İnsanlara hürriyət, millətlərə istiqlal!

Dəhşətli isti xəbərdarlığı - işlər dayandırılmalıdır?

1171 24.07.2026 16:50 Ölkə A A

Azərbaycanda həftəsonu gözlənilən kəskin istilər həm vətəndaşların sağlamlığı, həm də əmək şəraiti ilə bağlı ciddi narahatlıq yaradıb.

Milli Hidrometeorologiya Xidmətinin proqnozuna görə, bəzi bölgələrdə havanın temperaturu 41 dərəcəyə qədər yüksələcək. Bununla əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə yanğın təhlükəsinə qarşı diqqətli olmağa çağırış edib. Onu da qeyd edək ki, hava şəraiti ilə əlaqədar əmək qanunvericiliyi işəgötürənlər üçün də konkret öhdəliklər müəyyənləşdirir.

Bəs belə isti hava şəraitində işçilərin hansı hüquqları var? İşəgötürənlər hansı hallarda işi dayandırmağa borcludurlar? Qanun pozularsa, məsuliyyət necə müəyyən edilir?

Picture background

Mövzu ilə bağlı Əmək Hüquqları Liqasının sədri Sahib Məmmədov Musavat.com-a  deyib ki, əslində bu məsələ hər il yay mövsümündə, havaların kəskin istiləşdiyi dövrdə gündəmə gəlir:

"Biz də dəfələrlə bununla bağlı izahat vermişik. Məsələ ondan ibarətdir ki, ümumiyyətlə, havanın temperaturunun süni şəkildə tənzimlənməsinin mümkün olmadığı iş yerlərində temperatur müəyyən həddə çatdıqda iş dayandırılmalıdır. Azərbaycan qanunvericiliyinə əsasən bu hədd 41 dərəcə selsidir.Lakin elə iş sahələri var ki, onların tamamilə dayandırılması mümkün olmur. Belə hallarda işəgötürən işçilərin sağlamlığını qorumaq üçün zəruri tədbirlər görməlidir. Məsələn, işçilər texniki təhlükəsizlik qaydalarını pozmamaq şərti ilə xüsusi yüngül geyimlərlə təmin edilməlidirlər. Eyni zamanda, onları günəş şüalarından qorumaq üçün həsir şlyapalar və digər uyğun qoruyucu vasitələr təqdim oluna bilər. Bundan başqa, işçilərə tez-tez fasilələr verilməli, açıq havada görülən işlər zamanı iş yerinin yaxınlığında kölgəliklər və ya çətirlər quraşdırılmalıdır ki, onlar fasilə zamanı istirahət edə, sərinləşdirici içkilər — ayran, qazsız və ya qazlı sərin su qəbul edə bilsinlər. Məqsəd işçilərin günvurma və ya istivurma riski ilə üzləşməsinin qarşısını almaqdır. Bütün bunlar qanunvericilikdə öz əksini tapıb və işəgötürənlərin vəzifələri sırasında yer alır".

Ekspert bildirib ki, bununla belə, praktikada bu tələblərə hər zaman əməl olunmur: "Təəssüf ki, praktikada çox vaxt fərqli mənzərə ilə qarşılaşırıq. Görürük ki, açıq havada, günün ən isti saatlarında asfalt döşəyən, tikinti və digər infrastruktur işlərində çalışan insanlar heç bir əlavə qoruyucu tədbir olmadan fəaliyyət göstərirlər. Belə hallarda işçilər günvurma və ya istivurma keçirməsələr belə, uzun müddət intensiv günəş şüalarının təsiri altında qaldıqları üçün orqanizmlərinə ciddi ziyan dəyir. Bunun mənfi nəticələri isə uzunmüddətli perspektivdə özünü göstərir. Əslində belə olmamalıdır. Qanunvericilik bu məsələləri kifayət qədər aydın şəkildə tənzimləyir. Problem qanunların olmamasında deyil, onların praktikada tam və effektiv şəkildə tətbiq edilməməsindədir".

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR