İnsanlara hürriyət, millətlərə istiqlal!

Yubilyar Əkbər Qoşalı: “Şair və yazıçılar üçün 50-dən sonra 51 gəlmir, 50-dən sonra 100 gəlir” FOTO VİDEO

1816 13.04.2023 20:44 Müsahibə A A

“Azərbaycanın qazandığı zəfər türk ölkə və topluluqlarını bir-birinə daha möhkəm birləşdirib”

Bəlkə də bir gələn var,
Gözlərim yol çəkir, yol;
Ölü dillər kimiyəm,
Sözlərim yol çəkir, yol...

Göy ulu, yer yağızdı,
Hər dua bir ağızdı;
Bu - qələm, bu - kağızdı,
Özləri qol çəkir, qol...

Uzaq yolum təngiyir,
Uzun qolum ləngiyir;
Sağ gözümdü səyriyir,
Ürəyim sol çəkir, sol...

Əkbər Qoşalı imzası var bu misraların sonunda... Şairin nə qədər böyük məsuliyyət hissi ilə yaşadığı elə bu kəlmələrindən də aydın sezilir. Gözləri səyriyən, yol çəkən gözləri güldü, şükürlər olsun 50 illik tamamına həsr olunmuş yaradıcılıq gecəsində. Turan elindən söz adamları, sözə dəyər verənlərin bir qismi toplanmışdı Beynəlxalq Muğam Mərkəzindəki gecəyə. Gecəni gündüz elədi ordakı sazlı-sözlü qonaqlar, Əkbər Qoşalının ürək dostları, sözünə dəyər verən işıqlı insanlar. Zalda əyləşənlər qədər də yer olmadığından foyedə gözləyənlər var idi. Amma heç kəs geri dönmək istəmirdi, nasir, publisist, şair, Azərbaycan Yazıçılar Birliyinin İdarə Heyətinin üzvü və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Dünya Gənc Türk Yazarlar Birliyinin Məsləhət Şurasının başqanı, Beynəlxalq “Alaş” ədəbiyyat mükafatı laureatı Əkbər Qoşalının sözünün işığından pay götürmək üçün gəlmişdilər. Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva, digər sayılıb-seçilən qonaqlar, ədəbiyyatşünaslar, şair, yazıçılar, oxucular, Türk dünyasının aydınları, daha kimlər... Söz və musiqi vəhdətdəydi o gecə...

Yarım əsrlik ömrə çoxşaxəli fəaliyyətini sığışdırmağı bacaran, işlərini bir çox hallarda soyadına uyğun şəkildə qoşalaşdırmağa, paralel irəli aparmağa qadir olan Əkbər bəy həm də “Yeni Müsavat” Media Qrupunun köşə yazarıdır... Baş yazarımız Rauf Arifoğlu Əkbər Qoşalı ilə müsahibə təklifini verəndə tərəddüdsüz razılaşdım, bizi birləşdirən o qədər dəyərlər var ki...

Həm də Türk dünyasının uğuru üçün çalışması, Türk dünyasının uğuruna sevinməsi, zəfərlərindən qol-qanad açması yetərliydi...

Çoxsaylı qonaqların əhatəsində günlərlə çəkən tədbirlər, görüşlərin səngiyən günü oldu nəhayət və Əkbər Qoşalının çalışdığı ünvanda, Milli Məclisdəki kabinetində, çoxsaylı yubiley hədiyyələrinin, plaketlərin, diplomların əhatəsində söhbətə başlayırıq. Yubilyarın Xarıbülbülün əksi olan armudi stəkanda süzdüyü pürrəngi çay söhbətimizin daha şirin və rəvan keçməsinə sanki bir vəsilə olur:

- Əkbər bəy, söhbətimizin əvvəlində bir daha ömrünüzün yubiley yaşını ürəkdən təbrik edirəm! Beynəlxalq Muğam Mərkəzindəki əzəmətli yubiley tədbirinin bir hissəsinə qatılmaq şansı əldə etdim, izdiham, anşlaq olduğuna görə zala daxil olmaq elə də asan deyildi...Elə bir izdiham, coşqu var idi ki, nadir hallarda, xüsusilə də yaşın 50-sində olur belə izdiham. Siz Turan elini toplamışdınız o ünvana. Həmin anlarda mənə elə gəldi ki, Əkbər Qoşalı ya yaş sənədində dəyişiklik edib, ya da 50 illik ömürdə daha bir 50-liyi sığışdırağı bacarıb. Bəlkə bunun sirrini açasınız...

WhatsApp Image 2023-04-13 at 12.13.01.jpeg (375 KB)

- Bir daha təşəkkür edirəm. Şəxsən sizə və əlbəttə, mənim üçün əziz olan “Yeni Müsavat” redaksiyasına. Doğrusu, son vaxtlar dostlarla söhbətdə işlətdiyim sözü burda da təkrarlamaq istəyirəm. İlk və son dəfə 50 yaşım olurdu, ona görə də çox məsuliyyətlə yanaşmışdım (gülürük). Bizim fəaliyyətimiz, mən həm özümü, həm Dünya Gənc Yazarlar Birliyindəki dostları nəzərdə tuturam, uzun illərdir – bu, uzun illər ən azı 25 il müddəti əhatə edir – Türk dünyasına, Türk dünyasının gənc yazarlarına və biz onlarla tanış olanda gənc olub, artıq ixtiyarlaşmış, yaşı 50-ni keçən, 50 civarlarında olan insanlara xitab etmişik. Onlar da sağ olsunlar, bu, uzun illər boyunca davam edən fəaliyyətimizi səmərəli hesab edib, dəyərləndiriblər, unutmayıblar və gördüyünüz kimi, böyük nümayəndə heyətilə iştirak edirdilər. Ta uzaq Saxa Respublikasından, Yakutiyadan qardaş Türkiyəyə qədər ayrı-ayrı türk topluluqlarından mötəbər qonaqlarımız var idi. Əlbəttə, mən özüm haqqında sizin dediklərinizi məsuliyyətlə qəbul edirəm, təvazökarlıqdan da çıxa bilmərəm. Bu, daha çox mənim şəxsimə yox, bəlkə Azərbaycan ədəbiyyatına, Azərbaycan mədəniyyətinə, qalib ölkənin yazarına münasibətin təcəllasıydı.

Bəlkə yox, elə bəlkəsiz qəbul edirəm, şəxsim adına. Sizinlə söhbətdə mən özümlə bağlı ən azı iki dəfə məsuliyyət sözünü işlətdim. Bu mövzularda çox məsuliyyətli olmağa çalışıram. Çünki bu qədər insanın 50 illik yubiley mərasimində, yaradıcılıq gecəsində iştirakı əslində bir avansdır, belə demək mümkünsə... 50 illiklə bağlı tədbirin adını gördüyünüz kimi, yubiley gecəsi qoymamışdıq, təşkilatçı Dünya Gənc Yazarlar Birliyi və Beynəlxalq Muğam Mərkəzi, həmçinin şəxsim olaraq da... Yaradıcılıq gecəsi qoymuşduq. Yaradıcılıq gecəsi yubileydə də ola bilər, başqa günlərdə də. İndiyə qədər demək olar ki, özümlə bağlı belə bir tədbir keçirməmişdim, müxtəlif səbəblərdən. Məsələn, bundan əvvəlki yubileylə bağlı ümumiyyətlə, heç bir tədbir olmadı, çünki üstünüzə sağlıq, keçənlərinizə rəhmət, anam vəfat etmişdi. Uzun sözün qısası, yubileylər əslində 50-dən sonra qeyd edilməlidir, daha çox 50-yə yaraşır. Bir də bilirsiniz burada hansı məsələ var? 50 il başqa əməli fəaliyyət sahəsində məşğul olanlar üçün bir başqa məzmun kəsb edə bilər, ədəbiyyat cameəsi, şair və yazıçılar üçün belə demək mümkünsə, bir az obrazlaşdıraq, 50-dən sonra 51 gəlmir, 50-dən sonra 100 gəlir. Bu, poetik ricətdən də, bizim müxtəlif yaraşdırmalardan da, folklorumuzdan da görürük. Həmçinin şeirlərdən də görürük. Məsələn, “50-ni aşırdım, 100-ə nə qaldı”, yaxud “Hər kim 100 il yaşamasa, günah onun özündədir”. Bir də 50 yaş Azərbaycan poeziyasında Səməd Vurğun yaşı olaraq qeyd edilir, bunun da səbəbini bilirsiniz.

- 50 yaş həm də Məşədi İbad yaşıdır. Nədənsə bu məqama toxunmursunuz...

- (Gülür) Hə, o hissəyə toxunmuram. Allah Üzeyir bəyə rəhmət eləsin. Beləliklə, o məclisə gələn insanlar öz könüllərinin səsi ilə, bizim dəvətimizə icab edərək təşrif buyurmuşdular.

8ac8808d-8859-4d69-bf2e-a9e69bda29c7.jpg (195 KB)

- Açığı, çox möhtəşəm aura, ortam, səmimiyyət var idi. Türkcə danışmaq üçün sanki yarış gedirdi. Çuvaşiyadan gəlmiş xanımın türkcəsi necə gözəl ortam yaratdı, diqqət etdiniz yəqin. Həmçinin dediyiniz kimi, uzaq Yakutiyadan gələnlərin içdən gələn təbrikləri... Düzdür, bunu həm də qazanıbsınız, bir neçə dəfə “dünyanın o başına”, Yakutiyaya varmaqla, soydaşların hüzuruna getməklə. Eyni zamanda Qazaxıstan prezidentinin ödülünü aldınız bu yubileydə, çoxsaylı mükafatlarla yanaşı...

-Bəli. Saxa-Yakutiyadan başlayım, ən uzaqdakı qardaşımızdan. Saxa-Yakutiyanın deputatının çıxışını dinlədiniz, bizim soydaşımızdır, ordakı diasporamızın rəhbəridir. Hava şəraiti ilə bağlı uçaq gecikdiyinə görə, oranın dövlət başçısının təltifini bir gün sonra burada təqdim etdilər. Oranın Yazıçılar Birliyinin sədr müavini, Rusiya Yazıçılar Birliyinin katibi və Saxa-Yakutiyanın “Çolpan” jurnalının baş redaktoru, yeni nəsil dəyərli ziyalımız, Azərbaycanın dostu Androsov... Saxa-Yakutiya prezidenti məni “Dostluq” medalı ilə təltif etdi, ən Saxa-Yakutiyanın ən yüksək dövlət təltiflərindən, mükafatlarından biri sayılır. Saxa-Yakutiyadan bəri gəlsək, Tatarıstan Dövlət Şurasının sədri adından Tatarıstan Dövlət Şurasının üzvü, Yazıçılar Birliyinin başqanı, xalq şairi Rkail Zəydulla təltifi çatdırdı. Nəhayət, müstəqil Qazaxıstan Respublikasının prezidenti öz müşavirini lütf edib göndərmişdi və o, məni təltif etdi. Deyə bilərsiniz ki, şair söz sarıdan kasadlıq çəkmir. Amma hələlik məsuliyyətdən yuxarı söz tapa bilmirəm. Bu təltiflər də mənim məsuliyyətimi artırır.

- Bu yubiley-yaradıcılıq gecəsini hesabat toplantısı, yarım əsrdən nə qədər qazanclı çıxmağınızın hesablama vədəsi də saymaq olar, elə deyilmi?

- Hesabat hissəsini qəbul edirəm. Ola bilər biz indiyədək öz fəaliyyətimizi elə təşkilat və şəxsim olaraq da bəlkə yetərincə işıqlandırmamışıq. Mən hiss elədim ki, ordakı təltiflər, o qədər insanın iştirakı bizim bəzi dostlarımız üçün xoşməramlı təəccüb doğurdu. Onlar dostcasına sevinir, qibtə edirdilər, amma təəccüblənirdilər.

- Belə çıxır ki, hər yerdə tanınan Əkbər Qoşalı Azərbaycanda kifayət qədər tanınmayıb?

- (Gülür) Azərbaycanda da hələ illər öncə dövlət başçımız “Tərəqqi” medalı, sonra “Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi” medalı ilə təltif edib, Prezident təqaüdü almışam. Yəni Azərbaycan dövləti daha öncələrdən təltifləri təqdim edərək, mənim vətəndaş, yazar məsuliyyətimi birə-beş artırıb. Dövlətimiz var olsun! Biz digər türk ölkə və toplulqları da özdövlətimiz qədər, ölkəmizin, xalqımızın qardaşları olaraq sevirik, əzizləyirik. Elşad bəy, icazənizlə bu məqamda bir məsələni xüsusi vurğulayım. Mən bir qədər öncə dedim ki, mən bu münasibəti Azərbaycanın qazandığı tarixi zəfərə, qalib Azərbaycanın vətəndaşına münasibət kimi də qəbul edirəm. Azərbaycanın qazandığı zəfər türk ölkə və topluluqlarını bir-birinə daha möhkəm birləşdirib. Heç təsadüfi deyil ki, Türk Dövlətləri Təşkilatı əvvəlki şəklindən, Şuradan Dövlətlər Təşkilatına məhz bizim tarixi zəfərin hardasa bir illiyi ərəfəsində çevrildi. Ərəblər deyir: “Heç təsadüf-filan yoxdur aləmdə, nə olsa, nə olsa təvafüqlükdür”. İkincisi, məsələn, Azərbaycanla Türkmənistan arasında bizim “Kəpəz”, onların “Sərdar” dediyimiz, indi “Dostluq” adlanan yataqdakı anlaşılmazlıq tarixi zəfərimizdən cəmi iki ay sonra həll olundu. Bu nümunə sonra Özbəkistan-Qırğızıstan su və ərazi problemləri ilə bağlı az qala Azərbaycan və Türkmənistan arasındakı məsələ kimi, yığılıb-qalmış problemin çözümü üçün də bir açar oldu. Yaxud Özbəkistan-Türkiyə münasibətləri təəssüf ki, illər öncə arzuolunan səviyyədə deyildi. İndi görürsünüz, yüksək səviyyəyə qalxıb. Qazaxıstan-Azərbaycan münasibətlərinin hansı səviyyədə olduğunu hammımız görürük. Bu, qazandığımız tarixi zəfərin yalnız Azərbaycanda qalmadığını, türk ölkələrinə dalğa-dalğa yayıldığını göstərir. Biz də o zəfərin xeyrini, qazancını, nəticələrini xalq olaraq və biz də bu xalqın sıra nəfəri, yazarı olaraq öz üzərimizdə hiss etməkdəyik. Mən bu mənada türk ölkə də topluluqlarından həmin təltifləri və iştirakı bu məcrada və bu kontekstdə qəbul edirəm.

fcde96e4-8fb3-43c2-942a-b112978f1e24.jpg (306 KB)

- Çox gözəl dəyərləndirmədir. Tovuzun Qoşa kəndindən başlayan və dünyanın türklər yaşayan uzaq ellərinədək yayılan şöhrətinizdən dolayı bəzən ayağınızın altından yer qaçmır ki?

- (Gülür) Şükür Allaha ki, yox. Biz qardaşıq, uzun illərdir bir-birimizi danışırıq, həm də həmkarıq. Bu mənada sizinlə çox rahat könül söhbəti edirəm. Üstəlik, bilirsiniz, “Yeni Müsavat” mənimçün nə dərəcədə əzizdir. O şöhrət eyforiyası məndə uzun illər öncədən keçib gedib. Bu, nə ilə bağlıdır? Üzr istəyirəm, mən çox erkən evlənmişəm, 23 yaşımda. Təbii ki, bir çoxları ilə müqayisədə tez ata olmuşam. Bu mənada mən ümumi gedişat fonunda yaşımdan irəli yaşlanmağa məcbur qalmışam deməyim. Yəni belə bir tale yaşamışam. Baxırsan ki, bir körpə sənə “ata” deyir və sən artıq gəncliyini yox, atalıq statusunu yaşamaqdasan.

- Yenə də məsuliyyət...

- Bəli. Mən 50 yaşa çatmışam, böyük övladım artıq 27 yaşın içərisindədir. Mən artıq özümlə bağlı yox, övladlarımla bağlı düşüncələr içərisindəyəm. Belə demək mümkünsə, mən özümə o qədər də çox şey arzulamıram. Mən özümlə bağlı uğurlarda yox, övladlarımla bağlı uğurlarda bəlkə şöhrət hissinə yaxşı mənada, qardaşınız olaraq qapıla bilərəm, o şöhrət hissini inkar etmərəm. Özümlə bağlı isə daha nələri demək olar? Bəlkə ömürdə bir dəfə, bəlkə elə o bir dəfə 50 yaşda olur ki, sevinmək də olar, fərəhlənmək də, bölüşmək də, uğurlaşmaq da, böyük bir yubiley tədbiri keçirmək də...Ancaq mən bunu özümçün ənənəyə və sənətə çevirmirəm. Ömürdə bəlkə bir dəfə olardı, o bir dəfənin də siz şahidi oldunuz, Tanrı utandırmadı, gözlədiyimizdən çox iştirakçı, gözlədiyimizdən yuxarı səviyyə...Bədii hissə də gördünüz, bizim dəyərli sənətçilərimiz Fərahim Sadiqin rəhbərliyi, rejissorumuz Faiq Nağının təşkilatçılığı, aparıcımız və ssenari müəllifimiz Qorxmaz Tofiqoğlunun sayəsində necə yüksək səviyyədə hazırlanmışdı. Bilmirəm, başqa daha necə ola bilərdi 50 illik? Məncə, necə olmalıydısa, o şəkildə oldu.

- Çox möhtəşəm, həm də Azərbaycan adına, Azərbaycan ədəbiyyatının, azərbaycanlı şairin adına yaraşan törən idi. Çoxsaylı təbriklər oldu, Türk dünyasının müxtəlif ünvanlarından, çeşidli ürək sözləri var idi. Sizin hər zaman abi deyə, xitab etdiyiniz dostumuz Rauf Arifoğlu “Dəyərli və əziz qardaşım, ülküdaşım, tovuzdaşım-vətəndaşım, Türk dünyasının ASAN qapısı Əkbər Qoşalı 50 yaşına vardı-deyə, yubiley təbrikinə başlamışdı. Belə bir unikal təqdimat məncə, ilk idi, eləmi? Deməli, həm də Türk dünyasının “ASAN qapısı” olaraq Əkbər Qoşalının üzərində növbəti məsuliyyət yükü var...

(Davamı olacaq)

Elşad Paşasoy,
Musavat.com

d0104564-d3b6-46fd-9c89-a0603b9d7f74.jpg (197 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR