İnsanlara hürriyət, millətlərə istiqlal!

Ölkədə “ağ ölüm”ün həvəskarları artır - SOS!

1636 16.03.2024 10:10 Gündəm A A

Ön tədbirlər niyə arzuolunan nəticələri vermir?; “İran üzərindən Azərbaycana daşınan böyük heroin partiyası orada yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz”

Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının işçi qrupu 2024-cü ilin yanvar-fevral ayları üzrə hesabat yayıb. Orada bildirilir ki, bu dövr ərzində qanunsuz dövriyyədən götürülmüş 1 ton 212 kq 963,32 qram narkotik vasitə və psixotrop maddələrin dəyəri 34 milyon 344 min manat təşkil edib.

Hesabata görə, ötən ilin yanvar-fevral ayları ilə müqayisədə aşkar edilmiş faktların sayı 55, satış faktlarının sayı 93, becərmə faktlarının sayı 6, qaçaqmalçılıq faktlarının sayı 7, qrup cinayətlər 8, məsuliyyətə cəlb edilmiş şəxslərin sayı 262 nəfər azalıb. Ancaq əvəzində satış məqsədi olmadan əldə etmə və saxlama halları 61 fakt artıb. Yəni ölkədə narkotik istehlakında (istifadəsində) artım qeydə alınıb.

Bundan əlavə, ölkədə narkotik vasitələrin qanunsuz dövriyyəsinin həcmi ildən-ilə artır. Belə ki, bu ilin 2 ayında dövriyyədən çıxarılan narkotik vasitələrin həcmi bir neçə il öncəki 6 ay ərzində çıxarılmış narkotik vasitələrin həcminə bərabərdir. 2020-ci ildə (bir il ərzində) Daxili İşlər Nazirliyinin xətti ilə dövriyyədən çıxarılan narkotikin həcmi (1 ton 873 kq) isə 2021-ci ilin 6 ayı ərzindəki narkotikin həcminə bərabər olub. 

Təəssüf ki, Azərbaycanda narkotiklərlə bağlı vəziyyət az qala milli fəlakət həddinə çatıb. Ölkədə narkomaniyanın artması göz önündədir. Eyni zamanda prosesə getdikcə daha çox gənclər cəlb olunur - bəziləri istehlakçı, bəziləri isə satıcı kimi. Həmçinin sosial şəbəkənin Azərbaycan seqmentində açıq ticarət halları var.

Son vaxtlar həmçinin ölkədə narkoman sürücülərin sayı artıb. Onların arasında marşrut sürücüləri də aşkarlanıb. 

Bəs qorxulu artımı şərtləndirən əsas səbəblər nədir? Narkotik istifadəsini minimuma endirmək mümkünmü? Qarabağ işğaldan azad ediləndən sonra Azərbaycana əsas narkotik tranzit yolları hansıdır? 

Arzu Nağıyev: Prezidentin apardığı siyasət hər bir Azərbaycan vətəndaşının  rifahına hesablanıb - AZƏRTAC

Arzu Nağıyev

Deputat, narkotiklərlə mübarizəyə “Qara kabus” adlı kitab həsr edən təhlükəsizlik məsələləri üzrə ekspert Arzu Nağıyev “Yeni Müsavat”a deyib ki, Azərbaycanın hüquq-mühafizə orqanları illərdir ki, bu istiqamətdə işlər görür, ölkə ərazisinə narkotiklərin daşınması, yayılmasının önlənməsi üçün addımlar atılır: “Bilinən faktdır ki, Avropaya daşınan narkotiklər, əsasən də heroin kimi ağır narkotik vasitə əsasən Əfqanıstanda istehsal olunur. İran Əfqanıstanla qonşudur və narkomafiyaların Əfqanıstan-İran-Azərbaycan-Avropa dövlətləri marşrutundan istifadə etmələri illərdir ki, məlumdur. Bu axın Azərbaycanda istehsalın, istehlakın nə qədər olmasından asılı məsələ deyil. Marixuanaya gəldikdə isə bu narkotik tərkibli bitki əsasən ölkə daxilində becərilir. İldən-ilə böyük partiyada ağır narkotiklərin tutulması onu deməyə əsas verir ki, Azərbaycan hüquq-mühafizə orqanlarına əməliyyat məlumatları əvvəlki illərə nisbətən daha çox daxil olmağa başlayıb. Hiss olunur ki, tutulan mallar Azərbaycan üçün deyil, məhz Avropa üçün nəzərdə tutulub. Bu gün qara bazarda 1 qram kokainin qiyməti 400 dollar, eyni çəkidə heroinin qiyməti isə 170 manatdır, yəni 100 dollardır. Əvvəllər 1 qram heroini 5 nəfər istifadəçi alırdısa, hazırda 1 qram heroin 7 hissəyə bölünərək satılır. Ölkə ərazisində qanunsuz dövriyyədən çıxarılan narkotik və psixotrop maddələrin azalması da təsdiq edir ki, Azərbaycan İranla sərhədini möhkəmləndirib. Əvvəllər narkotiklər əsasən Balkanlar üzərindən daşınırdı. Balkanlarda müharibə qızışdığına görə marşrutu cənub və şimal istiqamətinə dəyişdilər. İran, Rusiya, Azərbaycan, Gürcüstan ərazilərindən istifadə edilərək Avropaya narkotik daşımaları həyata keçirilməyə başladı. Bu marşrutlar hansısa ölkənin razılığı və ya narazılığı ilə seçilmir. Bu marşrutları narkobaronlar, həmin trafikə nəzarət edənlər müəyyən edir. Onlar bir-iki dəfə marşrutu yoxlayırlar. Əfqanıstandan Avropaya narkotik daşıyanların yeni - "Şimali Balkan yolu" adlandırdığı marşrut məhz Azərbaycandan keçirdi. Əfqanıstan, İran, Azərbaycan, Gürcüstan və Qara dəniz vasitəsilə Bolqarıstana daşınırdı. Hazırda sərhədlərin möhkəmləndirilməsi daşımaları xeyli çətinləşdirir.

Köhnə Balkan marşrutu isə İrandan birbaşa Türkiyəyə yönəlirdi. İrandan Türkiyəyə toplanan heroin ya İstanbul vasitəsilə Bolqarıstana, ya Anadolu boyunca - Egey dənizi və Yunanıstana, ya da Hakkaridən şimala - Qara dəniz və Ukraynaya daşınır. Almaniya, İtaliya, Hollandiya, Britaniya bazarlarına heroin məhz bu marşrutlarla gedirdi. Azərbaycanın Qarabağ zonası işğal altında olarkən qanunsuz narkodəstələr həmin ərazilərdə müəyyən laboratoriyalar da saxlayırdı. BMT-nin hesabatlarında bu haqda məlumatlar keçmişdi. 44 günlük Vətən müharibəsinə qədər Dağlıq Qarabağ heroin trafikində önəmli yer tuturdu. BMT-nin Narkotiklər və Cinayətlə Mübarizə Təşkilatının hazırladığı “Dünya Narkotiklər hesabatı”nda bildirilirdi ki, Qafqazda və regionda separatçı rejimlərin nəzarətində olan ərazilər - xüsusən də Dağlıq Qarabağ və Abxaziya heroin trafikində önəmli yer tutur. BMT-nin narkotiklərlə bağlı hesabatına görə ümumilikdə Avropaya daşınan heroin satışından gələn illik gəlir 20 milyard dolları aşır. Bu rəqəm hər il artır. 

Bu yerdə rusiyalı hüquqşünas və politoloq Oleq Kuznetsov 2021-ci ildə “İnterfaks”a müsahibəsində demişdi ki, İran üzərindən Azərbaycana daşınan böyük heroin partiyası orada yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz... İran ərazisindən Azərbaycan ərazisinə keçməyən heroinin hipotetik miqdarını nəzərə alsaq, başa düşməliyik ki, orada xaşxaş əkinləri onlarla deyil, minlərlə hektar ərazini əhatə etməlidir. “Məhsulu” emal etmək üçün laboratoriyalarda yüzlərlə və hətta minlərlə insan çalışır. Yəni xam tiryəkin kimyəvi emalı üçün laboratoriyalar və ya hətta fabriklər də daxil olmaqla, yaxşı qurulmuş bir sistem fəaliyyətdədir. Bu bir biznesdir. Və bu mövzuda 2-ci fərqli fikir ola bilməz".

Həbsdəki keçmiş icra başçıları azadlıq yolunda

 Natiq Ələsgərov

“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, narkomaniya və narkobiznesə qarşı mübarizənin əsas məqsədi insanları narkotik vasitələrdən uzaqlaşdırmaq və narkobiznesin yayılmasının qarşısını almaqdır: “Çox təəssüf ki, xüsusilə gənc nəsil narkotik vasitələrin təhlükələri, onların istifadəsinin ciddi nəticələrini tam olaraq dərk etmirlər. Bu baxımdan müntəzəm maarifləndirmə mühüm əhəmiyyətə malikdir. Cəmiyyətdə "ağ ölüm" adlanan narkotiklə mübarizənin inkişafı və yayılması, insanların maarifləndirilməsi üçün narkotik vasitələrin tərkibi ilə birbaşa və ya dolayı yolla beyinin funksiyalarını dəyişdirən və buna bağlı olaraq fiziki və psixi sağlamlığı təhdid edən maddə olması təlqin edilməli, fəsadlarının ciddiliyi, həyat, birgəyaşayışa çox ciddi zərbələr vurduğunu dönə-dönə izah etmək vacibdir. Hər bir gənc bilməlidir ki, narkotiklər fiziki sağlamlığın pozulması və insanın sinir sisteminin alt-üst olması, müxtəlif nevroz hallarını şərtləndirir. Narkotik maddələr qan dövranına da təsir edərək qanda oksigen və digər maddələrin orqanlara normal çatdırılmasını məhdudlaşdırır. Bu da orqanların və sistemlərin normal funksiyalarının pozulmasına və uzunmüddətli sağlamlıq problemlərinin yaranmasına səbəb olur. Narkotik vasitələrin psixi sağlamlıqla yanaşı, sosial həyata vurduğu zərərlər də acınacaqlıdır.  Narkotik vasitələrdən istifadə yalnız fiziki sağlamlığa deyil, həm də sosial və iş həyatında problemlərə gətirib çıxarır. Narkotiklərə olan asılılıq insanların sosial və iş həyatını da alt-üst edir. İş həyatında iş qabiliyyətinin və qərarvermə qabiliyyətinin azalması, həyat yoldaşı, ailə üzvləri və dostlarla problemlər yaranmasına da səbəb olur. Kişi-qadın münasibətlərinin pozulması, ailələrin dağılması, boşanma halları da narkotiklərin acı fəsadlarıdır. Bu halda şəxsin cinayətə cəlb olmaq mərhələsinə belə gəlib çıxması da istisna deyil və bunun da nəticələrini kifayət qədər görmüşük. Xüsusi olaraq diqqətə çatdırmalıyıq ki, narkotik vasitələr həm də istifadəçilər üçün maliyyə problemlərinə səbəb olur və bu, çox vaxt cinayətə cəlb edilməklə nəticələnir".

Natiq Ələsgərov bildirib ki, narkotik kimi zərərli vərdişlərdən uzaq olmaq üçün hər bir şəxs vaxtını idman, təhsil, sənət, rəqs və bu kimi faydalı məşğuliyyətlərə sərf etməlidir. 

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR