İnsanlara hürriyət, millətlərə istiqlal!

Neftin 2024-də qiyməti - Azərbaycan yenə qazanacaq

1738 29.12.2023 11:13 İqtisadiyyat A A

Bu gün neftin qiymətlərinin bir barel üçün 80-85 dollar səviyyəsində olması bütün neft hasil edən ölkələrə sərf edir

“Rusiya 2024-cü ildə Brent markalı neftin bir barelinin 80-85 dollar diapazonunda olacağını gözləyir”.  Bunu Rusiya baş nazirinin müavini Aleksandr Novak bildirib.

“Biz Rusiya Federasiyasının Energetika Nazirliyinin nəzdində fəaliyyət göstərən müxtəlif analitik agentliklərin və analitik xidmətlərimizin hesablamalarından da istifadə edirik. Düşünürük ki, gələn il "Brent"in qiymətlərindəki dalğalanmaların diapazonu 80-85 dollar/barel civarında ola bilər. Bu, gələn il üçün sosial-iqtisadi inkişaf proqnozunu formalaşdırarkən nəzərə alınan rəqəmlərdir", - Novak "Rossiya 24" telekanalına müsahibəsində bildirib.

 “Fitch Ratings” beynəlxalq reytinq agentliyi də 2023-2024-cü illər üçün “Brent” markalı neftin orta qiyməti üzrə proqnozunu artırıb. 2024-cü ildə qiymətin 80 dollar səviyyəsində olacağı ehtimal edilir.

Xatırladaq ki, bu yaxınlarda “Bloomberg” nəşri analitiklərin növbəti il üçün proqnozlarını dərc etmişdi. Bildirilmişdi ki, gələn il qiymətlərin yüksəlməsi ehtimalı var. Məlumata görə, ABŞ-ın beş əsas investisiya bankının 2024-cü ildə “Brent” markalı neftin qiyməti ilə bağlı proqnozu indiki 76,6 dollar/barel səviyyəsi ilə müqayisədə orta hesabla 85 dollar/barel təşkil edir. Analitiklərin neftin qiyməti ilə bağlı proqnozları ötən illə müqayisədə daha ehtiyatlı olub. 

Analitiklər düşünürlər ki, neftin qiymətinə bir sıra siyasi və iqtisadi amillər təsir edəcək. Yaxın Şərqdə artan gərginlik, o cümlədən Qırmızı dənizdə gəmilərə hücumlar və İranın mümkün təsirinin artması, Venesuela və Qayana arasında neft hasilatını və yüksək qiymətləri təhdid edə biləcək mübahisə, neft hasilatının artması ilə OPEC+ strategiyasında mümkün dəyişiklik qiymətlərin aşağı düşməsinə və enerji şirkətləri üçün müvəqqəti çətinliklərə səbəb ola bilər. Bundan əlavə, ABŞ-da şist neft hasilatının rekord həcmdə artmasını nəzərə almağa dəyər ki, bu da OPEC+ kartelində iştirak edən ölkələrin hasilatı azaltmaq səylərini heçə endirir. Dolların zəifləməsi dünya bazarlarında neftin qiymətini aşağı salır və bu da öz növbəsində beynəlxalq tələbin artmasına səbəb ola bilər.

Fikrət Yusifov da prezidentliyə namizəd oldu-AÇIQLAMA

 Fikrət Yusifov

İqtisad elmləri doktoru, professor Fikrət Yusifov dedi ki, bir çox analitiklər gələn il neftin qiymətlərinin 80-85 dollar səviyyəsində olacağına dair proqnozlar səsləndirir və onların düzgün olduğunu əsaslandırmağa çalışırlar: “Unutmaq lazım deyil ki, bu gün dünyada neftin ətrafında gedən proseslər o qədər siyasiləşdirilib ki, neft artıq iqtisadi və ya enerji aləti deyil, siyasi alət kimi qarşımızdadır. Bu gün dünya dəyişir. Rusiya-Ukrayna müharibəsi, HƏMAS-İsrail hərbi toqquşması növbəti ildə dünya siyasət meydanında hansı dəyişikliklərin baş verməsinə gətirib çıxaracaq? Dünyanın neft ehtiyatlarının böyük bir hissəsinin olduğu Yaxın Şərq bu gün barıt çəlləyini xatırladır. Bu regionda indi baş verən hadisələr növbəti ildə hansı istiqamətdə inkişaf edəcək? Buna heç kim təminat verə bilməz. Çünki sadalanan bütün bu hadisələrin dünya neft bazarına birbaşa və dolayı təsirləri mümkündür. 

Bu gün neftin qiymətlərinin bir barel üçün 80-85 dollar səviyyəsində olması bütün neft hasil edən ölkələrə sərf edir. Hətta öz xərclərini artıq çoxdan bir barel üçün 70 dollar səviyyəsindən yuxarı yüksəltmiş Səudiyyə Ərəbistanı üçün də bu qiymətlər əlverişli hesab olunur. Lakin 2024-cü ildə nələr baş verəcək? Qiymətlər bu səviyyəsi qorunub saxlanılacaqmı? Bu az inandırıcı görünür. Söylənilən bu fikirlərlə növbəti ildə neftin qiymətlərinin yalnız azalacağına işarə etmək istəmirik. Əksinə, gələn il bu qiymətlərin kəskin azalması qədər də kəskin artması şansları var. Hər şey dünya çapında siyasi müstəvidə baş verən hadisələrin hansı axarla getməsindən asılı olacaqdır. Azərbaycanın növbəti il Dövlət büdcəsindəki bütün hesablamalar neftin bir bareli üçün 60 dollar səviyyəsində götürülüb. Hesab edirəm ki, bu qiymətlərin təhlükəsiz bir  səviyyəsidir və seçim doğrudur".

İlham Şaban: “Neftin qiyməti bu səbəblərə görə bahalaşır” - 20.12.2020,  Sputnik Azərbaycan

İlham Şaban

Neft Araşdırmaları Mərkəzinin rəhbəri İlham Şaban “Yeni Müsavat” a bildirdi ki, noyabrın sonu, dekabrın əvvəlində istər OPEC, istərsə də Beynəlxalq Enerji Agentliyinin proqnozlarına əsasən 2024-cü il üçün neftin qiymətinin hətta 91 dollar olacağı ehtimal edilir. Ekspert növbəti il üçün neftə olan tələbatın artacağını, gündəlik 102 milyon barel proqnozlaşdırıldığını qeyd etdi. Bu 2023-cü illə müqayisədə artıq olacaq. Neftə tələbat kifayət qədər yüksək həcmdə olduğundan qiymətlərin enməsi deyil, “Brent” markı neftin qiymətinin 83 dollar ətrafında olacağı proqnozlaşdırılır. Sentyabr ayında verilən proqnozlarda isə qiymətin builkindən aşağı olacağı deyilirdi. Bugünlərdə isə proqnoz dəyişdi. Hazırda bazarda neftə kifayət qədər tələbat var".

İ.Şaban vurğuladı ki, OPEC+ strategiyasında mümkün dəyişiklik, Yaxın Şərqdəki gərginlik və s. geosiyasi amillər nəinki neft, neft məhsullarının qiymətinə də təsir edir: “Bildiyimiz kimi,  Çindən sonra Rusiya neftini ən çox Hindistan alır. Hindistanda çox yaxşı neftayırma zavodları var. Neft məhsulları Qırmızı dəniz vasitəsilə Avropa bazarına ixrac edir. 9-12 gün yol qət etmək ciddi xərc tələb edir. Bu da təbii ki, neft və neft məshullarının qiymətinə təsir edir. Siyasi, hərbi gərginliklər enerji daşıyıcılarının qiymətinə hər zaman təsir edən amil olub. Neftin qiyməti artan kimi enerji inflyasiyası olur, yəni mal və xidmətlərin qiyməti də qalxır. Biz də idxalçı olduğumuz üçün neftin qiymətinin 75 dollar ətrafında olması daha sərfəlidir”. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR