İnsanlara hürriyət, millətlərə istiqlal!

“Nərmin işi”ndə yeni gəlişmə

1430 09.12.2022 10:48 Gündəm A A

Vəkillər yanmış cəsədin ekspertizasını həyata keçirən ekspertlərin əlavə şahid kimi dəvət olunaraq dindirilməsi barədə vəsatət veriblər

Gəncə Ağır Cinayətlər Məhkəməsində Tovuzun Dondar Quşçu kəndində 10 yaşlı Nərmin Quliyevanı qətlə yetirərək meyiti yandırmaqda təsqirləndirilən İlkin Süleymanovun məhkəməsi davam edir. Ötən məhkəmə iclasında İlkin Süleymanovun vəkilləri məhkəməyə yenə də 10-a yaxın vəsatət təqdim edib. Bu vəsatətlərdən biri teleaparıcı Zaur Bəxşəliyevin məhkəmədə əlavə şahid qismində dindirilməsi ilə bağlıdır.

Vəkillər vəsatəti belə əsaslandırıblar: “Hörmətli məhkəmə, Zaur Bəxşəliyev meyit tapılandan 2 gün sonra (8  yanvar 2020) canlı yayımda deyib ki, ona Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən verilən məlumata görə, Nərmin Quliyeva başından dəmirlə 5 zərbə vurulması ilə qətlə yetirilib. Ancaq İlkin Süleymanova verilən ittihamda yazılıb ki, guya o, Nərmini başından daş parçası ilə bir dəfə zərbə vurmaqla öldürüb. Ekspertiza rəylərində isə Nərminin başında 5 zərbə izi müəyyən edildiyi qeyd olunub. Bu məsələyə aydınlıq gətirilməlidir. Zaur Bəxşəliyev məhkəməyə gəlməlidir və bizim ona suallarımız var.

Nərmin Quliyevanın atası Şərif Quliyev dərhal ayağa qalxır:

- Ona mən demişəm. Mənə də ekspertizadan demişdilər.

Vəkil Zabil Qəhrəmanov üzünü məhkəməyə tutur: -Hörmətli məhkəmə, aparıcı canlı yayımda elan etdi ki, o, bu məlumatı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyindən alıb.

Nərminin atası:

- Yox da, dedim ki, mən demişəm ona... O da çıxıb verilişdə dedi.

Hakim:

- Nərminin atası burda deyir ki, o deyib də Zaura... Bu da o deməkdir ki, Zaur Baxşəliyevlə bağlı məsələ həll oldu, onun bura gəlməsinə ehtiyac qalmadı. Ona görə də vəsatət təmin olunmur.

Vəkillər Zaur Bəxşəliyevin aparıcılıq etdiyi proqramda Nərminlə bağlı məsələləri əks etdirən disk təqdim edib.

Hakim:

- Biz bu diskə niyə baxmalıyıq? Orda nə var ki? Qoy əvvəl özümüz baxaq, sonra vəsatətə münasibət bildirərik. Hələlik bu vəsatət açıq saxlanılır.

Sonra vəkillər yanmış cəsədin ekspertizasını həyata keçirən ekspertlərin əlavə şahid kimi dəvət olunaraq dindirilməsi barədə vəsatət veriblər. Daha bir vəsatət Azər Məmmədov adlı polis əməkdaşının əlavə şahid kimi dindirilməsi ilə bağlı olub. Vəkillər bu vəsatəti belə əsaslandırıblar ki, əvvəl evə baxış keçirəndə heç bir iz aşkar olunmayıb. Ancaq gecə saatlarında Azər Məmmədov “udlinitel”i götürmək bəhanəsi ilə evə girib-çıxdıqdan sonra evdən guya Nərmin Quliyevaya məxsus olan qan izi tapılıb.

Hakim:

- Biz burda Azər Məmmədovu 2 dəfə dindirmişik. Nə suallarınız vardısa, verərdiz.

Vəkil:

- Yeni məsələlər ortaya çıxdıqca suallar yaranır. Bu adam gəldi burda dedi ki, həmin axşam o, İlkinin qohumu Murad Süleymanova zəng etməyib. Halbuki, zəng edəndən sonra gəlib, “udlinitel” götürmək bəhanəsi ilə evə girib, sonra da çıxıb gedib. Sabahı gün evdən qan izi tapılıb. O, evə gələnədək evə baxış keçiriləndə heç bir iz olmayıb. Biz də vəsatət veririk ki, onun Murad Süleymanova zəng edib-etmədiyi araşdırılsın. Həmin gecə ərazidəki anten məlumatlar məhkəmə tərəfindən alınsın.

Vəkillər Daxili İşlər Nazirliyinin Baş Cinayət Axtarış İdarəsinin rəisi Arzu Daşdəmirovun məhkəməyə dəvət olunmasına dair vəsatət də veriblər.

Hakim:

- Onu niyə dindirək?

Vəkil Zabil Qəhrəmanov:

Müstəntiq Nadir Mirzəyev İlkin Süleymanovun telefonunu ona göndərib ki, tədqiq etsin, o isə etməyib. Gəlsin, desin, niyə etməyib? Ümumiyyətlə, o, bu sahədə mütəxəssis idimi?

Vəkillər müstəntiq Nadir Mirzəyevin, həmin vaxt Baş Prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi olmuş Kamal Qılıcovun dindirilməsi ilə bağlı vəsatətlər verib.

Hakim Dadaş İmanov vəkillərdən vəsatətləri yazılı şəkildə təqdim etmələrini deyib və növbəti məhkəmə iclasını dekabrın 21-nə təyin edib.

Vəkillər deyir ki, “Nərmin işi”nin məhkəmədə hərtərəfli araşdırılmasına çalışırlar. Onlar hər detalla bağlı vəsatətlər verir, gizli məqamların ortaya çıxmasına çalışırlar. Vəsatətlərin çoxluğu da bundan yaranıb.

Məhkəmə iclasından sonra müsahibə verən vəkil Zabil Qəhrəmanov deyib ki, Nərmin Quliyevanın atası Şərif Quliyev onları məyus edib: “Məhkəmə açıq şəkildə ittiham tərəfinin mövqeyini tutur. Şərif Quliyevin arxasında dayanan şəxslərlə məhkəmənin bağlılığını da görməyə başlamışıq. Bu da bizdə məyusluq yaradır”.

3 il əvvəl Tovuz rayonunun Dondar Quşçu kəndində baş vermiş bu hadisə ölkəyə səs-küy salıb. İbtidai istintaq azyaşlı qızın İlkin Süleymanov tərəfindən qətlə yetirməsi qənaətinə gəlib. İlkin Süleymanovsa məhkəmə ifadələrində cinayətin işgəncə ilə  boynuna qoyulmasından danışıb. Məhkəmə 1 il 6 aydır davam edir.

2019-cu ilin noyabrın 19-dan itkin düşən Tovuz rayonunun Dondar Quşçu kənd sakini, 10 yaşlı Nərmin Quliyevanın qətlə yetirilərək yandırılan meyiti 2020-ci il yanvarın 6-da kənd ərazisində aşkar edilib.

Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu tərəfindən cinayətin açılması istiqamətində həyata keçirilmiş təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən Dondar Quşçu kənd sakini, 1973-cü il təvəllüdlü Süleymanov İlkin İbrahim oğlu tutularaq istintaqa cəlb edilib.

İş üzrə çoxsaylı şahidlər dindirilib, məhkəmə-tibbi, məhkəmə-bioloji, məhkəmə-kimyəvi ekspertizaları təyin edilib və digər zəruri istintaq hərəkətləri aparılıb.

İlkin Süleymanova Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələr ilə təqsirli bilinərək barəsində cinayət işi açılıb.

İlkin Süleymanov, yaxın qohumları və Dondar Quşçu kəndinin sakinləri azyaşlı qızın qətlinin ört-basdır edilməsi məqsədilə cinayətin İlkinin üzərinə atıldığını iddia edirlər. Taleyi müəmmalı olan Nərminin valideynlərisə düşünürlər ki, onu İlkin qətlə yetirib. İlkin Süleymanovun vəkilləri hələ istintaq dövründə bildirirdilər ki, o, dözülməz işgəncələrə məruz qalır. İlkin Süleymanov özü də məhkəmədə ibtidai istintaq zamanı ona verilən işgəncələrdən danışıb.

E.MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR