İnsanlara hürriyət, millətlərə istiqlal!

İran Haniyənin qisasını necə və nə zaman alacaq? TƏHLİL

806 31.07.2024 13:00 Gündəm A A

Tehran sui-qəsdi regionda böyük müharibə üçün zəmin yaratmağa hesablanıb

Fələstin Həmas hərəkatının siyasi bürosunun sədri İsmayıl Haniyə iyulun 31-də yerli vaxtla saat 2-də Tehranda qaldığı evin vurulması nəticəsində ölüb. İsmayıl Haniyə Qətərin paytaxtı Dohada yaşayır, İranda yeni seçilmiş prezident Məsud Pezeşkiyanın inauqurasiya mərasimində iştirak etmək üçün Tehrana gəlib. Yerli medianın məlumatına görə, Haniyə Tehranın şimalında onun üçün ayrılmış iqamətgahda olduğu zaman ev vurulub.

Həmas lideri ilə yanaşı evdə olan mühafizəçilərdən biri də ölüb.

HƏMAS lideri İsmayıl Haniyə Tehranda öldürülüb - Oxu.az

Hadisə ilə bağlı ilkin versiya Haniyənin iqamətgahının havadan raketlə vurulmasıdır. İran və dünya mediası İsrailə işarə etsə də, hələlik İsrail tərəfi hadisənin məsuliyyətini üzərinə götürməyib.

Əslində son 3 gündə bölgədə vəziyyət həddən artıq gərgin olub. Şənbə günü İsrailin işğalı altında olan Suriyaya məxsus Colan təpələri ərazisində yerləşən druzların yaşadığı Məcd əş-Şəms qəsəbəsinin vurulması nəticəsində aralarında uşaqların da olduğu 12 mülki şəxs ölüb. İsrail hadisəyə görə Hizbullahı ittiham edib, qisas alınacağını elan edib. Hizbullah isə Colanı vurmadığını elan edib.

Dünən isə İsrail aviasiyası Livanın paytaxtı Beyrutun cənub rayonu (Beyrutun cənubu Hizbullahın bölgəsi hesab olunur – K.R.) da daxil olmaqla 10 Hizbullah hədəfini vurub. Nəticədə 74 nəfər yaralanıb, hələlik bilinən 3 nəfər ölüb. İsrail mənbələri zərbələr nəticəsində Hizbulahın hərbi qanadının lideri Fuad Şükürün öldürüldüyünü elan etsə də, Hizbullah məlumatı təkzib edib.

İsrail vurdu: Haniyədən sonra o da öldürüldü - İDDİA - GlobalInfo.az

Fuad Şükürün öldürülməsinin (ya da buna cəhdin) ardınca Tehranda Həmas liderinin yaşadığı ev vuruldu. Hər iki hadisənin demək olar ki, ard-arda baş verməsi bu hadisənin planlanmış sui-qəsd olduğunu göstərir.

Xatırladaq ki, Məcd əş-Şəms hadisəsindən sonra İsrail rəhbərliyi Hizbulah və İranı şiddətli qisasla hədələmişdi. Bu hadisə yanvarın əvvəlində baş verənləri xatırladır.

Belə ki, yanvarın 2-də Beyrutun cənubunda Hizbullahın nəzarət etdiyi Dahiyə rayonunda Həmasın ikinci şəxsi Saleh Aruri yaşadığı mənzilin vurulması nəticəsində öldü. Bir gün sonra isə İranda general Qasım Süleymaninin ölümünün ildönümü mərasimində baş verən partlayış nəticəsində 80-dən çox insan dünyasını dəyişdi. Hadisənin məsuliyyətini İŞİD öz üzərinə götürsə də, İran mediası və bir sıra rəsmilər İsraili işarə etdilər.

İsrail "Hizbullah" liderinin "sağ əlini" öldürdü - Oxu.az


2017-ci ildən Qəzzadan Qətərin paytaxtına köçərək burada məskunlaşan İsmayıl Haniyə gizli fəaliyyət göstərməyib. Bir sıra region ölkələrini, o cümlədən Türkiyəni gəzib siyasilər və dövlət başçıları ilə görüşüb. İsrailin Haniyəni Tehranda yaşadığı evdə vurması həm də Tehrana meydan oxumaqdır. Bu meydan oxumanın əsas hədəfi isə İsrailin Tehrana əli çatdığını nümayiş etdirməsi deyil, Tehranı yeni müharibəyə cəlb etmək istəyidir.

Daha dəqiqi Livanda gözlənilən müharibə ilə bağlıdır.

Məsələ ondadır ki, hər keçən gün İsrail və Livan – Hizbullah – arasında müharibə riski yüksəlir. Ötən ilin oktyabrın 8-dən etibarən Hizbullah və İsrail ordusu arasında Livanın cənub sərhədində toqquşmalar başlayıb. İsrial ordusu sərhədyanı bölgələrdəki Hizbullah mövqelərini vurur, Hizbullah isə İsrail postları, bölgəyə nəzarət edən radar sistemlərini vaxtaşırı olaraq hədəfə alır. Bu qarşılıqlı atəşlər nəticəsində Livanın cənubu və İsrailin şimal ərazisində sərhəd yaxınlığındakı yaşayış məntəqələri artıq boşalıb, hər keçən gün müharibə ehtimalı yüksəlir. Hizbullahın 300-dən çox üzvü və çoxlu sayda Livan mülki əhalisi ölüb, eyni zamanda Hizbullahın atəşləri nəticəsində İsrail də hərbçilərini və mülki vətəndaşlarını itirib. İsrail elan edib ki, Hizbullahı cəzalandırmaq və İrana dərs vermək üçün Livana quru əməliyyatına hazırlaşır. Artıq İsrail ordusu bununla bağlı təlimlər keçib, ordu hücum vəziyyətindədir. Lakin Livana hücum həm də ciddi risklər daşıyır. Bu səbəbdən də İsrail hücumu hər dəfə təxirə salır.

Arap Birliği artık Hizbullah'a "terör örgütü" demeyecek | Euronews

Livana hücumun bir sıra riskləri mövcuddur. Livana hücumun hərbi riskləri Hizbullahın hərbi gücü və Suriyadan gələcək İran və digər kənar dəstəkdir. Qəzzadan fərqli olaraq Livanda cəbhə daha geniş olacaq və bu da müharibənin daha da uzanması və bölgəyə yayılması riskini artırır.

İkincisi, İsrail Livana hücum edərsə bu, beynəlxalq aləmdə İsrailə qarşı qəzəbi daha da artıracaq və o, birmənalı olaraq aqressor kimi tanınacaq. Qəzza müharibəsindən sonra ciddi beynəlxalq qınaqla üz-üzə olan İsrail üçün Livanda ikinci cəbhəni açmaq daha böyük tənqidlərə səbəb olacaq. Xüsusən də ABŞ və bəzi Avropa ölkələri bu səbəbdən də İsraili Livana hücum etməkdən çəkindirməyə çalışır. Ancaq məsələn, Hizbullah ilk hücum edən olarsa bu, İsrailin işini daha da asanlaşdırar.

Güman etmək olar ki, Həmas liderinin Tehranın “göbəyində” öldürülməsi yanvarda olduğu kimi, İran və Hizbullahı (İsrail bunları bir-birindən ayırmır) hücuma təhrik etmək məqsədi daşıyır. Yanvarda öldürülən Saleh Aruri Beyrutda Hizbullahın himayəsi altında idi, Haniyə isə Tehranda İranın himayəsi altında idi və hər ikisi öldürüldü. Bununla da İsrail Hizbullah və İranın önünə “əlcək atır”, onları müharibəyə çağırır.

İran İsrailə cavab zərbəsi endirməyə hazırlaşır - GlobalInfo.az

Ancaq güman etmək olar ki, yanvarda olduğu kimi, indi də İran və Hizbullah İsrailə açıq hücum etməyəcək və ya İsrailin Livana genişmiqyaslı quru hücumu üçün səbəb verəcək addım atmayacaq. Çünki Livan müharibəsində hücum edən tərəf ilk gündən məğlubdur, bunu Hizbullah və İran da anlayır. Ona görə də hər iki tərəf ilk hücum edən və ya hücuma səbəb verən olmaq istəmir.

Lakin aydın məsələdir ki, bura Şərqdir və İsmayıl Haniyənin Tehranda öldürülməsi qisas məsuliyyətini İranın boyuna qoyur. Tehran Haniyənin qisasını necə və nə zaman alacaq? Bunu zaman göstərəcək.

HƏMAS lideri İsmayıl Haniyənin üç oğlu və nəcələri Qəzzada öldürülüb -  Ayna.az

Həmasın Qəzzadakı lideri olan İsmayıl Haniyyə 2006-cı il fevral seçkilərində Həmasın qələbəsinə rəhbərlik edib, daha sonra Qəzzada qurulan Həmas hökumətinin baş naziri olub. İsrailə qarşı müharibəyə rəhbərlik edib, 2008, 2014-cü illər hərbi kompaniyasının lideri olub. 2017-ci ildə Həmasın qurultayında siyasi büro lideri Xalid Məşalın istefaya getməsindən sonra İsmayıl Haniyə Həmas siyasi bürosunun sədri seçilib və Qəzzanı tərk edərək Qətərə köçüb. Hərəkatın siyasi fəaliyyətinə rəhbərlik edib. Haniyə və Həmasın digər liderləri kimi gənc yaşlarından Fələstin müqavimət qruplarına qoşulub, müharibədə ailə üzvlərini itirib. Sonuncu müharibədə Haniyə oğulları, nəvələri, bacısı və digər yaxın qohumlarını itirib, ancaq buna baxmayaraq təmkinli davranıb, ailəsinin Qəzzada şəhid olan digər fələstinlilərdən fərqli olmadığını deyib.

Onun bu şəkildə öldürülməsi Fələstin silahlı qruplarının İsrailə qarşı hücumlarını daha da artıracaq. Bu hadisə onu göstərdi ki, İsrailin hazırkı hakimiyyəti müharibəni dayandırmaq, münaqişəni danışıqlar yolu ilə həll etmək düşüncəsindən uzaqdır, əksinə, regionda daha böyük və qanlı müharibələrə səbəb hazırlamağa çalışır.

Kənan Rövşənoğlu,
Xüsusi olaraq Musavat.com üçün

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR