İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvadan sülh əvəzinə “Mir” təklifi

1319 07.12.2022 08:38 İqtisadiyyat A A

Azərbaycan bankları Rusiyanın ödəniş sisteminə qoşulmaqla hansı risklərlə üzləşirlər?

Dekabrın 5-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla görüşən Rusiya xarici işlər naziri Sergey Lavrov iddia edib ki, Rusiyaya məxsus “Mir” ödəniş sisteminə Azərbaycanda maraq var: “Biz bunu görürük. Düşünürəm ki, bu məsələ Rusiya Federasiyası və Azərbaycan Respublikası hökumətlərinin nəzarətindədir”.

Rusiya XİN başçısı Azərbaycanda üç bankın bu sistemlə əməliyyatlar etdiyini bildirib.

Qeyd edək ki, “Mir” Rusiyanın milli ödəniş sistemidir. 2015-ci ildə təsis olunub. Krımın ilhaqına görə sanksiyalarla üzləşən Rusiya həmin sistemin yaradılmasını özünün maliyyə təhlükəsizliyi ilə izah edib. Hesablaşmalar rublla həyata keçirilir.

Bu il fevralın 22-də Moskvada Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalayıb. Bəyannamənin 28-ci maddəsində isə yazılıb ki, tərəflər qarşılıqlı hesablaşmalarda milli valyutalardan istifadəyə, bank kartlarına birgə xidmət daxil olmaqla ödəniş sistemlərinin qarşılıqlı uyğunluğuna, eləcə də iki ölkənin bankları arasında birbaşa müxbir münasibətlərin inkişaf etdirilməsinə imkan yaradacaqlar.

Maraqlıdır ki, Mərkəzi Bankın İdarə Heyətinin sədri Taleh Kazımov oktyabrın sonunda keçirdiyi mətbuat konfransında bildirib ki, Azərbaycanda “Mir” kart sistemi işləmir və Rusiya-Ukrayna müqanişəsindən öncə də işləmirdi. O bildirib ki, beynəlxalq tələblərə riayət edilərək həm digər valyutalarda, həm də rublda ödənişlər müəyyən vaxt alsa da rahatlıqla həyata keçirilir: “Banklarımızın sankisiyalara məruz qalmaması üçün Mərkəzi Bank tərəfindən nəzarət edilir. Banklar sanksiyalardan məlumatlıdır. Bu günə qədər hansısa bankın sanksiya altına düşməsini və ya düşə biləcək əməliyyatları etdiyini biz müşahidə etmirik. Hazırda problem yoxdur”.

“Bloomberg” isə bu yaxınlarda belə bir məlumat yayıb ki, doqquz ölkədən altısının “Mir” ödəniş sisteminə xidmətdən imtina etməsi Rusiyanın iqtisadi sanksiyalar qarşısında “Visa” və “Mastercard”a öz alternativini yaratmaq istəyini iflasa uğradıb. Nəşr bildirib ki, hazırkı vəziyyəti “çökmə” və Rusiyanın maliyyə izolyasiyası şəraitində “Visa” və “Mastercard”a öz alternativini yaratmaq cəhdinin uğursuzluğu adlandırmaq olar. Agentliyin analitikləri qeyd ediblər ki, Rusiya Mərkəzi Bankını hətta “dost” ölkələrdən belə “Mir”dən istifadə etməkdən imtina etməsi təəccübləndirib. Ona görə də Mərkəzi Bank bu sistemə alternativ axtarmağa başlayıb.

Avqust ayında Azərbaycan Mərkəzi Bankı (AMB) “Mir” ödəniş sisteminin ölkədə tətbiqi imkanlarının müzakirə edildiyini açıqlamışdı. O zaman açıqlama verən AMB-nin baş direktoru Fərid Osmanov qeyd etmişdi ki, bu məsələ siyasi və iqtisadi aspektlər nəzərə alınmaqla, müvafiq dövlət strukturlarının nümayəndələrinin iştirakı ilə və Azərbaycan-Rusiya hökumətlərarası komissiyası çərçivəsində müzakirə olunur.

Bəzi təhlilçilərə görə, “Mir” kartının ölkədə rəsmi tətbiqi üçün Rusiya Mərkəzi Bankı Azərbaycan Mərkəzi Bankına müraciət etməlidir.

Qeyd edək ki, “Mir” kartları Türkiyənin 5 bankında işləyirdi: Türkiyə İş Bankası, Ziraat Bankası, VakifBank, DenizBank və Halkbank. ABŞ Maliyyə Nazirliyi və Avropa İttifaqının xəbərdarlıqlarından sonra bu bankların hamısı kartlarla əməliyyatları dayandırdılar.

Azərbaycan Mərkəzi Bankı: Rusiyanın "Mir” ödəniş sisteminə dair müzakirələr  aparılır

Türkiyənin ardınca Cənubi Koreya, İsrail, Özbəkistanda karta xidmət tamamilə dayandırıldı, Qazaxıstan, Vyetnam, Tacikistan və Qırğızıstanda isə kəskin şəkildə məhdudlaşdırıldı. Ümumiyyətlə, “Mir” kartlarına sentyabra qədər 16 ölkə və subyektdə tam və ya qismən xidmət göstərilirdi: Türkiyə, Ermənistan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Belarus, Vyetnam, Abxaziya, Cənubi Osetiya, Kipr, Ukrayna ərazisindəki qondarma qurumlar - LXR, DXR, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Cənubi Koreya, Kuba.

Rusiyanın Ukraynaya hücumu başladıqdan sonra Qərb ölkələri ölkənin iri banklarının hamısına sanksiya tətbiq etməyə, daha sonra isə onları SWIFT beynəlxalq ödəniş sistemindən çıxarmağa başladılar. Mart ayında SWIFT-dən 6, daha sonra isə 3 Rusiya bankı xaric edildi. Bunlar “Bank Otkrıtie”, “Novikombank”, Sənaye-Rabitə Bankı, Bank Rossiya, “Sovkombank”, VneşekonomBank(VEB), VTB, “Sberbank”, “Rosselxozbank” və Moskva Kredit Banklarıdır. İyul ayında “Tinkoffbank” özü SWIFT-dən ayrılıb. Bu 9 bankla yanaşı, sanksiya siyahısına salınan daha onlarla bank bu sistemdən istifadə edə bilmir. Ümumilikdə Qərbin birbaşa sanksiyaları altında olan Rusiya banklarının sayı 22-dir. Ona yaxın bank isə daha ağır bloklayıcı sanksiyalara məruz qalıb. Onların xaricdəki bütün əmlakına həbs qoyulub, hesabları dondurulub, fəaliyyətləri tam nəzarət altına alınıb. Belə banklarla əməliyyat aparan digər ölkələrin bankları da avtomatik sanksiya siyahısına daxil edilir. Banklar və fiziki şəxslər üçün tərtib olunan belə siyahı SDN adlanır. ABŞ Maliyyə Nazirliyi öz vətəndaşlarına, fiziki və hüquqi şəxslərinə, həmçinin onların 50 faiz və daha çox iştirak payı olan digər müəssisələrə SDN-də adı olan şirkət və fiziki şəxslərlə hər hansı əməkdaşlığı tam qadağan edir.

Onu da qeyd edək ki, Rusiya Azərbaycanın ən böyük ticarət tərəfdaşlarından biridir. Cari ilin 9 ayında bu ölkəyə 719,1 milyon dollarlıq məhsul ixrac etmişik. Qeyd edilən dövrdə Rusiyadan idxalımız isə 2,1 milyard dollardan yuxarı olub. Bu göstərici ilə Rusiya idxalımızda birinci yerdə qərarlaşıb. Doqquz ayda Rusiyadan Azərbaycana bu ölkənin 362556,8 vətəndaşı gəlib, Rusiyaya isə 217574,5 Azərbaycan vətəndaşı gedib.

Əsas Rusiya banklarının beynəlxalq ödəniş sistemi olan SWIFT-dən kənarlaşdırılması fonunda qarşılıqlı ticarət əməliyyatlarının maliyyələşdirilməsi, turistlərin xərcləmələrinin təmin edilməsi üçün çıxış yolunun tapılması, əlbəttə, zəruridir. Lakin bu yol mütləqmi “Mir” ödəniş sisteminə qoşulmaqdan, eyni adlı kartlara xidmətə başlamaq olmalıdır? Artıq ABŞ Maliyyə Nazirliyinin xəbərdarlığını Azərbaycandan daha güclü ölkələr nəzərə alaraq “Mir”lə əməliyyatları ya tam dayandırıb, ya da kəskin məhdudlaşdırıblar. Ödəniş sisteminin İnternet saytında kartların işlədiyi ölkələrin adları tamamilə silinib. Lakin Rusiya mətbuatının yazdığına görə, kartlarla məhdud əməliyyatları Ermənistan, Qazaxıstan, Tacikistan, Belarus, Vyetnam, Qırğızıstan, həmçinin qondarma qurumlar olan Abxaziya və Osetiyada həyata keçirmək mümkündür.

MİR” ödəniş sisteminə Azərbaycanda maraq var | Banco.az

Maraqlıdır ki, sentyabrda Ermənistanda da banklar tərəfindən “Mir” ödəniş sistemi kartlarının qəbulu dayandırılıb. Ermənistan Mərkəzi Bankı bununla bağlı bəyan edib ki, Ermənistanın kommersiya bankları sanksiyalarla bağlı “Mir” kartlarına xidmət göstərib-göstərməmək qərarını özləri verirlər: “Kommersiya bankları sanksiya riskləri də daxil olmaqla, öz risklərini özləri idarə edirlər. Müştərilərə xidmət prosesindəki qayda dəyişikliklərini də əvvəlcədən onlara çatdırırlar”. Bu açıqlamadan sonra Ermənistan mətbuatı ölkədə “Mir” kartlarına xidmətin tam dayandırıldığını iddia etsə də, bu proses hələ də davam edir. Rusiyanın turizm şirkətlərinin rəsmi resurslarında Ermənistana getmək istəyən müştərilərə ölkənin demək olar ki, bütün banklarında “Mir” kartları ilə rahat əməliyyatlar həyata keçirməyin mümkün olduğuna dair məlumat yerləşdirilib.

Sanksiyalara baxmayaraq, hazırda 50-dək orta və xırda Rusiya bankı SWIFT-lə köçürmələr edə bilir. Bu isə Azərbaycan şirkətlərinin Rusiya ilə ticarət əməliyyatlarının maliyyələşməsini “Mir” sisteminə qoşulmadan həyata keçirmək imkanı yaradır. İqtisadçı-ekspert Xalid Kərimli bildirir ki, Rusiyada Azərbaycan əsilli milyonlarla şəxs vətəndaş olaraq, yaxud müvəqqəti qeydiyyatlar yaşayır və işləyir: “Onların demək olar ki, hamısı vətənə pul göndərirlər. Digər tərəfdən, Azərbaycan çalışır ki, Rusiyaya qarşı sanksiyaların yaratdığı əlverişli şərtlərdən yararlansın. Burada söhbət IT mütəxəssislərin, bu sahədə çalışan şirkətlərin Azərbaycana cəlb olunmasından gedir. Biz bu sahədə çox da böyük nailiyyət əldə etməmişik, amma Ermənistan, Gürcüstan, Özbəkistan bizdən qat-qat çox sayda Rusiya IT şirkəti və mütəxəssislərinə öz ərazilərində əlverişli şərtləri təmin edərək cəlb edə biliblər. Bizdə buna həm də qərar qəbul edilməsi zamanı bürokratiya və ləngimələrin olması imkan vermir, məmurlarımız Rusiyadan çıxan biznesin ölkəmizə cəlbi üçün zəruri addımları vaxtında atmadılar. "Mir" kartlarına gəlincə, onlara maraq kifayət qədər yüksəkdir. Rusiyadan kənara çıxan turistlər bir qayda olaraq həmin kartların işlədiyi ölkələrə seçimi daha çox edirlər. Biz bu fürsətlərdən yararlanmalı, eyni zamanda ehtiyatlı olmalıyıq ki, sanksiyaların pozulması hallarına yol verilməsin".

Ekspertə görə, Azərbaycan Rusiyaya qarşı sanksiyalara qoşula bilməz: “Buna bizim gücümüz çatmaz, lakin açıq şəkildə sanksiyaların pozulmasına da imkan verə bilmərik. İki qarşı duran  böyük güc arasında qızıl ortanı tapmaq çətindir, lakin mümkünsüz də deyil. Avropa İttifaqı, ABŞ Azərbaycanın Rusiya ilə münasibətlərində dərinləşməyə müəyyən həddə qədər dözümlü yanaşacaqlar. Xüsusilə enerji böhranı yaşayan Avropa üçün dözüm limiti daha genişdir. Lakin bizim bu limitin sonuna qədər getməyimizə ehtiyac yoxdur. Aydındır ki, "Mir" sistemi ABŞ və Avropa İttifaqı rəsmən qadağan olunarsa, Azərbaycan bankları bu qadağanı pozmayacaq. Belə bir qadağa olmadığına görə kiçik həcmli əməliyyatların bu ödəniş sistemi ilə həyata keçirilməsi mümkündür. Lakin o da bəllidir ki, əməliyyatların həcmi böyüyüb Qərbin diqqətini cəlb edərsə, bu, sistemə qoşulan banklarımız üçün ciddi problemlər yarada bilər".

Dünya SAKİT,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR