İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya kimi gələn düşmən PUA-ları - Bakımız etibarlı qorunurmu?

781 03.06.2023 08:13 Gündəm A A

“Pilotsuz təyyarələrin Moskvaya gəlməsi özünü "böyük hava hücumundan müdafiə gücü" hesab edən ölkə üçün rüsvayçılıqdır". Bu fikir israilli hərbi ekspert Devid Şarp tərəfindən səslənib.

Onun sözlərinə görə, bu gün Ukrayna Moskvaya belə zərbə endirə biləcəyini sübuta yetirib və Rusiya Ukraynanın pilotsuz təyyarələrinin zərbələrindən müdafiə oluna bilməyəcək: “Rusiya hava hücumundan müdafiə sistemi PUA-lar tərəfindən gələ biləcək təhdidlərə qarşı aciz vəziyyətdə qalıb, çünki belə PUA-ları aşkar edib məhv etmək üçün nəzərdə tutulmayıb. Bununla bərabər, dronların Moskvaya qədər gəlib çıxması kifayət qədər ciddi uğursuzluqdur”, - deyə ekspert qeyd edib.

Bu, doğrudan da Rusiya üçün rüsvayçılıqdır. Bəs paytaxtımız Bakı necə qorunur? Tutaq ki, vaxtaşırı bizə hərbə-zorba gələn qonşu İranın belə imkanları varmı? Belə bir cəhddə buluna bilərmi?

Emin Həsənli: “Ordunun sağlamlaşdırılmasında informasiya resurslarının rolu  danılmazdır”

Emin Həsənli

Hərbi ekspert Emin Həsənliyə görə, son günlərdə ard-arda Ukraynanın pilotsuz uçuş aparatları ilə Rusiya paytaxtına hücumlar sensasiyalı hadisələrdəndir: “Ümumiyyətlə, Ukraynaya hücum rus ordusunun mifini darmadağın etdi. Bu, Rusiyada həm də vətənpərvərliyə böyük zərbə oldu. On minlərlə insan səfərbərlikdən qaçdı, yaxud yayındı. Bir günə Rusiyadan çıxmaq üçün təyyarə biletlərinin qiyməti fantastik dərəcədə yüksəldi. Bütün bunlar da Kremlin imicinə böyük zərbə oldu. Ruslar 3-5 günə Kiyevi alacaqlarını deyirdilər, amma rüsvay oldular.

Ukrayna Rusiya ərazisinə keçmirdi və artıq bunu da edir. Belə cəhdlərin bundan sonra artacağı açıq görünür. Rusiyanın hava hücumundan müdafiə sistemi müasir deyil. Ümumiyyətlə, heç bir ölkənin hava hücumundan müdafiə sistemi yüzdəyüz deyil. Amma bu gün Amerika, İsrail, İngiltərə və digər bir sıra ölkələrin müasir hava hücumundan müdafiə sistemləri var. Azərbaycan dövləti də bu istiqamətdə xeyli işlər görüb. Xüsusilə İsraildən alınan hava hücumlarından müdafiə sistemləri yüksək səviyyədədir. Biz Qarabağ müharibəsində hava hücumdan müdafiə sistemlərimiz böyük bacarıq və peşəkarlıq nümayiş etdirdilər. Düşmən neçə dəfə Mingəçevir Su Elektrik Stansiyasını vurmaq istədi, amma onu qorumağı bacardıq. Düzdür, Bərdə və Gəncədə böyük zərbələr aldıq. Amma atılan çoxlu sayda raketləri vura bildik, sadəcə, Bərdə və Gəncədə insanların həyatlarını itirmələrinə səbəb olan raket zərbələrini dəf edə bilmədik.

İranın PUA-larına gəlincə, Azərbaycan dövləti bunları nəzərə alır. Dövlətimiz kimlərlə qonşu olduğunu yaxşı bilir. Hansı silahlardan istifadə edəcəyimizi də yaxşı bilirik. Siyasi və hərbi məsələlərin hamısı hesablanır. Ordumuzun büdcəsi bu ildə artırıldı. İsrail prezidenti ilə Bakıda görüşü zamanı Ali Baş Komandan müdafiə sənayesi ilə bağlı məsələyə xüsusi önəm verdi. Türkiyə və İsraillə müdafiə sənayesi ilə bağlı çox yaxın münasibətlərimiz var. Azərbaycan quru və dəniz sərhədlərini necə yüksək səvviyədə qoruyursa, hava sərhədləri də həmçinin elə qorunur. Bunun üçün peşəkar heyətimiz də var".

Ramil Məmmədli: Aprel döyüşlərində ordumuzun qələbəsi Prezident İlham  Əliyevin bu sahəyə göstərdiyi qayğının nəticəsidir - AZƏRTAC

 Ramil Məmmədli 

Hərbi ekspert Ramil Məmmədli öncə diqqəti Rusiyanın paytaxtının pilotsuz uçuş aparatları ilə necə qorunmasına yönəltdi: “Amerika, Rusiya, Böyük Britaniya, hətta Çinin hava hücumundan müdafiə sistemlərinin elmi bazası ötən əsrin 70-80-cı illərdə formalaşıb. Həmin dövrdə pilotsuz uçuş aparatlarının hazırlanması hələ kağız üzərində idi. Rusiya bu istiqamətdə ciddi problemlərlə üz-üzədir. Digər böyük dövlətlərdə də bu problemlər var. Son illərdə isə təbii olaraq, həm Qərb, həm Rusiya, həm də Çin mütəxəssisləri antidron sistemlərini aşkar edən sistemlərin yaradılması işləri ilə məşğuldurlar. Bəzi sistemlər yaradılsa da, bunlar kiçik məsafədə PUA-ların zərərsizləşdirilməsini həyata keçirə bilirlər.

Etiraf edək ki, bütün dünyada hava hücumundan müdafiə sistemlərinin raket qurğuları çox bahalıdır. Bu sistemlərin hazırlanmasında İsrail ciddi uğurlar əldə edə bilib. Amma nəzərə alaq ki, İsrailin ərazisi olduqca kiçikdir. Bu baxımdan PUA-lardan qorunma imkanları daha rahatdır. Amma böyük dövlətlərin bu imkanları o qədər də geniş deyil. Azərbaycana gəlincə, ərazilərimiz o qədər də böyük olmadığına görə hava hücumlarından müdafiə sistemlərinin, antidronların əhatə sahəsi geniş arealı əhatə etmir. Təbii, burada demək istəmirəm ki, Bakının hava hücumundan müdafiə sistemləri tam şəkildə idealdır, bununla bağlı heç bir problem yoxdur. Bunu söyləmək həm də yersiz olardı. Söhbət əgər İranın təhdidlərindən gedirsə, ilk növbədə nəzərə almaq lazımdır ki, İran PUA-larının uzaq məsafə qət edərək Bakıda hansısa əməliyyat həyata keçirmək imkanı o qədər də geniş deyil. Digər tərəfdən, hər bir halda bu, geniş, ciddi şəkildə müzakirə olunacaq məsələdir. Doğru şəkildə gündəmə gətirilən mövzudur.

Bu gün İranın, Ermənistanın və digərlərinin belə imkanları olmasa da, gələcəkdə ola da bilər. Yaxın beş ildə İranın bu istiqamətdə gördüyü işlər daha irəli səviyyəyə gəlib çıxacaq, yəni PUA-ların hazırlanması, istifadəsi və s. nəzərdə tuturam. Nəticədə də gələcəkdə böyük şəhərlərimiz təhlükə ilə üzləşə bilər. Azərbaycan bu təhlükələrin qarşısını indidən almaq üçün antidronların quraşdırılması işlərini aparmalıdır. Təbii ki, aşağı hündürlükdən hava hücumundan müdafiə sistemlərimiz var. Amma daha aşağı səviyyədə hərəkətdə olan PUA-ları aşkar edən daha mükəmməl sistemə ehtiyac var. Hər zaman bu məsələnin müzakirəsinə ehtiyac var və hər zaman da müzakirə olunmalıdır".

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR