Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən incəsənət məktəb və mərkəzlərində ilk dəfə mərkəzləşdirilmiş buraxılış imtahanları keçirilir.
Musavat.com xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumata görə, imtahanlara iyunun 8-də Bakıdakı təhsil müəssisələrində başlanılıb. İyunun 10-dan etibarən isə proses ölkə üzrə bütün müvafiq incəsənət məktəb və mərkəzlərini əhatə edir.
Cari tədris ilində buraxılış imtahanlarında təxminən 8 min şagirdin iştirakı nəzərdə tutulub. Məqsəd şagirdlərin nəzəri biliklərini, praktiki bacarıqlarını və yaradıcılıq potensialını vahid meyarlarla qiymətləndirməkdir.
İmtahanlar təsdiq olunmuş tədris proqramları əsasında təşkil edilir. Yeni qiymətləndirmə modeli təhsil sahəsində vahid standartların formalaşdırılmasına və nəticələrin daha dəqiq müəyyən edilməsinə xidmət edir.
Buraxılış imtahanlarının nəticələrinə əsasən, məzunlara bu ildən ilk dəfə elektron şəhadətnamələr təqdim olunacaq.






