İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva “yavru vətən”i tanıyacaqmı?

762 11.08.2023 12:15 Siyasət A A

Toğrul İsmayıl düşünür ki, Putin heç vaxt belə qərar verməz

Rusiya Şimali Kipr Türkiyə Cümhuriyyətində konsulluq açacaq.  TASS yazır ki, Rusiyanın Kiprdəki səfirliyi tezliklə adanın şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacaq. Səfirliyin nümayəndəsi agentliyə məlumat verib ki, biz çox yaxın vaxtlarda Nikosiya şəhərinin şimal hissəsində konsulluq xidmətləri göstərməyə başlayacağıq. “İşlər müntəzəm olaraq aparılacaq”, - deyə o bildirib.

Səfirliyin nümayəndəsi qeyd edib ki, söhbət Rusiya hakimiyyətinin Kiprin şimalında yaşayan vətəndaşları qarşısında öhdəliklərini yerinə yetirməsindən gedir. O, bir neçə ölkənin, o cümlədən ABŞ, Böyük Britaniya, Almaniya, İtaliya və Fransanın uzun illərdir Şimali Kiprdə konsulluq məsələləri ilə məşğul olan öz diplomatik nümayəndəliklərinin olmasına diqqət çəkib.

Bəzi hesablamalara görə, hazırda Kiprin şimalında 50 mindən çox rus yaşayır.

Rusiyanın bu addımından sonra ŞKTC-dən açıqlama gəlib. ŞKTC Xarici İşlər Naziri Tahsin Ertuğruloğlu deyib ki, “Rusiyanın ŞKTC-də konsulluq açmaq qərarı bir ildir danışılır. Bu, sadəcə, ofis olacaq. Bu addım Rusiyanın ŞKTC-ni tanıması kimi şərh edilməməlidir”. 

Konsulluq qərarı ilə bağlı “A Haber”ə danışan ŞKTC prezidenti Ərsin Tatar da mühüm açıqlamalar verib. Tatar Rusiyanın əvvəlcə konsulluq xidməti üçün bina ayırması lazım olduğunu ifadə edərək, bu qərarın Ukrayna müharibəsindən sonra Yunan Kiprinin AB ilə yaxınlaşmasından sonra verildiyinə diqqət çəkib, lakin bu müsbət qərarın AB ilə yaxınlaşmasına səbəb olmayacağını da vurğulayıb. Sitat: “Bu müsbət qərar ŞKTC-nin başqa məqsədlər üçün bir vasitə halına gəlməyəcək. Biz tanınmasaq da, ayrı bir dövlət və hakimiyyət var. ŞKTC-də 144 fərqli ölkədən tələbə təhsil alır. Kiprdə Türkiyənin tam dəstəyi ilə həll yolu tapılarsa, iki dövlət olaraq baş tutacaq. Türkiyə Respublikasının böyük dəstəyi ilə Prezident Ərdoğanın Nyu-Yorkda BMT Baş Assambleyasında ”ŞKTC-nin tanınma zamanıdır" bəyanatı və Türk Dövlətləri Təşkilatında müşahidəçi qismində iştirakımız prosesi sürətləndirdi. ŞKTC-nin Şərqi Aralıq dənizində suveren türk dövlət kimi qəbul edilməsi açıq və aydın şəkildə ortaya çıxıb. Rusiyanın bu addımı da bu siyasətin bəhrələrindən biri sayıla bilər. Bu, tanınma üçün atılmış addımdır".

Professor Toğrul İsmayıl: Azərbaycan Türkiyə ilə birlikdə regionun  geosiyasətini dəyişir

Toğrul İsmayıl 

Professor Toğrul İsmayıl “Yeni Müsavat”a bildirib ki, rəsmi rəqəmlərə görə, ŞKTC-də 17  min rus yaşayır: “Putin heç vaxt Şimali Kipri tanımaz. Türkiyədə bəzi Rusiyaya yaxın çevrələr tərəfindən bu fikir səslənir, amma Moskvanın  rəsmi siyasətində bu, mümkün deyil. Qeyri-rəsmi siyasət prizmasından yanaşsaq, rusiyalı mütəxəssislər hesab edirlər ki, Türkiyə Krımın işğalını tanıyarsa, o zaman Kipr məsələsi barədə düşünmək olar. Bu, Rusiyaya yaxın anti-ABŞ qüvvələrinin təbliğatıdır. ŞKTC-də 50 mindən çox rusun yaşaması qeyri-dəqiq informasiyadır”.

Xatırladaq ki, Böyük Britaniya Şimali Kipr Türk Respublikasının (ŞKTR) tanınması üçün dəstək ifadə edib. Britaniyalı deputat Semmi Uilson (Sammy Wilson) ŞKTR-nin dünya tərəfindən tanınmalı olduğunu bildirib. O “Politicshome” jurnalındakı məqaləsində yazıb: “Kipr adasında sərhədin hər iki tərəfində tam fəaliyyət göstərən hökumətlər və demokratik sistemlər var. ŞKTR-nin Birləşmiş Millətlər Təşkilatı tərəfindən tanınmaması üçün heç bir səbəb yoxdur. Şimali İrlandiya ilə sülh prosesi zamanı imzalanmış ”Xeyirli cümə müqaviləsi" kimi tanınan “Belfast” sazişinə nəzər salaq. Beynəlxalq Ədalət Məhkəməsinin Kosovonun müstəqilliyi ilə bağlı 2010-cu il qərarı ŞKTR-nin tələbinə daha çox uyğundur. Kipr yunanları adada həll planlarını rədd edir. İngiltərə bu prosesdə Kipr türkləri ilə yunanlar arasında vasitəçi olmalıdır".

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR