İnsanlara hürriyət, millətlərə istiqlal!

Neft pullarımızın 65 faizini dollarla saxlamağa qərar verildi

1394 29.12.2023 09:02 İqtisadiyyat A A

Ekspert: “Dollara alternativ yalnız qızıl ola bilər”

Dekabrın 27-də Prezident İlham Əliyev 2024-cü ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsini, həmçinin vəsaitindən istifadənin əsas istiqamətləri (proqramı) və investisiya siyasətini təsdiq edən fərman imzalayıb. Fərmana əsasən, 2024-cü il üzrə fondun investisiya portfelinin proqnozlaşdırılan məcmu dəyəri (ortaçəkili həcmi) 52,6 milyard ABŞ dollarına bərabər olacaq.

Fərmanla Neft Fondunun 2024-cü il büdcəsinin gəlirləri 12 milyard 73 milyon 255,5 min manat, xərcləri isə 12 milyard 900 milyon 232,5 min manat məbləğində təsdiq edilib. 

Hesablama Palatasının Neft Fondunun 2024-cü il büdcə layihəsinə verdiyi rəydə bildirilir ki, 2024-cü il üçün fondun büdcəsinin baza göstəricisi olan 1 barel neftin orta illik ixrac qiyməti növbəti il üçün 60,0 ABŞ dolları, qazın Avropa Hub qiyməti 1000 kub metr üçün 511,0 ABŞ dolları (BP tərəfindən təqdim edilən məlumata əsasən), Azərbaycan manatının ABŞ dollarına qarşı orta illik məzənnəsi dövlət büdcəsi ilə eyni səviyyəsində götürülüb.

Cari il üçün təsdiq edilmiş fondun ilkin büdcəsi ilə müqayisədə “Azəri-Çıraq-Günəşli” yatağı üzrə hasilatın həcminin azalmasına və “Şahdəniz” yatağı üzrə qaz hasilatının təxminən eyni olmasına baxmayaraq, xam neftin satış qiymətinin 10 dollar artıq nəzərdə tutulması, idarəetmə gəlirlərinin isə idarəedilən vəsaitin həcminin və gəlirlilik faizinin də artması ilə təxminən 2,0 dəfə artıq olması fondun 2024-cü il büdcəsinin 2023-cü il ilkin təsdiq olunmuş büdcəsinə nəzərən (3 milyard 82,3 milyon manat) 34,3 faiz artıq, transfert həcminin isə tarixi maksimum həddində nəzərdə tutuması ilə fondun büdcəsinin kəsirlə (-827,0 milyon manat) formalaşmasının proqnozlaşmasına şərait yardıb.

Dövlət Neft Fondunun növbəti il üçün proqnozlaşdırılan gəlirləri cari ilin dürüstləşdirilmiş proqnozlaşdırılan gəlirlərindən təqribən 1,4 dəfə, gözlənilən icra göstəricilərindən isə 1,6 dəfə az nəzərdə tutulub. Fərmana əsasən, fondun büdcə gəlirləri 2022-ci ilin müvafiq icra göstəricisindən 4 milyard 793,3 milyon manat və ya 28,4 faiz, 2023-cü ilin təsdiq olunmuş büdcə gəlirindən 4 milyard 264,2 milyon manat və ya 26,1 faiz, 2023-cü ilin gözlənilən icra göstəricisindən isə 6 milyard 766,3 milyon manat və ya 35,9 faiz azdır

Cari ilin 9 ayı üzrə fondun büdcə gəlirlərinin 91,1 faiz, büdcə xərclərinin 30,3 faiz icra olunması, müvafiq tarixə xam neftin xalis mədaxil qiymətinin (78,6 ABŞ dolları) ilkin proqnozlaşdırılan (60,0 ABŞ dolları) məbləğdən 18,6 ABŞ dolları yuxarı olması fondun aktivlərinin cari ilin əvvəli ilə müqayisədə (49 milyard 33,6 milyon ABŞ dolları) 6 milyard 490,3 milyon ABŞ dolları və ya 13,2 faiz artaraq 55 milyard 523,8 milyon ABŞ dollarına (151,7 milyon ABŞ dolları büdcədənkənar xərclər nəzərə alınmaqla) çatmasına şərait yaradıb. Fondun gəlir və xərclərinin 9 aylıq icrasının həcminə, həmçinin xam neftin xalis mədaxil qiymətinin büdcədə nəzərdə tutulan proqnoz qiymətlərinə nisbətdə artıq olması, fondun əsas gəlir mənbəyi hesab edilən mənfəət neftinin və qazın satışından ilin sonuna təsdiq ilə müqayisədə gözlənilən daxilolmalarda 2 milyard 516,6 milyon manat və ya 21,4 faiz artıq olması hesabına ilin sonuna fondun gəlirlərinin təsdiqlənən büdcəsindən artıq icra edilməsi gözlənilir.

Təsdiq olunmuş büdcəyə əsasən, 2024-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərin 1 milyard 842,3 milyon ABŞ dolları və ya 3 milyard 131,9 milyon manat olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2022-ci ilin müvafiq icra göstəricisindən (3 milyard 613,8 milyon manat zərər) 6 milyard 745,8 milyon manat çoxdur. 2023-cü ildə Dövlət Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirləri ilkin olaraq 2 faiz və ya 1 milyard 590,0 milyon manat proqnozlaşdırılıb, lakin sonradan bazarda baş verən prosesləri nəzərə alaraq dürüstləşmiş büdcədə gözlənilən gəlirlilik 4,5 faiz olaraq müəyyənləşdirilib. Lakin 9 aylıq icra göstəricilərinə əsasən vəsaitlərin idarə olunmasından 2 milyard 651,1 milyon manat və ya 3,1 faiz gəlir əldə olunub.

Manatın iyunun 6-na olan məzənnəsi ABC.AZ

Palata qeyd edir ki, fond əksər regionların maliyyə bazarlarında iştirak məqsədilə müxtəlif valyutalara ifadə olunan aktivlərə investisiyalar edir ki, bu da məzənnə dəyişikliyindən yaranan fərqlə nəticələnir: “Məzənnə dəyişikliyinin volatil olmasını nəzərə alaraq aktivlərin valyuta məzənnəsinin dəyişməsindən təsirini minimuma endirmək məqsədilə fondun valyuta strategiyasının daha da təkmilləşdirilməsinin zəruriliyini qeyd edirik. Bu ilin 9 ayında fondun büdcədənkənar xərcləri 151,7 milyon ABŞ dolları təşkil edib. O cümlədən qızıl üzrə 159,3 milyon ABŞ dolları gəlir əldə edilib, valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq üzrə xərc isə ümumilikdə 311 milyon ABŞ dolları təşkil edib. Valyutalar üzrə mənfi gəlirlilikdə əsas payı avro (97,8 milyon ABŞ dolları), yapon yeni (93,2 milyon ABŞ dolları) və türk lirəsi (54,9 milyon ABŞ dolları) portfelləri üzrə olub.

Fondun 2021-2023-cü ilin 9 ayı üzrə valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq göstəricilərinə əsasən 2021-ci ildən hesabat tarixinə kimi bu göstəricilər üzrə fondun zərəri 3 milyard 756,5 milyon manat və ya 2 milyard 209,7 milyon ABŞ dolları təşkil edib. Xərclərin böyük əksəriyyəti üç valyuta üzrə olub və zərər illərlə davam edib. Belə ki, 2021-ci ildə zərərin 94,9 faizi, 2022-ci ildə 63,2 faizi, 2023-cü ilin 9 ayında isə 79,1 faizi Avro, yapon yeni və türk lirəsi üzrə yaranıb. Fondun müxtəlif valyutalara investisiya qoymaqla öz valyuta riskini diversifikasiya etməyə çalışdığı müşahidə edilsə də, portfelə daxil olan bəzi valyutalar üzrə uzun müddət fondun baza valyutası olan ABŞ dollarına nisbətdə əhəmiyyətli dəyər itirməsi halları, büdcədənkənar xərclərlə bağlı risklərin minimumlaşdırılması məqsədilə fondun investisiya siyasətində və müxtəlif valyutalar üzrə əməliyyatların təkmilləşdirilməsi istiqamətində əlavə tədbirlərin görülməsinə ehtiyac olduğunu qeyd edirik".

Qeyd edək ki, 2024-cü il üçün Dövlət Neft Fondunun vəsaitlərinin idarə edilməsi ilə bağlı gəlirliliyi 3,5 faiz proqnozlaşdırılıb. 2023-cü ilin 9 ayı üzrə Dövlət Neft Fondu vəsaitlərinin idarə edilməsindən 1 milyard 559,5 milyon ABŞ dolları və ya 2 milyard 651,1 milyon manat məbləğində reallaşdırılmamış gəlir əldə edib. Fondun 2023-cü il üzrə qəbul edilmiş investisiya siyasətinə əsasən investisiya portfelinin minimum 50 faizi borc öhdəlikləri və pul bazarları alətlərindən, 25 faizə qədəri səhmlərdən (pay), 10 faizə qədəri daşınmaz əmlakdan və 15 faizə qədəri isə qızıl alt portfellərindən ibarət olub.

Təsdiq olunan investisiya siyasətinə əsasən 2024-cü ildə fondun investisiya portfelinin məcmu dəyərinin 65 faizi ABŞ dollarında ifadə olunan aktivlərə; 20 faizi avroda ifadə olunan aktivlərə; 5 faizi İngiltərə funt sterlinqində ifadə olunan aktivlərə; qalan 10 faizi isə digər valyutalarda ifadə olunan aktivlərə yerləşdirilə bilər. 

Elman Sadıqov: “Azərbaycan 2030-cu ildən etibarən alternativ enerji üzrə  önəmli ixracatçıya çevriləcək”

İqtisadçı-ekspert Elman Sadıqovun sözlərinə görə, fond aktivlərində dolların payının yüksək olması təbiidir: “Bu gün aktivlərin çox hissəsinin niyə dollarda saxlanması sualını verərkən, hazırda dollara alternativ olan valyutanın olub-olmaması məsələsinə aydınlıq gətirmək lazımdır. Və hamıya da aydındır ki, bu gün  dünyada dollara alternativ olacaq ikinci valyuta yoxdur. Yalnız investisiya baxımından qızıl dollarla müqayisə oluna bilər. Dəyərindəki qısamüddətli volatilliklərə baxmayaraq, dollara yeganə rəqib qızıldır. Hətta avro belə bütün gözləntilərə rəğmən, dolları əvəzləyə bilmədi. Bu gün avro dollardan sonra ikinci dönər valyutadır. Onun Avropa İttifaqı kimi böyük iqtisadi birliyin valyutası olması belə dollarla rəqabətdə irəli çıxmasını təmin edə bilməyib. Yenə də dollar dünyada ən güvənli valyuta olaraq qalmaqdadır. Nədən? Çünki bütün dünyada istər fiziki şəxslərin, istərsə də mərkəz bankların əsas yığım valyutası dollardır. Hazırda dünya ölkələrinin valyuta ehtiyatlarının 60 faizi dollardadır. Hətta Rusiyanın son vaxtlar xüsusilə dollara əvəz kimi təbliğ etməyə çalışdığı yuanın vətəni olan Çində də ehtiyatların mühüm hissəsi dollarda saxlanılır”.

Ekspert bildirir ki, qlobal ticarətin 80 faizi dollarla reallaşdırılır: “Dünyada valyuta ticarətinin 88 faizində dollar iştirak edir. Eyni zamanda hələ də dünyada petrodollar sistemidir. Bu sistemin içində olan hər bir tərəf dolları sevməsə belə, ondan asılıdır, ondan istifadə etməlidir. Bu o deməkdir ki, nə satırsan sat, kotirovkası dollarla hesablanacaq. Hətta qızıl-valyuta ehtiyatlarının mühüm tərkib hissəsi olan qızılın dəyəri belə dollarla hesablanır. Yalnız Avropa İttifaqı ölkələrinin bir-biri ilə qarşılıqlı ticarətinin 65 faizi avro ilə reallaşır, Aqalan bütün ticarətlər dollarla həyata keçirilir. Yəni Azərbaycanın valyuta ehtiyatlarının 65 faizinin dollarla ifadə oluna aktivlərdə saxlanması reallıqdan doğan vəziyyətdir. Bu vəziyyəti dəyişmək istəsək, yeganə seçim qızıl ola bilər. Düşünürəm ki, qızılın investisiya portfelində payının artırılması pis olmazdı. Xüsusilə gələn ildən FED-in uçot dərəcəsini azaltması ilə dolların digər valyutalara nəzərən ucuzlaşması gözlənilirsə, ehtiyatların bu valyutada olan hissəsinin bir qismini qızılla əvəz etmək daha doğru yanaşma olardı”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR