İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva Laçındakı postumuzla rəsmən hesablaşdı - Bakının qiymətli diplomatik uğuru

1127 03.06.2023 10:46 Siyasət A A

Asim Mollazadə: “Heç kimin nəzarət mexanizmi qurmağımızı müzakirə etməyə haqqı yoxdur”

“Dəfələrlə Moskvada, Soçidə görüşlər olub, Overçuk səfərlər edib, artıq bu səyahətlər, Makronun iştirakı mənə 30 illik danışıqlar prosesini, ”beynəlxalq turist qrupu"nu xatırladır”

“Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinləri səviyyəsində üçtərəfli görüş yaxın vaxtlarda keçiriləcək”. “Yeni Müsavat”ın xəbərinə görə, bunu mayın 31-də Rusiya baş nazirinin müavini Aleksey Overçuk bildirib.

Onun sözlərinə görə, ən yaxın vaxtda Rusiya, Azərbaycan və Ermənistanın Üçtərəfli İşçi Qrupunun görüşü olacaq. Overçuk həmçinin bildirib ki, İşçi Qrupun görüşündə Ermənistan və Azərbaycan arasında sərhədi keçmək üsulu ilə bağlı texniki detallar nəzərdən keçiriləcək: “Söhbət beynəlxalq sərhədlərdə mövcud olan pasport, gömrük və digər növ nəzarətin təşkilindən gedir”.

Rusiya baş nazirinin müavini tərəflərin Azərbaycanın qərb rayonları ilə Naxçıvan arasında dəmir yolu əlaqəsinin bərpasına yaxın olduqlarını da söyləyib. O bildirib ki, Ermənistan Naxçıvan, Zəngəzur, Azərbaycan vasitəsilə Rusiyaya, Avrasiya Birliyi ölkələrinə, İrana keçmək imkanı əldə edəcək.

Yada salaq ki, 10 noyabr (2020) üçtərəfli kapitulyasiya sənədinin 9-ci bəndində Zəngəzur yolunda nəqliyyatın və yüklərin maneəsiz hərəkət nəzərdə tutulub. Yoxlama postu isə maneə deməkdir. Deməli, Azərbaycan aprelin 23-də Ermənistanla sərhədin Laçın girişində düz edib nəzarət-buraxılış postu qoyub.

Odur ki, Overçukun açıqlaması əslində Rusiyanın faktla barışması anlamına gəlir. Əlavə edək ki, Azərbaycan Prezidenti İlham Əliyev vaxtilə hər iki yolda simmetrik (eyni) nəzarət rejiminin mövcud olacağını söyləmişdi. Mayın 25-də Moskvada keçirilən üçtərəfli görüşdə isə Putin “Laçın dəhlizi məsələsində Rusiyanın mövqeyinin dəyişməz qaldığını” bildirmişdi.

Göründüyü kimi, enində-sonunda Bakı deyən oldu. Və olacaq. Çünki biz həm haqlı, həm də güclü tərəfik...

Bəs İşçi Qrupunun toplantısında Laçın yolundakı nəzarət postu ilə bağlı müzakirə mümkünmü? Onu da xatırladaq ki, Rusiya XİN başçısı Sergey Lavrov son dəfə Bakıda olanda 10 noyabr sənədində Laçın yolunda yoxlama postunun qurulmasının nəzərdə tutulmadığını demişdi, lakin bir ay sonra Azərbaycan öz legitim hüququndan istifadə etdi. O halda Kreml bizimlə barışdımı?

Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, deputat Asim Mollazadə “Yeni Müsavat”a açıqlamasında heç kəsin Laçın yolunda nəzarət postu qurmağımızı müzakirə etməyə haqqı olmadığını vurğuladı. Deputat qeyd etdi ki, Azərbaycan başqasının yox, öz ərazisində nəzarət-buraxılış məntəqəsi qurub.

“Bu da məhz sülh istiqamətində atılan addımdır. Çünki biz Ermənistanla normal sərhədləri qururuq. Bundan sonra Azərbaycana keçmək istəyən hər kəs bu postdan yoxlana bilər. Eyni zamanda terrorist qrupların, silah daşınmasının qarşısını almaq üçün belə bir nəzarət mexanizmi yaradılıb. Ona görə bunu hansısa başqa ölkənin və ya kiminsə müzakirə etmək haqqı yoxdur”, - deyə A.Mollazadə bildirdi.

Millət vəkili hesab edir ki, Lavrovun üçtərəfli sənədlə bağlı nəyisə deməyə də haqqı yoxdur: “Çünki 10 noyabr sənədində icra olunmayan bəndlər var. Rusiya silahlı erməniləri çıxarmalı idi, bunu yerinə yetirməyiblər, üstəlik, müvafiq kadrlar da var, biz görürük ki, rus sülhməramlıları silah daşınmasına şərait yaradır. Həmçinin ərazilərimizə kütləvi minalar basdırılıb. Lavrov bəlkə bu haqda danışaydı? Bir sözlə, Rusiya öhdəlikləri yerinə yetirməyib.

Buna qədər dəfələrlə Moskvada və Soçidə görüşlər olub, Overçuk səfərlər edib, razılaşmalarda nəzərdə tutulan hansısa nəqliyyat kommunikasiyası, yaxud dəhliz açılıbmı? Məşhur fransız sözü var - “dejavu”. Bu səyahətlər artıq mənə 30 illik danışıqlar prosesini xatırladır. O vaxt da Minsk Qrupu adlanan “beynəlxalq turist qrupu”nun Avropa paytaxtlarına səyahətləri olardı. Ona görə Overçukun səfərləri uğurlu turizm deyil".

 

Asim Mollazadə: Hərbi cinayətlər törətmiş cəlladlar məsuliyyətə cəlb  olunmalıdır - 27.05.2022, Sputnik Azərbaycan

A.Mollazadə Kişinyov görüşlərinə də toxunaraq söylədi ki, Fransa Xarici İşlər Nazirliyinin açıqlaması hər şeyi ifadə edir: “Rəsmi Parisin mövqeyindən bilinir ki, Fransa Rusiyanı əvəzləyərək Ermənistanı müdafiə etməyə çalışır. Paris istədi ki, Kişinyov görüşünü də pozsun. Əslində Makronun bu görüşdə iştirakı Minsk Qrupunun turist səfərlərinə oxşayır. İndi də danışıqlar Kişinyovda davam etdirilir. Yəni nə badə Ermənistan sənəd imzalasın, normal dövlətə çevrilsin, qonşularına qarşı ərazi iddialarına son qoysun...”

Deputatın fikrincə, ABŞ-da keçirilən görüşlərdə müəyyən pozitiv açıqlamalar verilmişdi, Moldovaya çatan kimi bütün sözlər unuduldu: “İrəvan bir-birini təkzib edən açıqlamalar səsləndirir: gah ərazi bütövlüyümüzü tanıyır, gah tanımır. Görünür ki, platformalar arasında fərq hiss olunur. Hər müsbət addımdan sonra bölgədə gərginlik artır. Bütün bunlara baxmayaraq, Azərbaycan beynəlxalq hüquq istiqamətində bütün imkanlardan istifadə edəcək. Prezidentin Laçın açıqlamaları bütün dünyaya net şəkildə çatdırılıb. Dövlət başçısının sözləri BMT və digər beynəlxalq təsisatlarda göstərilən prinsiplərə uyğundur”.

Emil SALAMOĞLU
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR