İnsanlara hürriyət, millətlərə istiqlal!

Nazirə müraciətə operativ reaksiya verildi - istintaq araşdırması başlandı FOTO

3478 22.06.2023 20:11 Hadisə A A

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Biləsuvar Quşçuluq" ASC-nin Seyran adlı rəhbərinin 30 nəfər Azərbaycan vətəndaşının qul kimi işlədilib pullarının verilməməsinə operativ reaksiya verilib.

Qrupun baş inspektoru, polis kapitanı Məhəmməd Rzayev musavat.com-a bildirib ki, məsələ ilə bağlı Bakı şəhər sakini Mübariz Quluzadənin müraciəti əsasında hazırda Biləsuvar Rayon Polis Şöbəsində istintaq araşdırması aparılır. Araşdırma zərurəti ilə bağlı müvafiq izahatlar alınıb və məhkəmə tikinti-texniki obyektlərin tədqiqi ekspertizası təyin edilib. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Qeyd edək ki, redaksiyamıza müraciət edən vətəndaşların şikayəti əsasında "30 Azərbaycan vətəndaşı nazirdən kömək istəyir – Seyran bizi qul kimi işlədib, indi də pulumuzu vermir" sərlövhəli yazı yayınlamışdıq.

Həmin yazıdan sitat: “Biz daxili işlər naziri Vilayət Eyvazovdan xahiş edirik ki, bu məsələni şəxsi nəzarətinə götürsün və bizi işlədib pulumuzu verməyən “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri Seyran adlı şəxs cəzalandırılsın” – redaksiyamıza müraciət edən 30 Azərbaycan vətəndaşı deyirlər ki, Biləsuvar Polis Şöbəsinə müraciət edib qanunsuzluğa son qoyulmasını istəyiblər. Lakin proses onların düşündüyü tərəfə istiqamət almayıb. “İlk olaraq Seyranı polis şöbəsinə çağırdılar, ifadəsini aldılar, o da bizlərə yalvarmağa başladı ki, şikayət etməyin, pulunuzu verəcəyəm. Amma sonradan vəziyyət dəyişdi. Polis şöbəsindən çıxandan sonra Seyran dedi ki, “gedin kimə istəyirsiz şikayət edin, mən sizə pul verən deyiləm”. Hörmətli cənab nazir, polis şöbəsində şikayətimizə hazırda olduqca biganə yanaşılır, son nəticədə mülki iş kimi rəsmiləşdirilməsinə cəhdlərin olacağına dair Seyranın yaxın ətrafından məlumat almışıq. Halbuki bu adam bizləri işlədib və pulumuzu verməməklə, açıq-aşkar dələduzluq etməkdədir. Sizdən xahiş edirik ki, məsələni şəxsi nəzarətinizə götürməklə araşdırılmasına göstəriş verəsiniz”- zərərçəkənlərdən Mübariz Quluzadə belə deyib.

“Yeni Müsavat” əməkdaşı məsələ ilə bağlı “Biləsuvar-Quşçuluq” ASC-nin rəhbəri ilə əlaqə saxlayıb. O, ittihamlara münasibət bildirməkdən yayınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

b20347ae-c588-47d2-99e9-5b1377634f3d.jpg (99 KB)

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR