İnsanlara hürriyət, millətlərə istiqlal!

Müəllimə əylənə bilməzmi? - qalmaqallı videoya reaksiyalar

1945 07.06.2022 21:21 Gündəm A A

Videonun yayılması məqsədyönlü hesab edən də var, müəllimələri qınayan da...


Sosial şəbəkələrdə akademik Zərifə Əliyeva adına Liseyin müəllimlərinin videosu yayılıb. Həmin videoda müəllimlərdən biri göbək rəqsi oynayır, təşkilati işlər üzrə direktor müavini Nigar Axundova həmin müəllimin sinəsinə pul basır. Bu video ölkədə ciddi ajiotaj yaradıb. Müzakirələrdən görünür ki, pedaqoqların əylənməsinə yanaşma birmənalı deyil. Əksəriyyət burada qəbahət görmür. Təkcə sosial mediada sözügedən video ilə bağlı müzakirələri müşahidə etmək kifayətdir ki, məsələyə real yanaşanların sayını müəyyən etmək mümkün olsun.

Jurnalist Fatimə Hüseynova Musavat.com-a bildirdi ki, yayılan görüntülər nə məktəbin, nə də həmin məclisdə iştirak edən müəllimlərin nüfuzuna xələl gətirə bilər, çünki...: “Görüntülər 8 mart Qadınlar günü münasibətilə təşkil olunan şənlikdə qeydə alınıb. O şənlikdə başqa məktəblərin pedaqoji heyəti də iştirak edib. Videonun bu gün yayılması məqsədyönlüdür. Hər iki övladım Akademik Zərifə Əliyev adına liseyin məzunudur. Bu videonu yayanlar heç Zərifə Əliyeva adına Liseyin illik qəbul balları, uşaqların qazandığı olimpiada nəticələri ilə maraqlanıblarmı? Hər il həmin məktəbdən nə qədər şagirdin xaricdə təhsil haqqı qazandığını araşdırıb işıqlandırıblarmı? Oğlum bu il məzun olacaq, hələ indiyə qədər müəllim günündə, qadınlar bayramında o məktəbdə uzağı sinif adından bir dəstə güldən başqa bir şey eləməmişik. Oğlumun 17 yaşı var, videonun yayılması onu çox sarsıdıb. Axı o videoda qəbahət heç nə yoxdur. Görüntülər məktəbdə çəkilməyib, normal kollektivlərdə işdən sonra hamı dostdur, yoldaşdır, rəfiqədir... Siz rəfiqələrinizlə ürəkdən əylənməmisiniz?”

Təhsil eksperti Kamran Əsədov isə bildirdi ki, 2014-cu ildə qəbul edilən “Təhsil işçilərinin etik davranış qaydaları haqqında” Qanuna görə bütün təhsil işçiləri istər tədris prosesində, istərsə də tədrisdən sonrakı fəaliyyətdə etik qaydalara mütləq şəkildə riayət etməlidirlər: “Əlbəttə, hər bir insanın istirahət hüququ var, amma təhsil işçiləri tələbləri diqqətdə saxlamalıdırlar. Araşdırma zamanı məlum oldu ki, video 8 Mart münasibətilə təşkil olunan məclisdə çəkilib. “Şəxsi toxunuzmazlıq haqqında” qanunun tələblərinə görə şəxsi görüntülərin sosial mediada yayılması, yaxud başqa məqsədlər üçün istifadə edilməsi yolverilməzdir. Akademik Zərifə Əliyeva adına Lisey nəticələrinə görə ölkədə birincidir. Tədris göstəricilərinə görə ən yaxşı məktəblər sırasındadır. Təbii ki, görüntü xoş deyil, müəllim davranışına uyğun deyil. Müəllim peşəsinin məsuliyyətinə diqqət etməyə borcludur. Bu görüntü məktəbi nüfuzdan salmaq, müəllimin karyerasına təhlükə yaratmaq üçün paylaşılıb. Müəllimlər şənliklərdə, toylarda oynaya bilərlər. Amma milli adət-ənənə, eyni zamanda milli dəyərlərimiz gözlənməlidir”.

Sosial mediada Akademik Zərifə Əliyeva adına Liseyin müəllimi Pərviz Ağalarovun paylaşımı da diqqətçəkəndir: “Sizin diqqətinizə 14 ildir fəaliyyət göstərən bu təhsil ocağında şagirdlərimizin əldə etdiyi nailiyyətlərin bir hissəsini təqdim etmək istəyirəm:

- qızıl medal sayı -66

- gümüş medal sayı- 17

- Ali məktəblərə qəbul faizi 99-100 %

- Respublika Fənn Olimpiadalarında qazanılan medal sayı- 118

- Ali məktəblərə qəbul zamanı 600 -dən yuxarı bal toplayanların sayı- 548 nəfər

- 700 bal toplayan - 2 nəfər

- Xarici ali təhsil ocaqlarına daxil olanlar- 334 nəfər

-bunun üzərinə xarici olimpiadalarda yer tutan, müxtəlif beynəlxalq layihələrdə iştirak edən, "Sabahın alimləri" layihəsində qalib gələn və ya müxtəlif yerlər tutan onlarla şagirdi də gəlin...

.... və bütün bunlara cəmi 14 ildə nal olunub, cəmi 14 ildə. Razılaşaq ki, onilliklər boyunca fəaliyyət göstərən təhsil müəssisələrinin çoxunun həsəd aparacağı statistikalardır.

Liseyin məzunlarından 6 nəfər İkinci Qarabağ müharibəsində iştirak edib, Namiq Quliyev isə qəhramancasına şəhid olub.
Hazırda bu liseyin yetirmələri müxtəlif dövlət strukturlarında, özəl sektorda uğurla fəaliyyət göstərməkdədirlər.
Güclü pedaqoji potensiala malik olan bu təhsil ocağının müəllimlərinin xeyli hissəsi müxtəlif fəxri adlara layiq görülüb. Onların sayını və aldıqları fəxri adları isə təvazökarlıqdan uzaq olar deyə sadalamıram.
Bir sözlə, Akademik Zərifə Əliyeva adına Lisey ölkə təhsilinə qısa müddətdə böyük töhfələr verib və hazırda sözün həqiqi mənasında ətrafa işıq saçan təhsil ocaqlarından biridir.

Bunları niyə yazıram? Bəzi xəbər saytları və sosial şəbəkələrdə "8 mart Beynəlxalq Qadınlar Günü" münasibətilə liseydə çalışan xanımlarının iştirakı ilə keçirilən tədbirdən kadrlar paylaşılıb.

Deməli, xanımlar liseydən kənarda, qapalı məkanda və sırf xanım məclisində əylənib, səhnəciklər təşkil ediblər. Onlardan biri də bunu videoya alıb. Ya zəlzələdən, ya vəlvələdən bu kadrlar bəzi fürsətcil şəxslərin əlinə keçib, onlar da gördükləri işin, etdikləri hərəkətin məsuliyyətini anlamadan videonu xəbər saytlarına ötürüblər. Niyə "məsuliyyətini anlamadan" yazıram? Bu məsuliyyət yaradan insidentdir və bunu mən demirəm, Azərbaycan Respublikasının Konstitusiyası deyir:

Maddə 32.
II. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan

başqa şəxsi həyata müdaxilə etmək qadağandır.

III. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına,
istifadəsinə və yayılmasına yol verilmir.

İndi üzümü məlum videonu paylaşan şəxslərə və bəzi sayt rəhbərlərinə tuturam: nə etdiyinzin, nə iş tutduğunuzun fərqindəsinizmi?! Yuxarıda sadalanan nailiyyətlərdə haqqında hədyanlar yazdığınız müəllimlərin rolu, yumşaq desəm az deyil. Hər üç müəllim, o cümlədən həvalədə olan direktor- lisey açılandan bu təhsil ocağında işləyirlər, hər gün auditoriyalara daxil olurlar, şagirdlərin önünə çıxırlar. Bu kadrları paylaşıb onların müəllim nüfuzuna necə zərbə vurduğunuzun da fərqindəsinizmi?”

Məlumat üçün bildirək ki, Akademik Zərifə Əliyeva adına Lisey 2008-ci ildən fəaliyyət göstərir. Əvvəllər tam orta məktəb, sonra isə lisey statusu alıb. Liseydə yalnız yuxarı siniflər (9-10-11) təhsil alır.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR