İnsanlara hürriyət, millətlərə istiqlal!

Musiqili ağlaşma

1576 01.11.2023 12:13 Yazarlar A A

“Çörək olarsa, mahnı da olar”

(Leonid Brejnev)

Oktyabrın 29-31 aralığında Bakıda Musiqi Forumu keçirildi. Əgər bizdə kimdən soruşsan ən inkişaf eləmiş incəsənət sahəsi hansıdır, dərhal musiqinin adını çəkərlər (ikinci yəqin heykəltəraşlıq olar, lakin mövzumuz bu gün ayrıdır). Kino yox kimidir, teatr canını tapşırıb, ədəbiyyat ağlamalı durumdadır, rəssamlar acından boya içir... Qalır bircə musiqi.

Musiqiyə dövlət qayğısı həqiqətən misilsizdir. Ölkədə 300-dən çox musiqi məktəbi, konservatoriya, musiqi akademiyası, musiqi kollecləri, filarmoniya, opera-balet, muğam mərkəzi... Saydıqca bitmir.

Qəbələdə, Şuşada, başqa yerlərdə vaxtaşırı musiqi festivalları keçirilir. Evroviziona ev sahibliyi, Qafqazın ən böyük musiqi salonu... Musiqiçilərin az qala yarısı xalq artisti, qalan yarısı da əməkdar artistdir. Təqaüdlər, evlər, medallar da ki öz yerində. Məzmunundan, formasından asılı olmayaraq istənilən efir verilişində ekspert mütləq manıslardan seçilir.

Amma forumda narazılıq edirdilər.

Buyurun, həmin tədbirdən bəzi çıxışlara baxaq. Özüm sitat yiyələrinin adlarını vermirəm, çünki böyük əhəmiyyət daşımır: “Bizim müğənnilər gərək Teylor Sviftdən dərs alsınlar. Svift oxumağı hesabına milyarder olub, hər il onun hesabına Amerikaya nə qədər turist gedir”, “Bakıda müəllif hüququmu tanımadılar, məcbur oldum caz mahnılarımı Almaniyada təsdiq etdirim”, “Telekanallarımızda ciddi musiqi yoxdur”, “Himnimizi yazmağa səviyəli studiya yoxdur, 3 dəqiqəlik iş üçün İngiltərədə 200 min funt xərclədik”, “Rok musiqiçi toyda çalmağa məcburdur”, “Musiqi sənayemiz yoxdur” və sairə.

Xalq artisti Zeynəb Xanlarova isə forumda intervü verməkdən yayındı, görünür, onun da çoxlu tənqidi fikirləri vardı, söyləyib başını ağrıtmaq istəmədi.

Açığı, gözlənilməz vəziyyətdir. Manıslar da narazıdırsa, onda qalan incəsənət nümayəndələri nə eləsinlər, başlarına haranın daşını salsınlar? Bəlkə toy tutmaq problemləri ilə üzləşiblər?

Yeri gəlmişkən, Teylor Svift qədər olmasa da, bizim manısların da pulu var. Bu yaxında onlardan biri 300 min manatlıq avtomobili ilə gündəmə gəlmişdi. Bəs ağlaşmanın səbəbi nədir? Doğrudanmı bizdə musiqi böhran yaşayır?

Bəlkə musiqiyə dövlət qayğısının çoxluğu orada arxayınlaşma yaradır, sənət axtarışlarının qarşısını alır? Musiqi yaradıcılığında azadlığın sərhədləri hara qədərdir? Hökumət sənətə qarışmasa, daha müsbət nəticələr əldə edilərmi? Düşünürəm ki...

Əşşi, zarafat edirəm, niyə musiqinin böhranı haqda düşünməliyəm? Bu barədə düşünməyim elə bu yazı bitənəcəndir. Heç mənə maraqlı da deyil. Çoxdan evlənmişəm, daha toyuma manıs dəvət edən deyiləm, dinləmək istəyəndə də köhnə mahnılardan tapıb qulaq asıram. Azərbaycan musiqiçiləri xalqdan o qədər uzaq düşüblər ki, onların problemləri xalqı narahat etmir. Xalq da indi meyxana-filanla başını qatır.

Ola bilər musiqidə böhran Qarabağın işğal altında qalmasıyla əlaqədar idi. Bu haqda Aqil Abbasın əsəri də var idi: “Çadırda Üzeyir Hacıbəyov doğula bilməz”. İndi, şükür, ta Qarabağ bizdədir, camaat yavaş-yavaş qayıdır, güman edirik o bölgədən yeni musiqi korifeylərimiz çıxacaqdır.

Manıslarımızın musiqi forumunda şikayətlərinə də baxılmaq ehtimalı şiddətlidir. Nəyə görə? Axı bizdə xalqın inamı var idi ki, şikayətlər havada qalır. Ancaq son dövrlər bu sahədə müsbət irəliləyiş yaranmışdır. Məsələn, “Bakubus” avtobusunun bir sürücüsü sərnişinlərlə kobud davranmışdı. Hətta kamera önündə belə demişdi: “Gedin hara şikayət edirsiniz, edin!” Video yayıldı, nəqliyyat şirkəti həmin şəxsi işdən çıxartdı.

İndi söz əlaqədar təşkilatlarındır - yazın görüm asudə vaxtınızda hansı müğənnini dinləyirsiniz?

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR