İnsanlara hürriyət, millətlərə istiqlal!

Niyə Milli Məclisə təqdim olunan sənədlərdə bu barədə məlumat yoxdur? - Deputatdan hökumətə suallar

514 13.06.2023 13:45 Son xəbər A A

Deputat Etibar Əliyev Milli Məclisdəki büdcə müzakirələri zamanı çıxış edərək bir sıra önəmli məsələlərə toxunub.

Onun sözlərinə görə, büdcə ilə bağlı geniş müzakirələrimiz göstərdi ki, dövlət maliyyəsinin idarə olunması keyfiyyətcə yeni mərhələyə keçib: “Bəs kənardan necə görünürük? Büdcə şəffaflığı və hesabatlılığına dair əsas diaqnostik qiymətləndirmə alətlərindən biri Açıq Büdcə İndeksidir. Beynəlxalq büdcə tərəfdaşlığı təşkilatının müəyyən etdiyi Açıq Büdcə İndeksində Azərbaycanın mövqeyi 120 ölkə arasında ötən qiymətləndirmədəki 81-ci yerdən 44-cü yerə yüksəlib. Açıq Büdcə İndeksi nədir? Açıq büdcə indeksi sorğu vasitəsilə ölkələrin büdcə prosesinin şəffaflığını və əsas büdcə sənədlərinin əlçatanlığını ümumi şəkildə ölçməyə və digərləri ilə müqayisə etməyə imkan verən indeksdir. Sorğu 125 sualdan ibarətdir və onu tərəfdaş ölkələrdə müstəqil araşdırmaçılar tərtib edir. Bu suallardan 95-i hökumətin büdcə prosesinin müxtəlif mərhələlərində açıqlamalı olduğu 8 əsas büdcə sənədinin  - büdcəöncəsi bəyanat, hökumətin büdcə layihəsi, təsdiqlənmiş büdcə, vətəndaş büdcəsi, aylıq və ya rüblük hesabatlar, yarımillik hesabat, illik yekun hesabat, audit hesabatı - ictimaiyyətə açıqlığı və əhatəliliyi ilə birbaşa olaraq bağlıdır. Qalan 30 sual isə büdcə prosesində ictimai iştirakçılıq imkanları, habelə qanunverici orqanın - parlamentin və ali audit qurumunun büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində oynadığı rolla əlaqəlidir. Büdcə prosesində Maliyyə Nazirliyinin parlamentlə əlaqələri yüksək səviyyədədir”.

Deputat Etibar Əliyevdən ABSURD MƏHKƏMƏ İDDİASI » "Dünya" informasiya  agentliyi

E.Əliyev qeyd etdi ki, Açıq Büdcə İndeksinin təklif etdiyi 30 sualı biz  ictimai iştirakçılıq, habelə qanunverici orqanın və ali audit qurumunun büdcənin formalaşması və büdcəyə nəzarət mərhələsində daha rasional koordinasiyasını yarada bilsək bu vacib indeksdə yenə də xeyli irəliləyə bilərik: “Təklif edirəm ki, gələcəkdə büdcə müzakirələrinə ictimai sekturun tanınmış nümayəndələrinin dəvətinin təmin  olunması Açıq Büdcə İndeksindəki mövqeyimizə müsbət təsir göstərə bilər. Bununla yanaşı “İşsizlikdən sığorta fondunun 2023-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Qanun layihəsi ilə bağlı bir neçə məsələyə diqqətinizi yönəltmək istəyirəm. Hər il növbəti ilin büdcə layihəsi zərfinin daxilində büdcə layihəsi ilə birlikdə Milli Məclis həm də İşsizlikdən Sığorta Fondunun və Dövlət Sosial Müdafiə Fondunun büdcə layihələri təqdim olunur və Milli Məclisdə müzakirə edilərək qəbul edilir. İndi də hökumət Milli Məclisə 2023-cü ilin dövlət büdcəsində və qeyd etdiyim fondların layhələrində dəyişikliklər paketi təqdim edib. Yəni dövlət büdcəsi və həmin fondların büdcələri vahid paket şəklində müzakirə edilir və qəbul olunur. Bu, qanunvericiliyin də tələblərinə uyğundur. Amma nədənsə büdcə icrası barədə hesabatlarda biz eyni yanaşmanı görmürük. Belə ki,  artıq neçə müddətdir ki, hər ilin may ayında əvvəlki ilin dövlət büdcəsinin icrası barədə hökumətin hesabatı Milli Məclisdə müzakirə edilir. Amma nə İşsizlikdən Sığorta Fondu, nə də Dövlət Sosial Müdafiə Fondunun icra hesabatları Milli Məclisə daxil olmur. Halbuki, qanunvericiliyin tələblərinə görə bu fondların icrası barədə hesabatlar da Milli Məclisin müzakirəsindən keçməlidir. Bu məsələyə aydınlıq gətirilməsini xahiş edirəm. Bu həm də büdcədə edilən dəyişikliklərin əsaslandırılması baxımından vacibdir”.

Deputatın sözlərinə görə, Fondun büdcəsində dəyişikliklə bağlı qanun layihəsindəki məlumatlardan və Hesablama Palatasının təqdim etdiyi rəydən bəlli olur ki, İşsizlikdən Sığorta Fondunun 2023-cü il büdcəsinin gəlirlərində 5 milyon manatlıq bir artım nəzərdə tutulur ki, bu da Fondun əvvəlki illərdə istifadə olunmamış vəsaiti hesabına baş tutacaq: “Ümumiyyətlə, İşsizlikdən Sığorta Fondunun əvvəlki illərdə istifadə olunmamış məbləği nə qədərdir? Niyə Milli Məclisə təqdim olunan sənədlərdə bu barədə məlumat yoxdur? Fondun xərclərində baş verən dəyişikliklərlə bağlı qeyd edim ki, işsizliyə görə sığorta ödənişlərinin məbləğinin ilkin təsdiq edilmiş proqnoza nisbətən 2.5 milyon manat artırılaraq 11 milyon manatdan 13.5 milyon manata çatdırılasını müsbət hal hesab edirəm. Hələ Fondun 2022-ci il üçün büdcə layihəsi müzakirə edilərkən, fonddan bu istiqamətə ayrılan vəsaitin məbləğinin və xərclərdəki payının az olması ilə bağlı iradımı bildirmişdim. 2021-ci ildə Fonddan işsizliyə görə sığorta ödənişlərinə cəmi 5.1 milyon manat yönəldilmişdi ki, bu da Fondun ümumi xərclərinin 3.9 faizini təşkil edirdi. Fondun büdcəsində indiki dəyişiklikdən sonra bu il işsizliyə görə ödənişlərin məbləğinin 13.5 milyon manat, olması gözlənilir ki, bu da 2021-ci illə müqayisədə 2.6 dəfə çox olacaq. Bu halda işsizliyə görə ödənişlərin Fondun ümumi xərclərindəki payı 6.2 faiz olacaq. Bu xərc maddəsinin Fondun ümumi xərclərindəki payının artması da müsbət haldır, amma Fondun adına və əsas təyinatına baxdıqda, bu payın yetərli qədər olduğunu söyləmək mümkün deyildir. Məncə, hökumət Fonddan içsizliyə görə sığorta ödənişlərinə ayrılacaq məbləğ üçün bir normativ müəyyən etməli və həmin normativdən az olmayaraq vəsaiti bu istiqamətə yönəltməlidir. Fikrimcə, Fondun vəsaitinin 25 faizindən az olmayan hissəsi məhz işsizliyə görə sığorta ödənişlərinə yönəldilməlidir. Büdcə xərcərində baş verən dəyişikliklərdə diqqət çəkən bir məqam peşə hazırlığı və əlavə təhsilin təşkili üzrə ilkin proqnozda olan xərclərin 2 milyon manat, peşə yönümünə dair məsləhət xidmətlərinin göstərilməsinə yönəldilən vəsait 1 milyon manat azaldılır. Amma sənəddə bunun səbəbləri ilə bağlı heç bir izahat yoxdur. Bu azaldılma Hesablama Palatasının yoxlamalarının nəticələri ilə bağlıdır yoxsa başqa səbəbləri var? Bu barədə Milli Məclisə məlumatın verilməsi yaxşı olardı”.

E.Paşasoy,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR