İnsanlara hürriyət, millətlərə istiqlal!

O metrodan bizdə niyə yoxdur

2254 24.01.2023 09:23 Yazarlar A A

Yaxud “bir millət-iki metro”

Türkiyədə, İstanbulda hava limanına metro xətti çəkdilər. Bu, böyük şəhər üçün olduqca qiymətli hadisədir. Açılışına Ərdoğan şəxsən qatıldı. Turizmin inkişafına, lap elə yerli əhalinin rahatlığına bu xəttin misilsiz təsirləri olacaqdır. Çünki çağdaş dünyada böyük meqapolisləri hava limanları ilə birləşdirən ictimai nəqliyyatsız faktiki mümkün deyil. Çox Avropa şəhərlərində belədir. Şəhərin mərkəzində metroya minirsən, birbaşa hava limanında uçağa minik salonuna çıxırsan. Bəs bizdə necədir? Kərəmi çağırın, ağlasın.

Bizim başbilənlər, metronun korrupsioner müdiri Tağı müəllimin rəhbərliyi altında uzun illər millətin gözünə kül üfürdülər. Metronun yenilənməsini istəyəndə adətən xalqa rəngli xəritələr göstərirdilər. Filan yerə qədər metronu uzadacağıq, metro oradan girib buradan çıxacaq, yalan olmasın, bəlkə Şəkiyə metro çəkdik. Başqa ölkələr real iş görürdü, bizə şəkil və xəritə göstərirdilər. Balaca uşağı konfet kağızı ilə aldatmaq kimi. Yenə Tağı mürəxxəs ediləndən sonra millət bir-iki təzə stansiya gördü, əvvəl onlar da yox idi. Deməli, bu adam metroda yeniliyin qarşısını kəsirmiş. Ancaq yenə ümumi durum dəyişməyib.

Bakı hava limanına getmək-gəlmək üçün insanlar taksi tutmağa məcburdur. Nabələd şəxslərə, turistlərə o nainsaf, turizm düşməni taksiçilər, sizcə, nə qiymətlər oxuyur? Şəxsən məndən 30 manat istəyiblər. Turist olmadığımı biləndə 10 manata düşüb, axırı 8 manata “Koroğlu” metrosuna qədər gəlmişik. Ancaq internetdən, turistik bloqlardan xəbərim var ki, orada xaricilərdən hətta 60 manat da istəyənlər var. Alternativ isə yoxdur. Yalnız hər saatda 1 dəfə “28 May”dan hava limanına “ekspress” adlı avtobus çıxır. Əcaib bir şeydir. Avtobus getdisə, 1 saat gözləməlisən. Belə şeylər Azərbaycan haqda xoş təəssürat yaratmır - yumşaq yazsam.

“Koroğlu”dan hava limanına 14 kilometrdir. İstanbuldakı metro-hava limanı məsafəsi isə 37 kilometr. İki dəfə qısa məsafəmiz var. Relyefimiz də orada çox əlverişli, düzənlik, düppədüz ərazidir. Ancaq bizdə metronu hava limanına birləşdirmək heç kimin marağında deyil. Çünki taksilər də hansısa oliqarx-məmurun balansındadır. Çünki bizdə uçmaq da hər yerdən bahalıdır. Sən təyyarəyə bilet alanda təkcə uçuşun, yükün-filanın dəyərini ödəmirsən. Eyni zamanda bu işlərə baxan məmurun saxlanması xərclərini də ödəyirsən.

Ona görə bizim işimiz Allaha qalıb, onun da başı bu saat kitabını İsveçdə yandıranlara qənim olmağa qarışıbdır. Keçən il Türkiyədə inflyasiya 75 faizədək qalxmışdı, milli valyuta çox pis duruma düşmüşdü. Bizdə rəsmi informasiyaya inansaq, 14 faiz idi. Lakin Türkiyəyə dolanışıq ardıyca və Vasif müəllimin əlindən qaçaraq gedən naxçıvanlıların kütləvi qayıdışını izləyən oldumu? Olmadı. Çünki belə şey yoxdur. Heç kəs Türkiyəni atıb Naxçıvana qayıtmadı. Camaat bahalığa baxmayaraq qanunun nisbətən üstün olduğu yeri seçir. Alternativlər olan yeri seçmək insanın təbiətindədir, instinktlərimizə milyon illər boyunca həkk edilibdir.

Yazıya nöqtə qoymazdan öncə maraq üçün internetdə metro yeniliklərimizi axtardım. Bilirdim ki, yenə orada yaxşı xəyalplovlar dəmləyiblər. Zənnimdə yanılmamışdım. 17 yanvara aid xəbərdə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin adından sevgili xalqımıza müjdə verilirdi: “2040-cı ilədək metro xətləri şəbəkəsinin ümumi uzunluğunun hazırkı 36,7 km-dən 76.2 km-ə, stansiyaların sayının isə 25-dən 51-ə çatdırılması nəzərdə tutulur”.

Deyəsən, mən bu xəbəri elə qırx ildir oxuyuram. Bundansa metronun içində yonca əksəydilər. Eşşək saxlayardıq, minib aeroporta gedərdik...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR