İnsanlara hürriyət, millətlərə istiqlal!

Mövlam Şıxəliyev məhkəməni Avropa Məhkəməsindəki dostları ilə hədələdi – Müsavat Partiyası, Əli Kərimli...

2997 07.03.2023 14:56 Kriminal A A

Bakı Apellyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - E.M.) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apellyasiya şikayəti üzrə proses davam edir.

Musavat.com xəbər verir ki, Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayiəti ilə məhkəmə zalına  gətirilən müttəhimlərin qoluna qandal vurulmur.

Prezident seçkilərinə 3 gün qalmış dairə seçki komissiyası sədrindən 250 min dollar alınıb

Sonuncu prosesdə zərərçəkən Elşən Mədətov dəlillərlə çıxış edib. O, Mövlam Şıxəliyev və ailə üzvlərinin adına olan əmlakların tam şəkildə müsadirə olunmasını, əldə olunan gəlir hesabına zərərçəkənlərə vurulan ziyanın ödənilməsini xahiş edib.

Bildirib ki, “Texnikabank”a əmanət qoyduğuna görə Vüsal Ələkbərov tərəfindən MTN-ə çağırılıb. Həbslə hədələnərək ondan 250 min dollar alıb:

- Bankda 677 min avro əmanətim vardı. Məni MTN-nə çağırdılar. Dedilər ki, bankı talamısan. Mən də dedim ki, mən banka əmanət qoymuşam. O zaman prezident seçkilərinə 3 gün qalmışdı. Mən də dairə seçki komissiyasının sədri idim. Bunu biləndən sonra məni sərbəst buraxdı, dedi ki, 3 gün sonra gəl. Seçkidən sonra gəldim. İlk olaraq 100 min dollar aldı. Sonra da 150 min. Məndən pulu Vüsal Ələkbərov alıb. Deyirdi ki, rəhbərlik pulu tələb edir. Verməsən, səni saxlayacağıq, məhkəmə də ağır cəza verəcək. Xahiş edirəm şikayətim təmin olunsun.

11 mağazası olan Seyidovları ölkədən belə didərgin salıblar

Zərərçəkən Ceyhun Seyidovun vəkili də dəlillərlə çıxış etdi. O, Bakı Hərbi Məhkəməsində mülki iddialarının qismən təmin edilməsindən narazı olduqlarını diqqətə çatdırdı. Bildirdi ki, müvəkkilinə qarşı cinayət mütəşəkkil cinayətkar dəstə tərəfindən törədilib:

- Belə olan halda Sahib Ələkbərov Ceyhun Seyidovdan aldığı 100 min dolları təbii ki, təkbaşına mənimsəyə bilməzdi. Pul dəstə üzvləri arasında bölünüb. Buna görə də pul bütün dəstə üzvlərindən tutulmalıdır.

Vəkil müvəkkilinin mülki iddiasının tam şəkildə təmin olunmasını istəyib. Bildirib ki, müttəhimlərin Ceyhun Seyidova qarşı qanunsuz hərəkətlərindən sonra onun qardaşı Azad Seyidov Bakıda 11 mağazasını bağlayıb. Bundan sonra Seyidovlar ailə üzvləri ilə birgə ölkəni tərk ediblər və bu gün də xaricdə yaşayırlar. Vəkil bildirib ki, eyni zamanda Azad Seyidovun nümayəndəsidir və onun da iş üzrə zərərçəkən olaraq tanınması üçün 2 dəfə vəsatətlə çıxış edib. Lakin vəsatətləri təmin olunmayıb. Vəkil vurulmuş ziyanın dəstə üzvlərində müştərək olaraq tutulması və mülki iddianın tam şəkildə təmin olunmasını xahiş edib.

Məndən hədə-qorxu yolu ilə yarım milyon dollar alıblar

Zərərçəkən Namil Rzayev də ona vurulmuş ziyanın tam şəkildə ödənməsini tələb edib:

- Məndən hədə-qorxu yolu ilə yarım milyon dollar alıblar. 200 min dolları Mövlam Şıxəliyevə vermişəm. Şahidlərim də var. 300 min dolları da Vüsal Ələkbərov alıb. Atalar sözü var ki, heç kim öz ayranına turş demir. Burada da deyirlər ki, biz pul almamışıq. Bəs pul almamısansa, 20 milyonluq mülkü nə ilə almısan? Hansı maaşla almısan?

Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov zərərçəkənə etiraz edir. Hakim vəkilə irad bildirərək çıxışa mane olmamasını istədi.

Namil Rzayev deyib ki, müttəhimlərin həbsdə qalmalarını istəmir:

- Camaata hədə-qorxu gəlməklə külli miqdarda pulları alıblar. Həmin pulların heç olmasa bir hissəsini xoşluqla qaytarsınlar, biz də deyək ki, qaytardılar. Xahiş edirəm ki, şikayətim təmin olunsun.

Mövlam Şıxəliyev Etibar Əliyevin adının zərərçəkənlər siyahısından çıxarılmasını istəyir

Bundan sonra Mövlam Şıxəliyevin vəkili vəsatətlə çıxış etdi. O, iş üzrə zərərçəkənlər siyahısından “Texnikabank” rəhbəri Etibar Əliyevin çıxarılmasını istəyib. Vəkil vəsatətini belə əsaslandırıb:

- İttihamda yazılır ki, guya Etibar Əliyevin evini satdırıblar, o da 3 milyon rüşvət qismində verib. Guya Mövlam Şıxəliyevə verib. Halbuki həmin mülki işlə bağlı Nərimanov Məhkəməsində baxılıb və iddia təmin olunmayıb. Dindirmə vaxtı Etibar Əliyev bildirib ki, həmin evin satışından əldə olunan vəsait hesabına banka olan kredit borclarını ödəyib. İndi də deyir ki, pulu Mövlam Şıxəliyevə verib. Məhkəmədən xahiş edirik ki, həmin əmlakla bağlı sorğu versin. Etibar Əliyev mətbuatda dəfələrlə çıxış edib ki, Mövlam Şıxəliyevin mənə hər hansı bir borcu yoxdur.

“Həmin evin alıcısı Ramiz Mehdiyevin kürəkəni İlhamdır”

Mövlam Şıxəliyev vəsatətə münasibət bildirib:

- 2015-ci ildə son istintaqa qədər hər yerdə ifadə verib ki, nə məndən pul istəyiblər, nə əmlak istəyiblər. Onun xüsusilə külli miqdarda kredit borcu var və evini satıb borcun bir hissəsini verib. Həmin evin məsələsi Nərimanov, Apellyasiya, Ali məhkəmələrdə araşdırılıb. Həmin evi alan pulu qoyub bank hesabına. Pulu da götürüb onun oğlu. Oğlu da gəlib məhkəmədə dedi ki, mən Mövlam Şıxəliyevi 1 dəfə toyda görmüşəm. Bu nə mülki iddiadır? Özü bilmir ki, hara ilə nə iş görüb? Həmin evin alıcısı Ramiz Mehdiyevin kürəkəni İlhamdır.

Vəsatət müzakirəyə çıxarıldı, müttəhimlərlə yanaşı zərərçəkənlərin əksəriyyəti də təmin olunmasını istədilər.

Hakim vəsatətə növbəti prosesdə Etibar Əliyev, onun nümayəndəsini dəvət etməklə baxılacağını elan etdi.

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Arzu Cavadov daha bir vəsatətlə çıxış etdi. O, Akif Qurbanovun da zərərçəkənlər siyahısından çıxarılmasını xahiş edib.

Vəsatətini belə əsaslandırıb ki, Akif Qurbanovun müttəhim Vüsal Ələkbərova qarşı iddiası hələ 2016-cı ildə təmin olunub.

“Vüsal Ələkbərov mənim sevgilim idi ki, hər gün zəng edirdi?”

Zərərçəkən Akif Qurbanov isə bildirib ki, onu heç bir əsas olmadan MTN-ə dəvət etməklə axşama qədər orada saxlayıblar:

- Bir “povestka” verdilər növbəti günə. Çox böyük təhqirlə çağırdılar. Bütün bunlar Vüsal Ələkbərovun otağında oldu. Vəkili də deyir ki, mənə təsir göstərməyiblər. Təsir başqa nə cür olur? Mən 4 ay ölkədən getməyə məcbur olmuşam. Həmin 4 ayda hər gün Vüsal Ələkbərov mənə zəng edib. Vüsal Ələkbərov mənin sevgilim idi ki, hər gün zəng edirdi? İş materiallarında da bu haqda çıxarışlar var. Bu iş üzrə Bakı Hərbi Məhkəməsində Siyavuş Hacıyevin hökmü də var. Vüsal Ələkbərovun 1 milyon 125 min manatlıq mülkü mənim xeyrimə müsadirə olundu. Həmin mülk mənə verildi. İş icra olunanda icradan çağırdılar, icra vərəqini alıb qaraladılar. Bundan sonra bizim xəbərimiz olmadan işə Ali Məhkəmədə baxılıb. Mövlam Şıxəliyevin qohumu olan Ali Məhkəmənin hakimi mülkü Vüsal Ələkbərova qaytarıb. Mən zərərçəkən kimi qaldım kənarda. Bu adamlar həmin pulu məndən hədə-qorxu ilə alıblar. Hədə-qorxu gəlməyiblərsə, o pulu məndən necə alıblar? Mən MTN tanıyırdım? Polisdə, müstəntiqdə belə olmamışdım. Mənimlə yanaşı, hər gün oğlanlarımı da MTN-ə çağırıblar. Vüsal və Mövlam, bunlar bir dəstədirlər. Vüsal kim idi?

“Məni niyə şərləyirdiniz?”

Vüsal Mövlamın tulası idi, qısqırdıb mənim üstümə salmışdı. Tapşırmışdı ki, təhqir elə, söyüş söy, pul al!

Vüsal Ələkbərov etiraz edir:

- İşverənin biri.

Hakim:

- Vüsal Ələkbərov, yerinizdən danışmayın. İmkan verin sözünü desin. Siz davam edin.

- Mən 2001-ci ildən YAP büro üzvüyəm. Mən niyə mitinq etməli idim? Məni niyə şərləyirdiniz? Mən neyləmişdim? Ev tikib satırdım də.

Hakim:

- Aydındır.

- İndi də deyir ki, hökm çıxıb. Hökm çıxdı, amma mənim ziyanım ödənməyib. Bəlkə yalan deyirəm? İcra şöbəsinin qərarını qaraladılar, evi qaytarıb aldılar. Mən sizə həmin qərarı da gələn dəfə təqdim edəcəyəm. Məndən pulu Vüsal alıb. Aparıb Mövlama verib, Eldara verib bunu öz bilər. 2011-ci ildə bunlar mənə qarşı hədə-qorxu gələndən sonra tikinti işlərini buraxdım. Bu günə qədər də işləmirəm.

Akif Qurbanovun vəkili Osman Kazımov bildirdi ki, Vüsal Ələkbərovla bağlı iş ayrılıb və işə Bakı Hərbi Məhkəməsi baxıb:

- Eyni zamanda həmin işdən də işlər ayrılıb. İstintaqla da müəyyən olunub ki, bu işlərə Mövlam Şıxəliyevin də qarışacağı var. Burada başa düşülməyən nə var ki?

Mövlam Şıxəliyev vəkilin fikirlərinə belə reaksiya verdi:

- Sən Müsavatı təbliğ elə, Müsavatı.

Osman Kazımov:

- Müsavat olan yerdə sənin kimilər ola bilməz. Sənin kimi çirkab ola bilməz, bildin?

Hakim:

- Sakitləşin. Vüsal Ələkbərov buyurun.

Vüsal Ələkbərov:

- Şərəf və ləyaqətimə and içirəm ki, Akif Qurbanov yalan deyir, ondan pul alınmayıb. Mən o işin içində olmamışam. Mən kişi kimi deyirəm. Kim alıb özü bilər. Mən almamışam. Burada təhqirə yol verməyin, bəsdirin. Burada təhqir olunası adam varsa, o da sizsiz.

Akif Qurbanov:

- Az danış.

Vüsal Ələkbərov iddia edib ki, xüsusi müsadirəyə götürülən evindən başqa evi olmadığına görə Ali Məhkəmə həmin evi ona geri qaytarıb.

Mövlam Şıxəliyev də Vüsal Ələkbərovu müdafiə edib:

- Kim Akif Qurbanovdan pul alıbsa, ən şərəfsiz adamdır.

“Musiqi dəyişəndə, rəqs də dəyişir”

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov dəlillərlə çıxış edib. Bildirib ki, iş üzrə zərərçəkənlərin əksəriyyəti barəsində vaxtilə MTN-də aparılan cinayət işləri üzrə hökmlər qüvvədədir. Belə olan halda müttəhimlərə verilən ittihamın əsassız olması göz qabağındadır:

- Bakı Hərbi Məhkəməsinin hökmünə görə, zərərçəkənlər günahsızdırlar. Bundan əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində bu şəxslər barəsində hakim Əfqan Hacıyevin çıxardığı hökmə görə isə bu şəxslər günahkardırlar. Hər ki məhkəmə hökmü Azərbaycan Respublikasının adından çıxarılıb. Biz indi bunun hansına inanaq? Əfqan Hacıyevin çıxardığı hökmü də Ali Məhkəmə qüvvədə saxlayıb. Məsələ budur. Hörmətli məhkəmə, deyim var ki, musiqi dəyişəndə, rəqs də dəyişir. Bunlar belə işləyiblər. Vurhavur, tuthatut. Hüquq fakültəsinin 3-cü kurs tələbəsi də bu səviyyədə istintaq aparmazdı. Sadəcə bunlar kampaniyadır. Həmin hökmlərdən protest verərdiz, ləğv olunardı, bundan sonra işə baxılardı. İndi biz kimə inanaq? Azərbaycan Respublikası adından iki hökm var. Bu hökmlərin hansı düzdür? Bu gün bu adamları zərərçəkən kimi tanıyırsansa, heç olmasa hökmü ləğv elə də.

“Mövlam Şıxəliyevin günahı yox idisə...”

Vəkil hakimlərdən xahiş edib ki, müşavirə otağında qərar verərkən bu məsələləri nəzərə almaqla ədalətli olsunlar.

Mövlam Şıxəliyevin digər vəkili Arzu Cavadov həmkarının fikirləri ilə razı olduğunu bildirdi. O, məhkəməyə Mövlam Şıxəliyevin Prezidentin köməkçisi Fuad Ələsgərova, Ali Məhkəmə sədri Ramiz Rzayevə, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağıyevə, Təhlükəsizlik Şurasının katibi Ramil Usubova, Xüsusi Dövlət Mühafizə Xidmətinin rəisi Bəylər Eyyubova, baş prokuror Kamran Əliyevə, Məhkəmə Hüquq Şurasının sədri Fikrət Məmmədova ünvanladığı müraciəti təqdim edib.

Müraciətində Mövlam Şıxəliyev vəzifə sahiblərindən “məhkəməyə göstərilən təsirlərdən məhkəməni xilas etmələrini” xahiş edir: “Məhkəməni müdafiə edin ki, məhkəmə müstəqil qərar verə bilsin”.

Zərərçəkən Hüseyn Səfərov Mövlam Şıxəliyevin vəkillərinin çıxış və müraciətlərinə etiraz bildirib:

- Mövlam Şıxəliyevin günahı yox idisə, bunun oğlu Elgün Şıxəliyev 510 min manat rüşvət niyə verirdi? 

Mövlam Şıxəliyev:

- Bunu sübut etmək lazımdır.

- Sübut var, iş də məhkəmədədir.

Hakim:

- Əyləşin.

- Siz bunlara vaxt verirsiz, bizə isə imkan yaratmırsız. Bunlar da bir-birini toxuya-toxuya gedirdilər. Vəkilləri Arzu da, Ceyhun da deyir ki, bunun ödladlarının əmlakının buna nə aidiyyəti var? Mən də deyim də. Mənim övladlarımın evlərini də, ofisimi də, Naxçıvandakı evimi də satıb aparıb bunlara vermişəm.

Mövlam Şıxəliyev:

- Kimə vermisən pulu? Mənə vermisən? Əlindəki Qurana and iç!

- Bu Qurana and olsun ki, sən demisən Vüsal nə deyir onu elə. Vüsal da deyib, pulu da otağına gətiriblər. Mənim gözümün qabağında Vüsal pulu götürüb gedib sənin kabinetinə.

- Bir daha sual verirəm – mənə əlbəəl pul vermisən?

- Demisən ver Vüsala, mən də vermişəm.

- Hüquqi müstəvidə sübut elə. Mən səninlə görüşməmişəm!

- Sən mənimlə 3 dəfə görüşmüsən. Başına kraska qoyub bura gəlmə eee.

- Mənim təbii gözəlliyimdir.

Hakim:

- Dayanın! Sakitləşin! Oturun!

“2020-ci ildə qrup rəhbərini dəyişdilər, komanda gəldi ki, Mövlam Şıxəliyev tutulmalıdır”

Bundan sonra hakim yekun çıxış üçün sözü Mövlam Şıxəliyevə verib. O, məhkəmənin ədalətinə inandığını deyib. O, hakimləri qəzetlərin, saytların yazdıqlarına fikir verməməyə çağırıb. Mövlam Şıxəliyev bildirib ki, cinayət işində hər hansı bir sübut, dəlil yoxdur və iş ümumiyyətlə məhkəməyə göndərilə bilməzdi:

- Cinayət işi söz yığınından başqa bir şey deyil. Çox təəssüflər olsun ki, bu cinayət işi ayaq açıb Bakı Hərbi Məhkəməsinə gəldi. Ona görə gəldi ki, istintaq aparanlar 2020-ci ildə qrup rəhbərini dəyişdilər, komanda gəldi ki, Mövlam Şıxəliyev tutulmalıdır. Ondan sonra da başladılar bu ittihamları bizə verməyə. Sahib Ələkbərovun, Yasin Məmmədovun, Vüsal Ələkbərovun əməllərindən cinayət tərkibi yoxdur. Hələ mən özümü kənara qoyuram. Mənim onlarla heç bir cinayət əlaqəm yoxdur. Yasin Məmmədov çıxışında da dedi ki, aramızda münasibətlər normal olmayıb. O baş müstəntiq idi, baş idarənin rəis müavini olmaq istəyirdi. Mən də imkan vermədim. Çünki ondan da təcrübəli müstəntiqlər vardı. Mənə tapşırıq olub ki, onu baş idarə rəisinin müavini qoyum. Lakin imtina etmişəm. Bilmişəm ki, bu nə ilə nəticələnə bilər.

Hakim:

- Kənara çıxmayaq.

“Hansı rüşvət alıb bunların?”

- Siz mütəşəkkil dəstə deyirsiz. Mən bu adamla necə mütəşəkkil dəstə olmuşam? Mən onu baş idarə rəisinin müavini olmağa qoymamışam. O, icazəsiz Truskovetsə istirahətə gedib, buna görə ona cəza veriblər. Qaldı ki, rütbəyə, ev məsələsinə. Bunları da nazir verib. Bir cinayət işi mənim iştirakımla müzakirə oluna bilməzdi. Cinayət işləri Baş Prokurorluqda baş prokurorun 1-ci müavini Rüstəm Usubovun yanında müzakirə olunurdu. Burda jurnalistlər var, deməsinlər ki, Mövlam Şıxəliyev təqsiri başqasının üstünə atır. Mənim təqsirim yoxdur və kimsənin də üstünə atmıram. Qaldı ki, müzakirələrə, cinayət işlərinin müzakirələri Baş Prokurorluqda aparılıb. Nəzarət edən orqan Baş Prokurorluqdur, onlar da ki, Allaha şükür bir cümlə bilirlər – mötəbər sübutlarla öz təsdiqini tapmışdır. Mötəbər sübutları qoyun ortaya da! Ceyhun Yusifov dedi. 32 epizoddan 31-də zərərçəkənlər rüşvət verdiklərini demir. Mənə də ittiham verilib ki, mən bu yoldaşların(digər müttəhimləri nəzərdə tutur – E.M) vasitəsi ilə rüşvət almışam. Hansı rüşvət alıb bunların?  Hələ mənə verdikləri qalsın qırağa. Qaragüruhla iş getmir, bura məhkəmədir. Ehtimallara istinad etmək olmaz. Kim deyir ki, zərərçəkənlər mənim yanımda olub? Onları mənim yanıma ya konvoy gətirə bilərdi, ya da müstəntiq. İşin içində harda bir qeydiyyat var ki, mənim yanıma gətiriblər zərərçəkənləri?

Mövlam Şıxəliyevin çıxışı geniş olduğundan fasilədən sonra davam etdirməsi qərara alındı.    

“Mən sənə ümid vermirəm ki... dediyin sözləri yadına salıram”

Fasilədən sonra zərərçəkən Qulam Bağırovla müttəhim Sahib Ələkbərov arasında maraqlı dialoq oldu:

- Sahib, yadındadır, istintaqda mənə ümid verirdin, deyirdin ki, darıxma, hər şey yaxşı olacaq. İndi də mən sənə deyirəm, sən də darıxma, hər şey yaxşı olacaq.

- Sənin ümid verməyinə ehtiyacım yoxdur.

- Mən sənə ümid vermirəm ki... dediyin sözləri yadına salıram.

- Yadındadır deyirdin ki, vəkilə ehtiyac yoxdur? Görürsən, indi özün də vəkilə möhtacsan.  

Hakim tərəfləri sakitləşdirərək sözü Mövlam Şıxəliyevə verdi.

Müttəhim sözünə vəkil Osman Kazımova qarşı ittihamlarla başladı:

- Məndə bu şübhələr var idi. Burada aydınlıq gətirmək istəyirəm. Burada dedi ki, eşq olsun Müsavata.

Hakim:

- Belə söz deyilməyib.

Osman Kazımov:

- Bu şantajdır.

Hakim:

- Mahiyyəti üzrə danışın.

“Bu iş üzrə Əli Kərimlinin qaynı Elnur Seyidov həbs olunmuşdu”

Mövlam Şıxəliyev:

- Deməli burada əsasən “Texnikabank” işi üzrə epizodlardır. Bu iş üzrə Əli Kərimlinin qaynı Elnur Seyidov həbs olunmuşdu. Əməliyyat xidməti “Texnikabank”ın cinayətkar fəaliyyəti ilə bağlı işləyiblər, müəyyən müddətdən sonra, sənədlər toplanandan sonra Elnur Seyidovu və sizə də məlum olan insanları saxladılar. Elnur Seyidovun əməlləri ilə bağlı istintaqa sənədlər təqdim olunub ki, Amerikadan üzə bəri Azərbaycan müxalifətinə axıntısı birbaşa “Texnikabank”ın Yasamal filialı üzərindən çatdırılırdı. Prokurordan da xahiş edirəm ki, bu məsələni rəhbərliyin diqqətinə çatdırsın. Ölkə prezidentinin rəhbərliyi altında bu məsələ araşdırılıb və materiallar verilib istintaqa. Həmin iş üzrə qrup rəhbəri Vüsal Ələkbərov olub.

Osman Kazımov gedib müsahibə verib Qurbana ki, Sahib Ələkbərovun həyatı təhlükədədir. Siyasiləşdirir. Bizi sifarişlə şərləyib zorla bura salmaqla deyil.

“Günahsız idinsə, azad edilməyin üçün 300 min dollar rüşvət niyə veribsən?”

Hakim:

- Yekun çıxışını elə. 2 gün dəlillərlə çıxış üçün şərait yaratmışıq. Xahişini qısa formada izah elə.

-Mənə 32 epizod üzrə ittiham verilib. Cəmi 1 epizod üzrə Namil Rzayev deyir ki, guya mənə rüşvət verib. 2 şahid götürüb özü ilə. Hər ikisi də qohumudur. Biri Tolstoy küçəsində 60 metr aralıdan görüb guya onun bir dolu bədənli bir nəfərlə görüşdüyünü. Bu mümkünsüz bir ifadədir. O biri də eyni qaydada.

Hakim:

- Bunu demisən. Təkrarlanmayın.

Zərərçəkən Zaur Əliyev:

- Gühansız idinsə, azad edilməyin üçün 300 min dollar rüşvət niyə veribsən?

Mövlam Şıxəliyev:

- Bu mənə aid deyil. Sənin də atanı tutsaydılar, sən də gedib atanı qurtarardın.

Hakim:

- Davam edin.

Mövlam Şıxəliyev zərərçəkən Ələddin Əliyevin epizodu haqda danışarkən deyib ki, ittihamda ondan müstəntiq Rövşən Hüseynovun pul aldığı qeyd olunur, amma ittiham ona verilib.

Zərərçəkən Qulam Bağırov isə məhkəmənin diqqətinə çatdırdı ki, Ələddən Əliyev onunla söhbətində pulu Rövşən Hüseynova vermədiyini bildirib.

Mövlam Şıxəliyuev çıxışının davamında hər bir epizodu sadalamaqla zərərçəkənlər, onların yaxınlarının onunla görüşmədiyini, bunun mümkün olmadığını bildirib. Eyni zamanda zərərçəkənlərin yaxınları ilə kabinetində görüşməsi haqda fikirlər səsləndirib.

“Bəs necə olub ki, bu adamlar sizinlə görüşüb?”

Qulam Bağırov Mövlam Şıxəliyevə “deyirsiz ki, baş idarə rəisi idim, mənimlə heç kim görüşə bilməzdi, eyni zamanda da məsələn, Fuad Kərimovla(zərərçəkən Rauf Kərimovuin qardaşı) İbrahim Zeynalovun qardaşı ilə görüşdüyünüzü deyirsiz. Bəs necə olub ki, bu adamlar sizinlə görüşüb” deyə sual edib.

Mövlam Şıxəliyev suala “təbii şəraitdə” cavabını verib. O, çıxışının sonunda məhkəmənin ədalətinə inandığını bildirib, “Avropa Məhkəməsində də dostlarım var, istəmirəm ki, bu məsələ ora gedib çıxsın. İstəyirəm ki, ədalət burada zəfər çalsın” deyib. 

Bundan sonra hakim sözü Yasin Məmmədova verib. O, 74 səhifəlik çıxışından 18 səhifəni məhkəmə zalında səsləndirib. Əsasən özü haqda məlumatlara, Mövlam Şıxəliyevlə münasibətlərinə toxunan müttəhim günahsız olduğunu yekun çıxışında məhkəmənin diqqətinə çatdırıb. İş günü sona çatdığından Yasin Məmmədovun çıxışı yekunlaşmayıb. Proses martın 13-nə qədər təxirə salınıb.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR