İnsanlara hürriyət, millətlərə istiqlal!

Müsəlman dünyasının tək nüvə dövləti ilə müttəfiqlik

978 21.06.2023 16:07 Media A A

 

Azərbaycan-Pakistan münasibətləri hər iki dövlətin dünyada mövqeyinə necə təsir edir?

Azərbaycanın başda Türkiyə olmaqla, türk dövlətləri ilə müttəfiqlik münasibətlərinin dərinləşdirilməsi prosesi paralel olaraq nüvə silahına malik yeganə müsəlman dövləti Pakistan İslam Respublikası ilə də aparılır. Ötən həftə Pakistanın baş naziri Şahbaz Şərifin Azərbaycana ilk rəsmi səfərinin reallaşması ilə iki dost ölkənin münasibətlərində yeni bir mərhələ başlanmış hesab edilir. Səfərin Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Bakı səfərindən cəmi bir gün sonra həyata keçirilməsi də diqqətdən yayınmadı.

Pakistan-Azərbaycan münasibətlərini “Yeni Müsavat”a şərh edən politoloq Qabil Hüseynli bildirdi ki, Azərbaycan xalqı ilə Pakistan xalqı arasında dostluq əlaqələrinin tarixi kökləri var. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonrakı müddətdə isə dövlətlərimiz arasında rəsmi səviyyədə əməkdaşlıq, gözlənildiyi kimi, vüsət aldı. Bu gün artıq əlaqələr strateji müttəfiqlik münasibətləri səviyyəsinə qədər yüksəlməkdədir. Azərbaycan və Pakistan arasında çoxşaxəli münasibətlər mövcuddur. Humanitar, iqtisadi, hərbi, səhiyyə və digər sahələrdə sıx əməkdaşlıq münasibətləri var: “Hər iki ölkə bir-birinə sıx dostluq əlaqələri ilə bağlıdır. Bu amil Azərbaycanla Pakistanın istənilən məsələdə birgə hərəkət etməsində, istənilən sahədə əməkdaşlıq münasibətləri qurmasında öz müsbət təsirini göstərir. Pakistan Azərbaycanın müstəqilliyini tanıyan ilk dövlətlərdən biridir. Diplomatik əlaqələrin əsası isə 1992-ci ilin iyununda qoyulub. Bakıda Pakistan səfirliyi 1993-cü ilin martında açılıb, Azərbaycan İslamabadda öz diplomatik missiyasına 1997-ci ilin avqustunda başlayıb. İki dövlət arasında münasibətlərin inkişafı üçün ümummilli lider Heydər Əliyev böyük xidmətlər göstərib. Hazırda bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Pakistanla Azərbaycan arasında dostluq telləri o qədər güclüdür ki, Pakistanda hakimiyyətə kimin, hansı siyasi qüvvənin gəlməsindən asılı olmayaraq münasibətlər yüksələn xətlə davam edib və edir. Münasibətlərimizin müttəfiqlik səviyyəsinə çatması həm də hər iki ölkənin dünyada mövqelərini gücləndirir. İki ölkə arasında əməkdaşlıq siyasi, iqtisadi, təhlükəsizlik, mədəniyyət, müdafiə və digər sahələrdə davam etdirilir. Pakistan keçmiş Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ilk vaxtlardan öz qəti mövqeyini bildirib. Ermənistanı işğalçı adlandırıb. Pakistan Azərbaycana dəstək vermək və həmrəylik nümayiş etdirməklə bu günə kimi Ermənistanla diplomatik əlaqələr qurmayıb, onu bir dövlət kimi tanımayıb. Həmçinin Pakistan Senatının Xarici Əlaqələr Komitəsi Azərbaycana dəstəyini möhkəmləndirmək üçün Xocalı faciəsini soyqırımı kimi tanıyıb”.

Politoloq qeyd etdi ki, Azərbaycan da bütün məsələlərdə Pakistanın mövqeyini dəstəkləyir. Hər iki dövlət bir çox beynəlxalq platformalarda eyni maraqlardan çıxış edərək öz fəaliyyətlərini koordinasiya edir, bir-birini müəyyən məsələlərdə qeyd-şərtsiz dəstəkləyirlər: “İki dost dövlət müdafiə, enerji, infrastruktur layihələrinin icrası, informasiya texnologiyaları, səhiyyə və əczaçılıq, tekstil və farmakoloji preparatlar, xüsusilə bütün mümkün domenlərdə birgə müəssisələrin qurulması və digər sahələrdə əməkdaşlıq edirlər. Eyni zamanda Heydər Əliyev Fondunun bu ölkədə həyata keçirdiyi bir sıra humanitar və xeyriyyə xarakterli layihələr də ölkələrimiz arasında əlaqələrin inkişafına mühüm töhfə kimi dəyərləndirilir. Belə ki, Fond "Tolerantlığın ünvanı - Azərbaycan" layihəsi çərçivəsində Pakistanda bir neçə məktəbin yenidən qurulmasına dəstək nümayiş etdirib. Bu baxımdan, Pakistanda qızlar üçün yeni məktəbin tikintisi, İslamabadda, eləcə də Pakistanın digər əyalətlərində silsilə humanitar aksiyalar da xeyriyyəçilik tədbirləri sırasında yer alır".

Politoloq Azərbaycan-Pakistan əlaqələrində ən diqqət edilən və inkişafda olan sahənin hərbi əməkdaşlıq sahəsi olduğunu vurğuladı: “Pakistan-Azərbaycan əməkdaşlığında hərbi amil hər zaman mühüm rol oynayıb və bu gün də belədir. Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında 2002-ci ildə imzalanan müdafiə və hərbi sahədə əməkdaşlıq haqqında sazişdə hər iki ölkənin hərbi-siyasi sahədə tərəfdaşlığının prioritet istiqamətləri əks olunub. Bu müqavilə ilə dövlətlərimiz arasında hərbi əlaqələr daha da genişlənib.

2020-ci ilin sentyabrın 27-də başlanan İkinci Qarabağ müharibəsində ilk gündən Pakistan yenə də ədalətli mövqe nümayiş etdirərək Azərbaycanın haqlı mövqeyini dəstəklədi, ən yüksək səviyyədə Azərbaycana dəstək verməyə hazır olduğunu bəyan elədi. Hətta belə bir bəyanat da verilmişdi ki, Azərbaycan istəyərsə, istənilən an Azərbaycana hərbi dəstək verməyə hazırdır. Pakistanın bu mövqeyi Azərbaycan-Pakistan münasibətlərindəki qardaşlıq tellərini daha da möhkəmlətdi.

Pakistanın baş naziri Şahbaz Şərifin ötən həftə Bakıya səfərində isə Azərbaycanla müdafiə və müdafiə sənayesi sahəsində əməkdaşlığı müzakirə edilib, əvvəllər keçirilən birgə hərbi təlimlərin sayını artırmaq barədə razılığa gəlindiyi barədə rəsmi məlumat verilib. Azərbaycan Prezidenti İlham Əliyev həmin gün bəyan elədi ki, buna ehtiyac var, çünki dünyada vəziyyət dəyişir, qeyri-sabitlik zonaları çoxalır.

Azərbaycanla Pakistan arasında əməkdaşlıq, müttəfiqlik istiqamətində bir sıra mühüm sənədlər imzalanıb. Azərbaycan-Türkiyə-Pakistan geosiyasi üçbucağı qurulub. Regional və beynəlxalq əhəmiyyətə malik olan geostrateji reallıqların yarandığı yeni dönəmdə hər üç ölkə müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsində, bir-birinin milli maraqlarının beynəlxalq müstəvidə qorunmasında güclü siyasi iradə nümayiş etdirir. Türkiyə, Pakistan və Azərbaycanın strateji müttəfiqliyi Avrasiyada yeni aparıcı güc mərkəzinin formalaşmasını şərtləndirir. Bu üç dövlət beynəlxalq müstəvidə, regional məsələlərdə bir-birinə ən yüksək səviyyədə dəstək verirlər".

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR