İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə şəkər bu səbəbdən sürətlə bahalaşır

2130 06.04.2022 09:30 İqtisadiyyat A A

Ukraynadakı müharibə xammal idxalımıza çətinlik yaradır

Rusiyanın Ukraynaya hücumundan sonra qlobal çatdırılma zəncirində yaranan qırılmalar əksər ölkələrdə 2021-ci ildən başlanan bahalaşmanın daha da sürətlənməsinə gətirib çıxarıb. Bahalaşma ərzaq məhsullarında daha kəskindir.

Qlobal səviyyədə gedən bahalaşma prosesi Azərbaycandan da yan keçməməkdədir. Demək olar ki, hər həftə müxtəlif ərzaq məhsullarının qiymətində bahalaşma qeydə alınır. Belə məhsullardan biri də şəkər və şəkər tozudur. Kiloqramı 1 manat 30 qəpiyə satılan bu məhsul hazırda market fərqinə görə 1 manat 40 və 1 manat 50 qəpiyə təklif olunur. Hətta bəzi dükanlarda şəkərin olmaması ilə bağlı  məlumatlar yayılır.

Rəsmi statistikaya əsasən, Azərbaycanda şəkərdən ərzaq məhsulu kimi istifadə illik 260-270 min ton təşkil edir. Hazırda ölkənin istehsal müəssisələrinin bu həcmi təmin etmək potensialı var. Belə ki, Azərbaycanda şəkər və şəkər tozu istehsal edən bir böyük, bir neçə kiçik müəssisə fəaliyyət göstərir. Bugünlərdə İmişlidə yerləşən ən böyük şəkər zavodunun sahibi olan “Azərsun” Holdinq açıqlama yaydı ki, müəssisədə istehsal edilən şəkər tozu ölkənin daxili tələbatını ödəməyə kifayət edir. Hətta yayılan açıqlamada bildirilirdi ki, Azərbaycanda şəkər tozu ilə bağlı heç bir problem olmayacaq: “Kifayət qədər xammal ehtiyatı mövcuddur və istehsal prosesi plan üzrə davam edir. Müvafiq olaraq satış nöqtələri də tələbata uyğun olaraq şəkərlə təmin edilir. Yayılan xəbərlərin heç bir əsasının olmadığını bildiririk və bütün media mənsublarını belə bir həssas məqamda ajiotaja səbəb olmamağa çağırırıq”.

Azersun": Ölkədə şəkər tozu qıtlığı yoxdur

Azərbaycanda şəkər istehsalı 2016-cı ildə pik səviyyəyə - 430 min tona çatıb, 2017-ci ildən kəskin azalaraq 238,2 min tona düşüb. 2020-ci ildə istehsal  yenidən artmağa başlayaraq 258 min 434 tona, 2021-ci ildə isə  330 min tona yüksəlib. 2022-ci ilə Azərbaycan 16,5 min ton şəkər ehtiyatı ilə keçib.

Bu ilin yanvar-fevralında ölkədə qənd və şəkər tozu istehsalı keçən ilin eyni dövrü ilə müqayisədə 55,7 faiz artmaqla 38,3 min ton təşkil edib. Martın əvvəli üçün anbarlarda 19,8 min ton hazır məhsul olub.

2017-ci ildən ölkədə şəkər istehsalının azalması bu məhsulun idxalının artmasına səbəb olub. İllik 57-60 ton təşkil edən idxal 2020-ci ildə 180 min tona qədər yüksəlib. İxrac  isə 250 min tonlardan 65-70 min tona qədər azalıb.

2021-ci ildə Azərbaycan şəkər ixracını da kəskin artırıb. Belə ki, ötən il ağ şəkər və kimyəvi cəhətdən təmiz digər saxaroza idxalımız 18035,83 ton (9887,11 min dollar, 1 kq=0,55 dollar), ixracımız isə 59133,61 (32093,08 min dollar, 0,54 dollar) ton təşkil edib. İdxalımızın 5220,72 tonu Rusiyadan, 4012,29 tonu Ukraynadan, 8059,54 tonu Türkiyədən, 695 tonu Belarusdan və sair olub. İxracımızın 6828,3 tonu Qırğızıstana, 1101,53 tonu Rusiyaya, 3456 tonu Tacikistana, 46538,95 tonu Türkmənistana reallaşıb.

Bu ilin iki ayında 6 305.58 ton şəkər ixrac edərək 4 137.98 min dollar gəlir əldə etmişik. Yanvar ayında şəkər idxalımız 206,39 ton təşkil edib ki, onun da 203,25 tonu Ukraynadan gətirilib.

Təəssüflə qeyd edək ki, ölkəmiz şəkər istehsalını yerli xammal hesabına təmin etmək imkanında deyil. Belə ki, şəkər çuğunduru çox su tələb edən bitkidir, Azərbaycanda isə su ehtiyatları sürətlə azalır. Buna görə də dövlətin stimullaşdırıcı tədbirlərinə baxmayaraq, 2021-ci ildə ölkədə şəkər çuğunduru istehsalı əvvəlki illə müqayisədə 23,7 faiz azalmaqla 193,2 min ton təşkil edib. Bundan şəkər istehsalı üçün 25 min ton civarında xammal əldə edilib.

Buna görə də şəkər istehsalı üçün zəruri olan xammal - şəkər qamışı məhsulu xaricdən idxal olunur.  Xammal idxalı 2021-ci ildə kəskin artıb. Bu da dünya bazarında şəkərin qiymətinin yüksəlməsi nəticəsində ixracın stimullaşmasından irəli gəlir. Belə ki, 2021-ci ildə 303 min 669,39 ton şəkər qamışı xammalı idxal olunub. Bunun 279 min 974,35 tonu Braziliyadan, 23 min 661,06 tonu Meksikadan alınıb.  Müqayisə üçün qeyd edək ki, 2020-ci ildə bu məhsulun idxalı 155 min 673,84 ton təşkil etmişdi.

SOSXEBER.İNFO » AZƏRBAYCANDA ŞƏKƏR İSTEHSALI SIFIRA BƏRABƏRDİR

Azərbaycana həmçinin hazır şəkər və şəkər tozu da idxal edilir. Bu prosesdə Ukrayna, Rusiya və Türkiyədən idxal xüsusi yerə malikdir. Bu ölkələrdən Azərbaycana əsasən şəkər tozu, az miqdarda isə şəkər idxal edilir. Açıqlanan rəsmi statistikaya  əsasən, Azərbaycan 2021-ci ildə xarici ölkələrdən 18 min 36 ton şəkər idxal edib ki, bunun əsas hissəsi Türkiyənin (8 min 59 ton), Rusiyanın (5 min 220 ton) və Ukraynanın (4 min 12 ton) payına düşür.

Ukraynadakı müharibə üzündən fevralın sonlarından bu ölkədən məhsul ixracının həcminin bir neçə dəfə azalması qeydə alınıb. Eyni zamanda daxili tələbatı təmin etmək, qiymət bahalaşmasının qarşısını almaq üçün Rusiya hökuməti 2022-ci ilin sonuna qədər ölkədən şəkərin ixracına qadağa qoyub. Bu ölkədə yaranan böyük şəkər böhranından sonra Rusiya Antiinhisar Xidməti ölkənin ən böyük şəkər istehsalçısı olan “Prodimeks” şirkətinə qarşı cinayət işi qaldırıb. Xidmətin araşdırmaları göstərib ki, şirkətin anbarlarında kifayət qədər xammal və hazır məhsul olmasına rəğmən, pərakəndə ticarət şəbəkələri ilə əlbir olaraq satışa az məhsul çıxarıb. Nəticədə martın 5-11-də ölkədə şəkər tozunun qiymətində 12,8 faiz, şəkərin qiymətində isə 20 faizdən çox bahalaşma qeydə alınıb. Eyni zamanda məşhur ticarət şəbəkələrinin piştaxtalarından şəkər və şəkər tozu yoxa çıxıb, amma yoxlamalar zamanı anbarlarda külli miqdarda məhsulun olduğu aşkarlanıb.

Aprelin ilk günlərində qardaş Türkiyədə də şəkərin bahalaşması qeyd alınıb. Beləliklə, hazır şəkər idxal etdiyimiz 3 ölkədən 2-də ixrac dayanıb, birində isə qiymətlər yüksəlib.

Ukraynadakı müharibə yerli istehsalı təmin edən xammalın ölkəyə çatdırılmasında da çətinliklər yaradır. Düzdür, yanvar ayında şəkər qamışı xammalı idxalımız 4157,27 ton olmaqla problemsiz reallaşıb. Fevral-mart ayları üzrə statistika açıqlanmayıb, amma istehsalın artımı göstərir ki, xammal idxalında bu aylarda da çətinliyimiz olmayıb. Lakin mart ayından etibarən Ukraynadakı hadisələr fonunda şəkər xammalı idxalımızda çətinliklərin yaranması qaçılmazdır. Belə ki, Azərbaycanın uzaq xaricdən idxalı Qara dəniz limanları -Gürcüstan üzərindən reallaşırdı. Müəyyən qisim məhsullar isə Türkiyədən avtomobillə daşınırdı. Ukraynadakı hərbi əməliyyatlar, Rusiyanın bu ölkənin limanlarını mühasirədə saxlaması bütövlükdə Qara dənizə ticarət gəmilərinin daxil olmasını mümkünsüz etməkdədir. Bu isə Azərbaycana gələn yüklərin çatdırılmasında problemləri qaçılmaz edir. Hazırda yüklər Türkiyə limanlarına boşaldılmaqla, oradan yük avtomobilləri ilə Azərbaycana daşınır. Bu isə vaxt itkisi, həmçinin logistika xərclərinin artımı deməkdir.

Digər tərəfdən, şəkər qamışının ən böyük istehsalçısı olan Braziliyada görünməmiş quraqlıq 2021-2022-ci il mövsümündə bu məhsulun istehsalının son on ildə ən aşağı həddə - 568,4 milyon tona düşməsinə gətirib çıxarıb. Ötən il dünyada şəkər qamışı xammalının qiyməti 60 faizə qədər bahalaşıb. Braziliyada istehsalın azalması treyderlərin yönünü Hindistana və Taylanda çevirməsinə səbəb olub. Lakin bu ölkələr də tələbatın artmasını əsas gətirməklə 2022-ci ilin yanvarından qiymətlərdə 10 faizdən yuxarı artıma gediblər.

Azərbaycanın şəkər qamışı xammalı idxalında ikinci yeri tutan Meksikada isə yağışlı günlərin bolluğu məhsuldarlığın artmasına gətirib çıxarıb. Lakin qeyd etdiyimiz kimi, Ukraynadakı müharibə və Qara dəniz limanları ilə daşımaların dayanması Azərbaycanın şəkər qamışı xammalı idxalında çətinliklərə yol açır.

Qeyd edək ki, məhz Ukraynadakı müharibənin təsirlərini nəzərə alaraq Azərbaycan Nazirlər Kabineti mart ayında əsas ərzaq məhsullarının ölkədən ixracına məhdudiyyət tətbiq edib. Baş nazirin imzaladığı qərara əsasən ağ şəkər də daxil olmaqla, strateji ərzaq məhsullarının ölkədən ixracı yalnız İqtisadiyyat Nazirliyinin icazəsi ilə mümkün olacaq. Bu isə o deməkdir ki, şəkər ixracına yalnız ölkənin tələbatının tam ödənilməsindən sonra icazə veriləcək.

Məlumat üçün bildirək ki, 2020-ci ildə dünya şəkər istehsalı 166,18 milyon ton, 2021-ci ildə 182 milyon ton civarında olub. Bu həcmin 80 faizdən yuxarısı şəkər qamışından əldə olunur. Dünyada şəkər istehsalında birinci yerdə Braziliya, ikinci yerdə Hindistan, daha sonra Avropa Birliyi, Çin və Tayland gəlir.

Dünya Şəkər Təşkilatının proqnozuna əsasən, 2022-ci ilin sentyabrına dünyada şəkər ehtiyatlarının həcmi 3 milyon ton azalmaqla 95,3 milyon ton təşkil edəcək. Bu isə şəkərə olan qlobal tələbatı tam təmin etmək üçün yetərlidir.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR