükləyərək ölkəyə qeyri-qanuni yolla gətirilən dərman vasitəsi barədə məlumat verə bilərlər. Belə olan halda AEM göstərilən əczaçılıq təşkilatında şikayətdə qeyd olunan dərman vasitəsi ilə bağlı araşdırma apararaq, müvafiq tədbirlər görür.

Ölkəyə dərman vasitələrinin gətirilməsinin sadələşdirilməsi barədə səsləndirilən fikirlərlə bağlı isə onu deyə bilərik ki, Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi icraedici orqandır və onun fəaliyyəti Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Əgər qanunvericilikdə dəyişikliklər olarsa, AEM də həmin dəyişikliklərə uyğun fəaliyyət göstərəcək".

Göründüyü kimi, rəsmi şəxs və qurumlar vəziyyətin ciddiliyini etiraf edir, həyəcan təbili çalırlar. Ölkədə dərman istehsalı isə perspektiv üçündür, bunu qısa zamanda həyata keçirmək mümkün deyil. Qısa zamanda vəziyyəti normallaşdırmağın yolunu isə ekspertlər bu sahənin inhisardan çıxarılmasında görürlər. Ölkədə dərman biznesi bir neçə nəfərin əlindədir və onlar istədikləri şərtləri diktə edib, insanları dərmansız da qoya bilirlər. Şəxslərin xaricdən özləri ilə dərman gətirməsinə də məhdudiyyətlər tətbiq olunmaqdadır.

6a07081914bac67b6f06f6f36ab6a06a.jpg (27 KB)

Aydın Əliyev

Farmakoloq-alim, dosent Aydın Əliyev də mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, hazırda dərman problemi olduqca aktualdır: “Bu problemin həlli də özümüzdən asılıdır. Əhliman müəllim də zavodların tikintisinə diqqət ayırıb. Mən də neçə illərdir ki, bu sözləri deyirəm ki, dərman zavodları mütləq işə düşməlidir. Əgər bu zavodlar işə düşməsə, biz qiymətlərin qalxması, bəzən cüzi azalması kimi hallara rast gələcəyik. Sırf xaricdən asılı vəziyyətə düşürük. Xaricdən asılı olmaq təkcə dərmanların maddi asılılığı da demək deyil.  O dərmanların keyfiyyətindən də asılı vəziyyətə düşürük. O dərmanlar adına uyğun keyfiyyətdə bizə gəlirmi? Tərkibi yazıldığı kimidirmi? Çox sayda problemlər var. Bu problemlərin hamısının qarşısında sahibkarların da gücü çatmayacaq. Avtomatik olaraq qiymətlərin artması baş verəcək. Digər tərəfdən, sahibkarların özləri də etiraf edirlər ki, ayrı-ayrı idarələrdən asılıdırlar. O asılılıqlar aradan götürülməlidir. Dərmanlar birbaşa ölkəyə gəlməlidir, bizim dərman ekspertiza idarəsindən keçəndən sonra apteklərə ötürülməlidir. Başqa heç kim bu dərmanların qarşısını kəsməməlidir. İnsanların özündə də fəallıq olmalıdır ki, aptekdə dərmanın qiymətini ona göstərsinlər. Tarif Şurasının onlayn təqdim etdiyi dərman qiymətlərini insanlar bilməlidirlər, hansı aptekin qiymət artırdığını ictimailəşdirməlidirlər”. 

Ekspert əlavə edib ki, zavodlar açılmalı və peşəkarlar bu işə cəlb edilməlidir: “Misal üçün, mən "Meksidol" adlı dərmanın həmmüəllifiyəm. 1985-ci il 13 dekabr SSRİ Səhiyyə Nazirliyinin Farmkomitetində 21 saylı protokol əsasında eksperimental adı “Oksipin” olan preparatın (“Meksidol”) epilepsiya əleyhinə psixiatriyada işlənməsinə icazə verilib. Bu, mənim tədqiqatım idi. Mən rus alimləri ilə birlikdə SSRİ-də ilk antioksidant preparatın həmmüəllifi oldum. Sintetik maddələr tez tətbiq olunmur, 1996-cı ildə Rusiya tətbiq etdi. Mən də həmin elmi işi 1987-ci ildə Bakıda müdafiə elədim. Bu dərman sovet hökumətində qaldı. Rusiya hökuməti öz alimlərinə 2003-cü ildə mükafat verdi. Mənə deyildi ki, bunun qiymətini öz hökumətin verməlidir. 70 yaşım var, mal-mülk istəmirəm ki, layiq olduğum adı versinlər. Bu sahədə çalışanlara dəyər verilməlidir. Azərbaycanın Tibb Universitetində kadr potensialımız var. Çıxış yolu zavodların açılmasıdır, bu bizə nə verəcək? İlk olaraq müvafiq mütəxəssislərimiz formalaşacaq. Mütəxəssislər var, amma birbaşa zavodla işləyən farmakoloqlar, əczaçılarımız, çox güclü alimlərimiz, kimyaçılarımız, fiziklərimiz olmalıdır. Güclü bitki floramız, faunamız var, nə qədər bizim imkanlarımız var. Akademiyanın Kimya İnstitutu var. Bunlar hamısı əlaqəli işləyə bilər. Bu zavodlarla, elmi axtarışlarla bir yerdə bir instituta ehtiyac yaranmalıdır. Farmakologiya elmi tədqiqat institutu yaradılmalıdır. SSRİ-də olub, Rusiyada var, bizdə də vacib lazımdır. Çünki əczaçılıqla farmakologiyanı camaat bəzən qarışdırır. Farmakoloq, farmakologiya dərman maddələrinin canlı insan orqanizminə təsir xüsusiyyətlərini öyrənir. Bu farmakoloqun işidir. Biz zavod açsaq, zavodun materiallarını hələlik xaricdən gətirsək də, yerli mallarımızı öyrənən, tədqiq edən əczaçılarımız, farmakoloqlarımız çox sayda problemlərimizi həll edər, iş yeri açılar, sağlamlığımızı təmin edər, elmi işlərimizi dünyada sübut edərik".

A.Əliyev onu da bildirib ki, bir dərman bir neçə adda satışdadır, belə olduqda bundan anormal olaraq istifadə olunur: “Təbii ki, bunlar düz deyil. Hər bir adda olan dərmanın öz qiyməti olmalıdır. Tərkib eynidirsə, müxtəlif satışlarla baha satırlarsa, onlara ayrı-ayrı qiymətlər qoyulmalıdır ki, bu qiymətlər aşağı düşsün. Bəzən deyirlər bu, artıma səbəb olar, bu belə deyil. Bir dərman ayrı-ayrı satılanda qiymət fərqi ortaya çıxmalıdır, həm də əhali də maariflənər ki, bu eyni dərmandır, adı dəyişib”.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR