Sosial şəbəkələrdə yayılan nadir arxiv videogörüntülər Rusiyanın müasir tarixində həlledici bir anı yenidən gündəmə gətirib.
Musavat.com xəbər verir ki, kadrlarda Rusiyanın sabiq prezidenti Boris Yeltsin ailə üzvləri ilə birlikdə 2000-ci il prezident seçkilərinin gedişini canlı yayımda izləyir, nəticələr elan olunduqca emosional reaksiyalar verir və qalib namizəd Vladimir Putinlə telefonla tanış olmaq istədiyini bildirir.
Səsvermənin yekun nəticələri açıqlanandan sonra Yeltsinin qızı atasını qucaqlayaraq onu təbrik edir, Yeltsin isə öz komandasına müraciətlə bu seçkiləri “azad seçkilər” adlandırır, Rusiyanın və medianın daha da azad olacağını, Putinin gəlişi ilə bu azadlıqların genişlənəcəyini deyir.
Bu görüntülər bu gün geriyə baxdıqda son dərəcə simvolik və ibrətamiz təsir bağışlayır. Çünki Yeltsinin “öz varisi” kimi irəli sürdüyü Putinin hakimiyyətə gəlişi Rusiyada nə siyasi azadlıqları, nə də media müstəqilliyini artırdı.
Əksinə, ölkə avtoritar idarəetmə modelinə keçdi, cəmiyyət daxilində təzyiqlər dərinləşdi, regionda və dünyada silahlı münaqişələr başladı və bu proses bu gün də davam edir. Arxiv kadrları açıq şəkildə göstərir ki, Yeltsin həmin günlərdə gələcəkdə baş verəcəkləri bilsəydi, böyük ehtimalla Putini siyasi varis kimi önə çıxarmazdı. Rusiyanın “azadlıq ümidləri” kimi təqdim olunan o anlar sonradan həm Rusiya, həm də dünya üçün ağır nəticələr doğuran bir dönüm nöqtəsinə çevrildi.
Musavat.com






