İnsanlara hürriyət, millətlərə istiqlal!

Naxçıvanlı stalker

1815 21.02.2023 09:50 Yazarlar A A

Amerikalı qardaşlarımızda “American dream” deyə çox ünlü bir anlayış vardır. Dilimizə çevirməsi “Amerikan xəyalı”, ya da “amerikalı arzusu” kimidir. Məzmunu isə budur ki, ABŞ hər kəsə bərabər imkanlar yaradır, ölkədəki azadlıq sayəsində istədiyin arzuna yetə bilərsən. Məsələn, keçən əsrin ortalarına qədər Amerikada zənciləri adam yerinə qoymurdular, rəhmətlik Martin Lüter Kinq qaradərili camaatın azadlığı uğrunda mübarizəsinə “Mənim bir arzum var” cümləsi ilə başlamışdı.

Bizdə də insanların hər arzusu yerinə yetir. Şəxsən mən yaradılan bu dövlətçilik şəraitinə görə Binəqədi Rayon İcra Hakimiyyətinə dərin minnətdarlığımı çatdırıram. Dünən eyni anda həm suyumuz, həm qazımız kəsilmişdi. İşıq da kəsilsə, təxminən Xarkovda yaşaya bilərdim. Halbuki hələ Putin Ukraynaya girməzdən qabaq (bu da onun “dream”i, yaxud dramıdır) həmişə arzu edərdim gedim Xarkovu görüm, gəzim. Biləcərini Xarkova çevirmək əslində o qədər çətin deyilmiş. Yetər arzu edəsən! Yetər xəyallarının ardıyca koşasan! Bir əski şarkıda deyilən kimi: “Bak kardeşim, Elini ver bana, Gel kardeşim, Neşe getirdim sana”. Hərçənd hazırda bu mahnının, konkret bu bəndinin son cümləsi cənub bölgələrimizdə çoxmənalı səslənir.

Ancaq respublikamızın bir ərazisi var ki, orada ən dərin, ən səmimi arzular da hazırda yüksək keyfiyyətlə yerinə yetir. Bəli, səhv etmədiniz, bu, Naxçıvandır, Nəqşicahandır. Naxçıvan Tarkovskinin “Stalker” filmində təsvir elədiyi məşhur Zonadır. Orada bütün arzular yerinə yetir. Ümid edirəm kinoçəkənlərimiz təzə, milli “Stalker” filmini yaradarlar. Ərazidə bunun üçün tam şərait vardır. Məsələn, oranın blokadada olması. Əski zamanlardan qalma, yarıdağınıq dəmir yolu. Mineral sular. İlandağ. Əshabi-Kəhf mağarası, Gəmiqaya, nə bilim, Böyük bəyin hicrət kəndi. Səssizlik. “Stalker” filminə kim baxmışsa, şübhəsiz məni anlayacaqdır.  Görünür, Naxçıvanın Nuh peyğəmbərin vaxtından qalma energetikası bu kimi mübhəm (sirli yazsam pis, bisavad görünər)  işlərdə böyük rol oynayır.

Yaxşısı budur gəlin xəbərin özünü oxuyaq: “Baş prokuror Kamran Əliyevin müvafiq əmrləri ilə Naxçıvan Muxtar Respublikası Prokurorluğunun İstintaq şöbəsinin rəisi İlqar Əsgərov və NMR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru Əsrafil Əsgərov öz arzularına əsasən tutduqları vəzifədən azad olunaraq prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib” (APA).

Bəli. Söhbət budur. Təzədən oxuyun: “... öz arzularına əsasən ...” Möhtəşəm faktdır. Prokurorlar işdən çıxmağı arzulayırmış, arzu yerinə yetmişdir. İndi mən sizdən soruşmaq istəyirəm, ey uca millət, cavab verin görək ilin-günün bu vaxtında kim öz arzusuna əsasən prokurorluqdan işdən çıxardı? Biz dəqiq əminik ki, “prokurorluq çətin, məsul və şərəfli peşədir”, oradan işdən arzu ilə çıxmaq olmaz. Ancaq Naxçıvanda bunu arzu edirlər və çıxırlar.

Bəlkə də bu yoldaşlar uzun illər işdən çıxmağı arzu edir, onu qəlblərinin dərin guşələrində sirr (bax: mübhəm) olaraq saxlayırmış. Gün bu gün imiş. Qismət indiymiş. Gəlib arzu yerinə yetibdir.

Yazını isə “Barı Naxçıvan” mahnısının sözləri ilə bitirmək istəyirəm:

“Qoynuna gül üzlü şux nigar gəlir,

Müjdə ver bülbülə, ilk bahar gəlir.

Qızlar bulağına nazlı yar gəlir,

Ey könül mülkümün barı, Naxçıvan, ay balam,

Ellərin sevgili yarı, Naxçıvan".

Qədrimi bilin, hər müəllif “Stalker” filmi ilə “Barı Naxçıvan” mahnısını bir köşə yazısında birləşdirməyi bacarmazdı. Açığı, bu da mənim arzum olub həmişə...  

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR