İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə növbədənkənar, niyə 7 fevral?

3561 08.12.2023 11:16 Siyasət A A

 

İlham Əliyev xalqdan ən yüksək şəkildə “etibar səsi” gözləyir və  bu, belə də olacaq; Prezident yeni çağırışları komandasında tətbiq etmək, ASAN hakimiyyət modelini formalaşdırmaq üçün hər şeyi öz seçkisi ilə başlayır...

Azərbaycanda növbədənkənar Prezident seçkisi elan edildi. Prezident İlham Əliyev bununla bağlı sərəncam imzalayıb. Sərəncamla növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisi elan edilib. Sərəncama görə, Mərkəzi Seçki Komissiyası növbədənkənar Azərbaycan Respublikası Prezidenti seçkisinin 2024-cü il fevralın 7-nə təyin olunmasını və Azərbaycan Respublikasının Seçki Məcəlləsində müəyyən edilmiş qaydada keçirilməsini təmin etməlidir.

Qeyd edək ki, Azərbaycanda sonuncu Prezident seçkisi 2018-ci il aprelin 11-də keçirilmişdi. Maraqlıdır ki, həmin seçki də növbədənkənar olmuşdu. Belə ki, Azərbaycan Konstitusiyasına əsasən, 2018-ci ildə Azərbaycan ərazisində Prezident seçkisi oktyabrın ayının ikinci çərşənbə gününə, yəni oktyabrın 10-na təyin edilməli idi. Ancaq Azərbaycan Prezidenti İlham Əliyevin 5 fevral 2018-ci il tarixli sərəncamına əsasən, 2018-ci il aprelin 11-də növbədənkənar Prezident seçkisinin elan edilməsi qərara alındı.

Siyasi analitiklər seçki tarixinin bu dəfə də təxminən 1 il iki ay önə çəkilməsini ölkədəki yeni reallıqlarla əlaqələndirirlər. Ərazi bütövlüyünün və suverenliyin tam bərpa edilməsi həm Azərbaycanda, həm də ölkəmizin daxil olduğu regionda yeni durum yaradıb. Bu reallığa uyğun yeni siyasət yürüdülməsi tələb olunur. Hakimiyyət və dövlət maraqlarına uyğun, məntiqli qərardır.

Prezident əslində Milli Qəhrəman kimi qəbul edildiyi zamanda seçkiyə gedir. Öz xalqından ən yüksək şəkildə “etibar səsi” gözləyir və  bu, belə də olacaq. Üstəlik, zəfəri, yenilənməni, yeni çağırışları komandasında tətbiq etmək, ASAN hakimiyyət modelini formalaşdırmaq üçün hər şeyi öz seçkisi ilə başlayır. Prezident Əliyev Yeni Azərbaycana məhz 24-cü ilin fevralında start verəcək kimi görünür. O, vətəninin ən böyük problemini həll etdi, işğaldakı torpaqları qaytardı, Qarabağı düşməndən təmizlədi. Xarici siyasətdə və diplomatiyada xarüqələr yaratdı, Böyük Qayıdışa start verdi. 

Prezident Əliyev Türk Dünyasının toparlanması (Ankara və Bakı mərkəzli), inteqrasiyası üçün də böyük və tarixi işlər gördü. İndi də Zəfərdən sonrakı yeni və yenilənmiş iqtidarla yeni Azərbaycanı inşa etməyə, daxili siyasi konfiqurasiyaları oturtmağa qərar verib. Millətimizə də fürsət yarandı: xalq öz gerçək milli qəhrəmanına təkrar güvən səsi vermək, ona təşəkkür etmək  üçün prezident seçkisində Azərbaycan tarixində görünməmiş ən yüksək qatılımı və  səsi tarixə yazacaq.

2024-cü ilin dövlət büdcəsində Mərkəzi Seçki Komissiyasına (MSK) seçkilərin keçirilməsi və statistika tədbirləri üçün 110 milyon 935 min manat ayrılması nəzərdə tutulub. Bu, 2023-cü ilin dövlət büdcəsindən eyni istiqamətə ayrılan vəsaitlə müqayisədə 2.3 dəfə çox vəsait deməkdir. Növbədənkənar Prezident seçkisinin təyin olunmasını və 2024-cü ilin dekabrında bələdiyyə seçkilərinin keçiriləcəyini nəzərə alsaq, vəsaitin iki dəfə artırılmasının səbəbi aydın olur. Bəzi siyasi ekspertlərin fikrincə, bələdiyyə seçkiləri ilə eyni vaxtda referendum da keçirilməsi istisna deyil. 

Prezident seçkisinin 1 il iki ay önə çəkilməsini zəruri edən amillərə gəlincə, siyasi ekspertlər və siyasətçilərin böyük əksəriyyətinin bu barədə fikirləri demək olar üst-üstə düşür. Hər kəs bu mövqedədir, növbədənkənar seçkiyə gedilməsi tamamilə doğru və lazımlı addımdır.  

Elxan Şahinoğlu: "Putin “taxıl sazişini” uzatmaq istəmir"

Elxan Şahinoğlu 

Politoloq Elxan Şahinoğlu hesab edir ki, Prezident İlham Əliyevin 2024-cü ilin 7 fevral tarixində növbədənkənar prezident seçkisinin keçirilməsi haqda sərəncamı iki amillə əlaqəlidir: “Birinci amil əlbəttə ki, Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin tam bərpasıdır. İkinci amil 2024-cü ildəki geosiyasi vəziyyətlə əlaqəlidir. Cənubi Qafqazda və Azərbaycanda maraqları olan mərkəzlərdə - Rusiya, ABŞ və Avropa İttifaqında da 2024-cü ildə seçkilər keçiriləcək. Böyük oyunçuların başlarının öz seçkilərinə qarışacağından istifadə edilərək Azərbaycanda da seçkini keçirməyə üstünlük verilib. Bu halda, Azərbaycanda prezident seçkisinin keçirilməsi üçün  2025-ci ili gözləməyə ehtiyac yoxdur”.

Elçin Mirzəbəyli: Ermənistan tarixinin ən acınacaqlı günlərini yaşayır -  "İki sahil"

Elçin Mirzəbəyli 

BAXCP sədrinin müavini, politoloq Elçin Mirzəbəyli bildirdi ki, yalnız özünə güvənən güclü liderlər növbədənkənar seçkiyə gedə bilərlər. Müddətin bitməsinə xeyli qalmış bu addımın atılması həm də Azərbaycan Prezidentinin iradəsinin, qətiyyətinin, prinsiplərinin və bütövlükdə Azərbaycan xalqı, dövləti ilə bağlı gələcəyə olan baxışının ifadəsi kimi dəyərləndirilə bilər: “Qənaətimə görə, seçki böyük bayram əhval-ruhiyyəsində keçəcək. Bu, sıradan seçki olmayacaq. Tariximizə düşəcək, əbədiyyətə qədər qalacaq seçki olacaq. Səbirsizliklə prosesin başlamasını gözləyirəm. 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərindən sonra Azərbaycanın suverenliyinin bütün ərazilərimizdə bərpa olunması ilə regionda, o cümlədən bütövlükdə ölkəmizdə yeni reallıqlar yaranıb. Əvvəla, Azərbaycan bütövləşib. Bu, təkcə, müstəqillik dövrümüzün deyil, tarixin önəmli səhifələrindən biridir. Azərbaycan separatizmin kökünü kəsə bilib. Bu reallıq müasir Azərbaycanda tamamilə yeni mənzərə formalaşdırıb. Azərbaycan xalqının milli iradəsi hər zaman aşkar olub. Yenidən bu iradənin ifadə olunması bizim gələcəyə baxış bucağımızın, Azərbaycanın gələcəyi ilə bağlı strategiyanın dəstəklənməsinin növbəti nümayişi, vahid mövqeyimizin ifadəsi olacaq. Bunu həm də bütöv Azərbaycanın milli iradəsinin təntənəsi kimi qəbul etmək olar”.

İlham Əliyev növbəti dəfə güclü bir gediş etdi” - AMİP sədri Arzuxan Əlizadə

Arzuxan Əlizadə

AMİP sədri Arzuxan Əlizadə isə bildirdi ki, Azərbaycan Prezidenti növbəti dəfə çoxlarının gözləmədiyi bir gediş etdi: “Ölkə ictimaiyyətində Azərbaycanda referendumun keçirilməsi ilə bağlı müzakirə mövzusu idi. Hesab olunurdu ki, referendumla konstitusiyaya bir sıra ciddi dəyişikliklər ediləcək və bundan az sonra növbədənkənar parlament seçkiləri keçiriləcək. Amma Prezident bütün bu ehtimalları qabaqladı və ilk olaraq prezident seçkisinin keçirilməsi ilə bağlı qərar verdi. Hesab edirəm ki, bu qərarın verilməsini şərtləndirən bir sıra amillər var. Bu amillərin içərisində başlıcası ondan ibarətdir ki, Azərbaycan 1991-ci ildə müstəqillik əldə eləyəndən sonra ilk dəfədir tam olaraq ərazi bütövlüyünü və bütün ərazisində suverenliyini bərpa eləmiş olub. Ölkədə separatizmə son qoyulub, ölkə sərhədləri ilk dəfədir ki, müstəqillik əldə eləyəndən sonra tam olaraq Azərbaycanın nəzarəti altındadır və bununla da təkcə ölkədə deyil, eləcə də regionda yeni situasiya formalaşıb. Bütün bu yeni situasiyanın formalaşmasının əsas müəllifi də heç şübhəsiz ki, Azərbaycan Prezidenti İlham Əliyevdir. Etiraf eləmək lazımdır ki, İlham Əliyevin reytinqi hazırda heç zaman olmadığı qədər yüksəkdir. Və belə bir dövrdə xalqın daha da çox etimadını qazanaraq Azərbaycan Prezidenti ciddi islahatlara gedilməsini hədəfləyir. Mən bu cür düşünürəm. Özünün hazırkı reytinqindən istifadə edərək, xalqın daha böyük hissəsinin səsini qazanaraq u islahatlara gedilməsi, xüsusilə idarəetmə sistemində ciddi dəyişikliklərə gedilməsi hədəflənir. Ehtimallarımız hələ ki bundan ibarətdir. Gözlənilməz gediş olmaqla, çoxlarını təəccüblənirməklə Azərbaycan Prezidenti növbəti dəfə güclü bir gediş etdi. Bunun nəticələri də 7 fevralda seçki keçiriləndən sonra daha əhatəli şəkildə hiss olunacaq”.

Elman Məmmədov: “Xocalı abidəsi rəsmi protokola salınsın”

Elman Məmmədov

Yeni Azərbaycan Partiyasının deputatı Elman Məmmədov isə  bildirib ki, “nəyə görə Azərbaycan növbədənkənar seçkiyə getdi” sualı çox maraqlı olsa da, bu barədə hələlik dəqiq bir şey demək istəmir. Ancaq cənab Prezident sərəncam imzalayıbsa və seçkilər təyin olunubsa, deməli, belə də lazımdır: “YAP bu seçkilərə gedəcək və həmişə olduğu kimi, yenə də qalib olacaq. Bəri başdan hər kəs bu barədə fikrini səsləndirsə də, mənim bu mövzu ilə əlaqədar fikrim fərqlidir. 30 ildən çox işğal altında olan Azərbaycan torpaqlarını azad etməyi bacaran qalib, müzəffər Ali Baş Komandan, cənab Prezidentimiz İlham Əliyevi mən bu seçkidə qalib görmək istəyirəm. Qəti surətdə əminəm ki, belə də olmalıdır və olacaq. Nəticədə İlham Əliyev yenidən Prezident seçiləcək. Təbii ki, hər seçkidə iştirak edən siyasi partiyaların və namizədlərin seçki proqramları və platformaları olur. Yəqin ki bu seçki öncəsi də seçkidə iştirak edəcək tərəflər, o cümlədən biz də hakim partiya olaraq proqramımızı bəyan edəcəyik. Bu proqram da ancaq inkişaf və doğru addımlardan ibarət ola bilər. Biz yeniliklər və islahatları proqramımızda göstərəcəyik”.

Ölümlə hədələnən Tural Abbaslı ilə bağlı DİN araşdırmaya başlayıb -  GlobalInfo.az

 Tural Abbaslı 

AĞ Partiyanın sədri Tural Abbaslı isə Azərbaycanda növbədənkənar prezident seçkisinin elan edilməsinin onun üçün gözlənilməz olduğunu bildirdi: “Təbii ki, namizəd kimi iştirakın tərəfdarıyam”.

AĞAMALI Fəzail Rəhim oğlu

Fəzail Ağamalı

Ana Vətən Partiyasının sədri, deputat  Fəzail Ağamalı isə bildirdi ki, Prezident seçkisi ilə bağlı sərəncamın qəbul edilməsi və onun yerinə yetirilməsinə zərurət var: “Prezident seçkisi 2025-ci ilin aprel ayında keçirilməli idi, cənab Prezident bunu önə çəkdisə, yəqin ki, buna ciddi tarixi və siyasi zərurət yaranıb. Çox böyük məmnuniyyətlə bu tarixi günə hazırlaşmalıyıq. Möhtərəm cənab Prezidentin bir daha növbəti illər üçün Azərbaycanın dövlət başçısı seçilməsi uğrunda mübarizənin içərisində yer almalıyıq”.

Etibar SEYİDAĞA,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR