İnsanlara hürriyət, millətlərə istiqlal!

“Müxalifətdə Ərdoğanın rəqibi yoxdur”: vahid türk birliyi yaratma arzusu gerçək olacaqmı? - rəy

819 31.01.2023 13:28 Siyasət A A

Camal Zehir: “Ərdoğanın strategiyası türk və İslam dünyası üçün önəmlidir”

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bugünlərdə çıxışı zamanı seçkilərdə namizədliyi ilə bağlı əks fikirdə olanlara cavab verib. O qeyd edib ki, bu qədər zaman keçməsinə baxmayaraq, onun seçkilərdə iştirakını istəməyənlər real namizəd təqdim etməyiblər:

“Türkiyə 2018-ci ildə yeni idarəçilik sisteminə keçid etdi. Bu o deməkdir ki, xronometr sıfırlanıb. 2018-ci ildə seçilən ölkə başçısı yeni sistemin ilk ölkə başçısıdır. "Altılıq" masanı qurdular, lakin namizəd çıxara bilmədilər. Namizəd çıxara bilməyəndə də bizim namizədliyimizə ləkə atmağa başladılar. Biz aylardır namizədik. Namizədinizin adını çəkin, ər meydanında mübarizə aparaq".

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın çıxışından öncə “altılı masa”nın 10 saat çəkən iclasından sonra verilən açıqlamanı xatırlamaq da yerinə düşər: “Konstitusiya və qanunvericilikdə açıq şəkildə yazılıb ki, Türkiyə Böyük Millət Məclisi (TBMM) tərəfindən dəyişiklik edilmədiyi müddətdə Ərdoğanın 14 may seçkilərində üçüncü  dəfə namizəd olması mümkün deyil. Hazırkı ölkə başçısının konstitusiyaya zidd olaraq üçüncü dəfə namizədliyini elan etməsi demokratik tariximizə əlavə olunan qara səhifədir”.

Cemal Zehir Kimdir? Cemal Zehir Asgari Ücret Zammına İlişkin Ne Dedi? |  Edirne Jet Haber

Camal Zehir 

Professor Camal Zehir “Yeni Müsavat”a Türkiyədə mayın 14-ü gözlənilən seçkiləri şərh edərkən bildirdi ki, Ərdoğanın seçilməməsi Azərbaycana mənfi təsir edə bilər. Professor qeyd etdi ki, Ərdoğanın strategiyası türk və İslam dünyası üçün önəmlidir: “Ərdoğan dünyada güclü türk birliyi qurmaq istəyir. Birləşmiş türk millətləri birliklərini birləşdirərək güc yaratmağa çalışır. Müxalifətin isə belə xəyalı yoxdur. Bəlkə İyi Partinin belə arzusu var, amma CHP-nin dəqiq yoxdur. Bu baxımdan, münasibətlərin yaxşılaşacağına ümid etmirəm. Hazırda Ərdoğanın seçkidə qalib gəlməməsi müzakirə mövzusu deyil. İlk növbədə ona görə ki, müxalifətdə Ərdoğana rəqib yoxdur. Azərbaycan və türk dünyası rahat ola bilər”.

C.Zehir hesab edir ki, Ərdoğan təkcə, region üçün deyil, qlobal səviyyədə nüfuzu olan liderdir: “İran və İsrail arasında illərdir gərginlik hökm sürür. İsrail dövləti qurulduğu gündən gərginlik başlayıb. Bəzən daha da artır, bəzən də azalır. Ərdoğanın bu iki dövlət arasında seçim etmək haqqında düşündüyünü zənn etmirəm. Ərdoğan hökumətinin İsrailə münasibətdə neqativ tonunun yeganə səbəbi İsrailin fələstinlilərə qarşı törətdiyi qətliamdır. Daha öncəki hakimiyyətin idarəçiliyi bu qədər sərt deyildi, münaqişəni körükləyən siyasətə meylli deyildi. Hazırda isə İsraildə seçki keçirilməsi müzakirə olunur. "Netanyahu seçkilərdə qalib gələ bilərmi" sualına gəlincə, hesab edirəm ki, müttəfiqlərlə problem yaranma ehtimalı olduğuna görə qalib gəlmə şansı daha azdır. Rusiya-Ukrayna müharibəsinə gəlincə, Ərdoğan sülh yaratmağa çalışan lider kimi çıxış edir. O, Ukraynanın işğalını birmənalı şəkildə dəstəkləmir, Rusiyanın işğal etdiyi torpaqlardan geri çəkilməsini istəyir. Ölkə başçısı bunu savaş yolu ilə deyil, masa ətrafında danışıqlar yolu ilə, yəni sülh ilə əldə etməyə çalışır. Görünən odur ki, Putinin geri çəkilməyə niyyəti yoxdur".

Professor siyasi proseslər və hərbi əməliyyatlar fonunda Rusiya iqtisadiyyatının ciddi zərər gördüyünə diqqət çəkdi: “Rusiyada ixracatın həcmi azalıb. Rəsmi rəqəmlərlə reallıq arasında ciddi fərq olduğunu düşünürəm, çünki Rusiya nefti və qazı dünya bazarına daha ucuz qiymətə satır. Digər tərəfdən, Avropa da embarqolar tətbiq edir. Buna görə də sual olunur ki, iqtisadiyyatın bu qədər zərər görməsi fonunda Putin nə qədər davam gətirə biləcək? Avropa ölkələri və ABŞ Ukraynaya təxminən 25 milyardlıq  silah-sursat yardımı edib. Rusiyanın resursları isə tükənir. Bir sözlə, müharibənin davam etməsi Rusiyanın əleyhinədir. Qərb də bunu istəyir-rusların Ukraynada gücdən düşməsini. Ərdoğanın da demək istədiyi budur ki, Rusiyanın özünü bu qədər yormasına ehtiyac yoxdur, bu məsələləri masa ətrafında danışıb, həll etmək lazımdır. Putin isə hələ bu barədə düşünməsə də, görüşdüyü tək lider Ərdoğandır”.

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR