İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nəyə qadir olduğumu bundan sonra ifadə etmək əzmində və gücündəyəm” - Əkbər Qoşalı ilə MÜSAHİBƏ

1802 15.04.2023 20:42 Müsahibə A A

Əkbər Qoşalı: “Qarşısında Türk ölkələrinin bayrağı yellənən qatarla Zəngəzurdan keçərək, Naxçıvana, oradan da Anadoluya gedəcəyimizə nəinki şübhə edirik, buna dəlicəsinə inanırıq!”

Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol...

Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir, qol...

Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
Ürəyim sol çəkir, sol...

Əkbər Qoşalı imzası var bu misraların sonunda... Şairin nə qədər böyük məsuliyyət hissi ilə yaşadığı elə bu kəlmələrindən də aydın sezilir. Gözləri səyriyən, yol çəkən gözləri güldü, şükürlər olsun 50 illik tamamına həsr olunmuş yaradıcılıq gecəsində. Turan elindən söz adamları, sözə dəyər verənlərin bir qismi toplanmışdı Beynəlxalq Muğam Mərkəzindəki gecəyə. Gecəni gündüz elədi ordakı sazlı-sözlü qonaqlar, Əkbər Qoşalının ürək dostları, sözünə dəyər verən işıqlı insanlar. Zalda əyləşənlər qədər də yer olmadığından foyedə gözləyənlər var idi. Amma heç kəs geri dönmək istəmirdi, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının sözünün işığından pay götürmək üçün gəlmişdilər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, digər sayılıb-seçilən qonaqlar, ədəbiyyatşünaslar, şair, yazıçılar, oxucular, Türk dünyasının aydınları, daha kimlər... Söz və musiqi vəhdətdəydi o gecə...

Yarım əsrlik ömrə çoxşaxəli fəaliyyətini sığışdırmağı bacaran, işlərini bir çox hallarda soyadına uyğun şəkildə qoşalaşdırmağa, paralel irəli aparmağa qadir olan Əkbər bəy həm də “Yeni Müsavat” Media Qrupunun köşə yazarıdır... Baş yazarımız Rauf Arifoğlu Əkbər Qoşalı ilə müsahibə təklifini verəndə tərəddüdsüz razılaşdım, bizi birləşdirən o qədər dəyərlər var ki...

Həm də Türk dünyasının uğuru üçün çalışması, Türk dünyasının uğuruna sevinməsi, zəfərlərindən qol-qanad açması yetərliydi...

Çoxsaylı qonaqların əhatəsində günlərlə çəkən tədbirlər, görüşlərin səngiyən günü oldu nəhayət və Əkbər Qoşalının çalışdığı ünvanda, Milli Məclisdəki kabinetində, çoxsaylı yubiley hədiyyələrinin, plaketlərin, diplomların əhatəsində söhbətə başlayırıq. Yubilyarın Xarıbülbülün əksi olan armudu stəkanda süzdüyü pürrəngi çay söhbətimizin daha şirin və rəvan keçməsinə sanki bir vəsilə olur:

(Əvvəli burada)

- Əkbər bəy, çox möhtəşəm, həm də Azərbaycan adına, Azərbaycan ədəbiyyatının, azərbaycanlı şairin adına yaraşan törən idi. Çoxsaylı təbriklər oldu, Türk dünyasının müxtəlif ünvanlarından, çeşidli ürək sözləri var idi. Sizin hər zaman abi deyə, xitab etdiyiniz dostumuz Rauf Arifoğlu “Dəyərli və əziz qardaşım, ülküdaşım, tovuzdaşım-vətəndaşım, Türk dünyasının ASAN qapısı Əkbər Qoşalı 50 yaşına vardı-deyə, yubiley təbrikinə başlamışdı. Belə bir unikal təqdimat məncə, ilk idi, eləmi? Deməli, həm də Türk dünyasının “ASAN qapısı” olaraq Əkbər Qoşalının üzərində növbəti məsuliyyət yükü var...

- Çox qəribədir. Mən illər öncə gördüyüm işlərin bu nəticələrə gətirib çıxaracığını bilməzdim, şəxsim adına deyirəm. İndi o qədər şadam və bundan sonrakı dövrdə də daha məsuliyyətli davranmağa məcburam. Məsələn, Türkiyədən yaxud Orta Asiyadan hansısa bir yazar qurumu, digər türk ölkə və topluluqları ilə əlaqələr qurmaqda, yeni imzalara yetişməkdə əgər mən qardaşınızı arayırlarsa, mən də o güvəni sarsıtmıramsa, bu, indiyədək görülmüş işlərin havaya getmədiyinin ifadəsidir. Rauf bəyin o sözünü eynilə Fəthiyyə Ədəbiyyatçılar Qrupunun rəhbəri Coşkun Karabulut da, Qocaman Türk Ədəbiyyat Vəqfinin rəhbəri, soyadını hər birimiz sevə-sevə zikr etdiyimiz Kabaklı ailəsindən “Bil, oğlum”un müəllifi Serhat Kabaklı bəy də demək olar ki, eyni sözləri deyir. Deyir əgər üç adam ayrı-ayrı vaxtda bir adama dəli desə, adam özündən şübhələnər. Rauf Arifoğlu, Sərhad Kabaklı, Coşqun Qarabulud. Hər üçün Türk dünyasında ədəbi-mədəni  əlaqələrdə qardaşınıza bu yaraşdırmanı edirsə, artıq buna inanmaq da olar və bu, günah sayılmır. (Gülürük)

- Rahat şəkildə bu adı daşıya bilərsiniz...Əkbər bəy, Qarabağsız olduğumuz illərdə kövrək notlar üzərində yazdığınız misraları oxuyurduq. Amma zaman gəldi, siz Şuşaya yazdığınız şeiri elə Şuşada oxudunuz. Hətta “Şuşaya gedən yollar Şuşada bitmir...” yazdınız. Şuşanın işğal illəri və Şuşa zəfərindən sonrakı tarix bizim xalqımız üçün “eramızdan əvvəl və eramızdan sonrakı” tarix kimidir, məncə...Siz 50 illik ömür payında bu bölgünü necə aparırsınız?

- Şuşadan öncə və Şuşadan sonra...Çox gözəl deyirsiniz, bu da sizin yaradıcı yanaşmanızdır. Siz təsəvvür edin ki, Şuşa işğal altında olsaydı, biz belə yubileyi keçirə bilərdikmi və yaxud bu şövqlə keçirə, Türk dünyasından bu qonaqları ürək açıqlığı ilə dəvət edə bilərdikmi? Bəlkə də keçirə bilərdik, amma qanadımız qırıq olardı. Elə bilərdim ki, türk ölkə və topluluqlarından gələn qonaqlar ürəklərində fikirləşir ki, nə gününüzə yubiley keçirirsiniz?! Nə gününüzə yaradıcılıq gecəsi keçrirsiniz?! Bizim qəhrəman ordumuz müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Şuşada bayrağımızı qaldırandan sonra elə hamımızın bayrağımız qalxdı, poeziya bayrağımız da qalxdı, bütün əməli fəaliyyət sahələri üzrə bayraqlarımız qalxdı. Könlümüzün bayrağı qalxdı. İndi o bayraq təkcə Şuşada qalmayıb, Şuşa ilə kifayətlənməyib. O bayraq bizə İrəvanı, Göyçəni, Zəngəzuru göstərir. Artıq Azərbaycan intibah reysləri üzərinə çıxıb, əgər belə demək mümkündürsə. Biz Dədə Ələsgər ocağında da bu tədbirləri keçirəcəyik. Dədə Ələsgər ocağının nümayəndəsi Dədə Ələsgər ocağı adından qardaşınıza “Aşıq Ələsgər – 200” yubiley medalını təqdim etdi. Mən o medalı alarkən bu hissləri keçirdim və o arzu ifadə olundu ki, növbəti tədbirlər Dədə Ələsgər ocağında, məzarı başında keçirilə bilər. Növbəti tədbir dedikdə, əlbəttə, mən şəxsiləşdirmirəm, özümlə bağlı demirəm, Türk dünyası ədəbiyyatı və mədəniyyəti adına tədbirləri nəzərdə tuturam. Yaxud Aşıq Ələsgər təkcə elə Göyçəni ifadə etmir ki...Bizim bütün itirilmiş torpaqlarımızdakı mədəni irsimizi ifadə edir. Göyçə, Zəngəzur, İrəvan olsun. Bu sözlər mənə aid deyil, amma yaxşı sözləri demək lazımdır. Təəssüf ki, bu, kədəri ifadə edən dürüst sözdür... Azərbaycan hər tərəfdən öz torpaqları ilə əhatə olunmuş dünyadakı nadir ölkələrdən biridir. Elə ölkələr də var ki, iki-üç tərəfdən öz torpaqları ilə əhatə olunub. Biz inanırıq ki, zaman gələcək o itirilmiş torpaqlarda Azərbaycanın ən azı mədəniyyəti qorunacaq, bərpa olunacaq və yaşayacaq. Dünyanın gedişatına qarşı da getmirik, ağlımız, düşüncəmiz də var. Sevdamız da haqqımızla üzvü surətdə birləşib, bizə daha yeni və böyük gələcək vəd edəcək, inşallah!

- Turanın ASAN qapısı şübhə etmirik ki, günün birində Zəngəzur qapısından da keçib, hər iki tərəfə üz tutacaq...

- (Məmnunluqla gülür) İnşallah! Dövlətimizin bayrağı uca olsun! Türk dünyasından qonaqlarımızla bərabər Zəngəzur keçib, Naxçıvana gedəcək, Naxçıvanda türk dünyası qurultayları keçirəcəyik, buna biz qəti şübhə etmirik. Anadolu qardaşlarımız necə deyirdi: “Kim bilir, bəlkə yarın, bəlkə yarından da yaxın”. Qarşısında Türk ölkələrinin bayrağı yellənən qatarla Zəngəzurdan keçərək, Naxçıvana, oradan da Anadoluya gedəcəyimizə nəinki şübhə edirik, buna dəlicəsinə inanırıq!

- Biz də şübhə etmirik. Üzü uyğurlara qədər bir gün Türk qatarının müjdəsini eşidərik, inşallah!

- Yazıçıların son qurultaylarında mənim iki dəfə Türk dünyasında ədəbiyyat mövzusunda məruzəm olub, həmin məruzələr haqqında da Anar müəllim modern məruzə yaraşdırması edib, sözünü deyib. O məruzələrin bəlli bir hissəsi uyğurlarla bağlı idi. Siz uyğurlara vurğu etdiniz. Bizdə bir neçə türk xalqlarına münasibətdə elə bilirik ki, onlarsız da türk dünyası olarmış. Dəvətlərə, iştiraklara, yazılara, təhlillərə baxıram, belə müşahidə edirəm. Bu mövzu dərin mövzudur, bir müsahibəyə sığmaz. Məsələn, bizdə Güney Azərbaycan təkcə Azərbaycanın güneyi deyil ki, elə həm də türk dünyasının bir hissəsidir. Son vaxtlara qədər açığı, Dünya Gənc Yazarlar Birliyi dövriyyəyə daxil etdi. Sanki türk dünyası deyəndə Quzey Azərbaycanla kifayətlənilirdi və digər ölkə, türk topluluqları dəvət olunurdu toplantılara. Biz Güney Azərbaycan yazarlarını dəvət etməyə başladıq. Sonra onlar digər qardaşlarımızla tanış oldular, ailə həyatı quranlar, yeni münasibətlər yaradanlar oldu, bir-birinin şeirlərini çevirməyə, bir-birini dəvət etməyə başladılar. Biz Güney Azərbaycana münasibətdə bu işi də dərinləşdirməliyik. İkincisi, uyğurlara münasibətə gəldikdə...Uyğurların durumunu bilirik. Onların həbsdə olan yazarlarını da bilirik. Nə olsun ki, Çin BMT Təhlükəsizlik Şurasının daimi üzvüdür, nüvə dövlətidir, böyük ərazisi, iqtisadi imkanları var, əhalisi dünya əhalisinin çox önəmli hissəsini təşkil edir. Ancaq haqq-ədalət, insan hüquqları, milli hüquqlar, humanizm var. Biz də siyasi mübarizə aparmırıq ki...Biz humanitar mübarizədən danışırıq. Ədəbiyyatın, sənətin diqtəsindən danışırıq. Bu mənada oradakı soydaşlarımıza münasibət getdikcə daha da dərinləşməlidir, məruzələrdə də, kitablarda da, fəaliyyət sahələrində də mütləq əks olunmalıdır. Çox sağ olun ki, siz o vurğunu etdiniz, mən də bunları demək fürsəti qazandım.

- Əkbər bəy, 50-dən sonrakı şah əsərinizlə bağlı düşüncələriniz varmı?

- Mənim yaradıcılığımda ədəbi tənqidin və ciddi ədəbiyyatçıların, zövqünə inandığım oxucuların diqqətini daha çox cəlb edən əsərlər 40-dan sonra yazılıb. Belə başa düşürəm ki, mən özüm-özümün nəyə qadir olduğumu bundan sonra ifadə etmək əzmində və gücündəyəm. Hələ yazılmalı olanlar yazılmayıb deyə, inanıram...  

-Allah fürsət versin, sağlam ömür yaşayıb, yeni-yeni əsərlərinizi yaradın! Biz də inanırıq ki, növbəti yubileyləriniz daha böyük saraylarda olacaq. Bəlkə də yubiley tədbirləri yalnız Azərbaycanla bitməyəcək, türk ellərində silsilə tədbirlərə çevriləcək...

- Yeri gəlmişkən, artıq Qazaxıstanda, Türkiyədə kitab təqdimatına dəvət olunmuşam. Habelə, Tatarıstana dəvət olunmuşam. Allah utandırmasa, inşallah yaradıcılıq gecələrimizin bənzəri həmin qardaş ölkələrdə də davam edəcək.

- Ortaq türkcənin də formalaşması, təkmilləşməsinə töhfələr verməkdə davam edəcəksiniz bu törənlərdə...

- İllər öncə mən bir kitabla çıxış etmişdim. Altun bitik adında. Həmin kitab o dövrdə çox səs doğurdu, hətta ona görə mənə Rəsul Rza Mükafatı verildi. Bizim ustad şairimiz Sabir Rüstəmxanlının iş otağında masaüstü kitab olduğunu gördüm. Tatarıstanda belə rezonans doğurduğunun şahidi oldum, rəhmətlik Robert Minnulinin timsalında. Bir çox insanların o kitaba münasibətindən demək ki, ehtiyacı ehtiyacı ifadə edə bilmişdik, ortaq dillə bağlı. Çox şadam ki, indi bu, fərdlərin yox, artıq ortaq türk qurumlarının qayğısına, vəzifəsinə çevrilib. İndi Türk Dövlətləri Təşkilatının yan qurumları kimi təqdim edə biləcəyimiz Beynəlxalq Türk Akademiyası var, TÜRKSOY, Türk Mədəniyyəti və İrsi Fondu var, həmin qurumların, onlarla əməkdaşlıq edən alimlərimizin çalışmaları var. Belə başa düşürəm ki, ortaq dil, ortaq əlifba mövzusu adını çəkdiyim qurum, quruluşlar və bizim qardaş ölkələrdəki elm-təhsil ocaqları da öndə olmaqla onların araşdırma mövzusudur. Bu məsələlər yalnız ədəbiyyatçılar, şair, yazıçılar tərəfindən həll oluna bilməz. Bizlər töhfə verə bilərik. Bu, elə məhz elmi və akademik münasibət tələb edir. Düşünürəm ki, sevda və peşəkarlıq hal-hazırda yanaşı getməlidir. Burada nə tələsə bilmərik, nə gecikə bilmərik. Bax, belə uhulet ve suhulet (səssiz və sakit bir şəkildə, yumşaqlıqla-red.) müstəvisi üzərində bu prosesin cərəyan etdiyinə inanıram.

- Məncə, artıq vaxtdır, şair Əkbər Qoşalıdan Turanın himninin sözlərini gözləyirik.

- (Gülərək) İnşallah!

Elşad Paşasoy,
Musavat.com

 rrr.jpg (253 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR