İnsanlara hürriyət, millətlərə istiqlal!

Molla rejiminin əlindəki girov tələbəmiz - “sevgilisi” üçün getdi, casus çıxardılar

986 03.06.2023 09:03 Siyasət A A

Üç aya yaxındır ki, İranda müəmmalı şəkildə itkin düşdüyü deyilən azərbaycanlı tələbə Fərid Səfərli həbs edilib. “Yeni Müsavat”a danışan Fərid Səfərlinin anası Dilarə Əsgərova deyib ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən ünvanlanan məktubda bildirilib.

“XİN-dən məktub aldıq, orada bildirilir ki, Fəridi İranda casusluq maddəsi ilə həbs ediblər. Oğluma qarşı irəli sürülən ittiham saxtadır. Mənim oğlum casus deyil. İqtisadiyyatı bitirib, yəni heç siyasi fəaliyyəti belə olmayıb. Hər normal insan kimi yaşadığı planetdə nə baş verdiyini bilmək üçün xəbər oxuyur. Onun siyasətlə əlaqəsi bu qədərdir. Casusluq ittihamı absurddur. Mən əminəm ki, son zamanlar İran-Azərbaycan əlaqələrinin kəskinləşməsi səbəbindən mənim oğlum orada saxlanılıb. Bir növ bizim ölkəmizə göz dağı verilir. Ümid edirəm ki, Azərbaycan öz vətəndaşını orada çarəsiz vəziyyətdə qoymaz”, - deyə dərdli ana qeyd edib.

Dilarə Əliyeva Azərbaycan Prezidenti İlham Əliyevə, birinci Vitse-prezident Mehriban Əliyevaya müraciət edib. Bildirib ki, Fərid İranda müdafiəsiz ittiham olunur. İstədikləri ən ağır cəzanı verə bilərlər. Oğlunun hansı halda olduğunu, orada nə hisslər keçirdiyini bilməmək onu hər gün on il geri atır: “Mehriban Əliyevaya üzümü tuturam. O, anadır, məni çox yaxşı anlayar. Özü də oğlum Fərid onun oğlu Heydərlə yaşıddır. Onlar eyni dönəmdə, ADA universitetində oxuyublar, tələbə yoldaşı olublar. Xahiş edirəm, mənə kömək edin. Fərid bilir ki, casusluq ittihamı ilə həbs edilənləri hansı cəzalar gözləyir. Onun nə hisslər keçirdiyini düşünəndə ürəyim parçalanır. Heç olmasa, görüşməyimə şərait yaradılsın, onu qucaqlayım və əmin edim ki, hər şey yaxşı olacaq”.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə Azərbaycan Respublikasının vətəndaşı Fərid Səfərlinin İranda həbs olunması ilə bağlı yerli medianın sualına cavabında bildirib: “Tərəfimizdən 9 mart tarixli mətbuat açıqlamasında qeyd olunduğu kimi, Fərid Səfərli barədə məlumat Xarici İşlər Nazirliyinə daxil olan gündən, yəni 9 mart tarixindən etibarən vətəndaşın aqibətinin müəyyən edilməsi və İran tərəfindən məsələyə aydınlıq gətirilməsi məqsədilə, müvafiq olaraq İranın ölkəmizdəki səfirliyinə nota ünvanlanıb. Tərəfimizdən edilmiş çoxsaylı müraciətlərdən sonra İran tərəfi notamıza cavab olaraq, Fərid Səfərlinin həbs olunaraq, ona qarşı cinayət işi başladıldığını bildirib. Bu barədə Fərid Səfirlinin ailəsinə müvafiq məlumat verilib. Məlum terror hadisəsi ilə bağlı Azərbaycanın İrandakı diplomatik təmsilçiliyinin məhdud olmasına baxmayaraq, Fərid Səfərli barədə məlumat verildiyi ilk gündən etibarən, həm Xarici İşlər Nazirliyi tərəfindən, həm də Təbrizdəki Baş konsulluğumuz tərəfindən İranın aidiyyəti qurumları ilə müzakirələr aparılmaqdadır. Bununla yanaşı, Fərid Səfərlinin ailəsi və özü ilə mütəmadi əlaqə saxlanılır. Yaxın zamanlarda Təbrizdəki Baş konsulluğumuz tərəfindən Fərid Səfərli ilə görüşün keçirilməsi üçün tədbirlər görülür”, - XİN rəsmisi qeyd edib.

Bəs molla rejimi bununla nəyə nail olmaq istəyir? Niyə 3 aydır adamın orada olduğunu gizlətdilər?

İlham İsmayıl: “Hücum zamanı səfirliyin əməkdaşları niyə heç bir müqavimət  göstərməyiblər?” Pravda.az

İlham İsmayıl: “Fərid Səfərlinin 3 ay müddətində casus olmasını sübuta yetirmək üçün ona müxtəlif vasitələrlə təzyiq ediblər”

Sabiq təhlükəsizlik xidməti polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayıl mövzu ilə bağlı “Yeni Müsavat”a dedi ki, molla rejimi bugünədək Azərbaycan vətəndaşları içərisindən bir nəfəri belə casusluqda ittiham edə bilməyib: “Azərbaycan xüsusi xidmət orqanları isə dəfələrlə, xüsusilə son aylarda İranın Azərbaycandakı casus şəbəkəsinin üzvlərini ifşa edib. İndi də onların əlinə fürsət düşüb. Fərid Səfərli haqqında üç ay müddətində qəsdən heç bir məlumat verməyən İran rəsmiləri çox güman ki, bu müddətdə casus olmasını sübuta yetirmək üçün ona müxtəlif vasitələrlə təzyiq ediblər. Ola bilsin ki, Fəridi onlara işləmək üçün cəlb etmə cəhdləri baş tutmayanda əks metoda əl atıb onu casusluqda ittiham ediblər. Bu münasibət molla rejiminin Azərbaycanla olan düşmən siyasətindən qaynaqlanır. İndiyədək də Azərbaycan vətəndaşlarına qarşı onların apardığı cəlbetmə metodlarının yeni bir fazasına daxil olub. Fərid Səfərlini qurtarmaq üçün diplomatik danışıqlarla paralel hüquqi addımlar atılmalıdır. İlk olaraq Azərbaycan tərəfdən vəkil təminatı olsa, qurama işin mahiyyəti üzə çıxa bilər. Diplomatik danışıqlar isə məhkəmə qərarından sonra mümkün ola bilər”.   

İlqar Altay Naxçıvandan danışdı: “Dövlətçiliyə, Konstitusiya və qanunlara  qarşı ciddi, ağır pozuntulara güzəşt ola bilməz” Pravda.az

İlqar Altay: “Fərid İranın xüsusi xidmət orqanlarının ”xüsusi planı" əsasında aldadılmaqla oğurlanıb, İrana gətirilib"

Öz növbəsində İctimai Tədqiqatlar Mərkəzi İctimai Birliyinin sədri, hüquqşünas-tədqiqatçı İlqar Altay İran rejiminin “Fəridi oğurlama” əməliyyatını belə şərh edir: “Fərid Səfərlinin anası mənə də yazıb, dəstək üçün.  Fikrimcə, Fərid Səfərliyə qarşı bu ittiham əsassız, onun həbsi isə tamam qanunsuzdur. Həbs qanuni olsaydı, İran tərəfin Azərbaycan XİN-in rəsmi sorğusuna cavabı 3 ay gecikdirilməz, yəni Fərid Səfərli faktiki itkin, oğurlanmış statusda saxlanmazdı. İrana oğlunu axtarmağa gedən anaya İran rəsmiləri "oğlunuzdan xəbərimiz yoxdur", deməzdilər. Bu 3 ayda Fəridin üzərində nə istintaq hərəkətləri aparılıb, nə müdafiə vəkili barədə vətəndaşı olduğu Azərbaycan tərəfi məlumatlandırılmayıb, beynəlxalq hüquq qaydalarını pozublar.

İranda itkin düşən Fərid Səfərli ilə bağlı yeni detallar: "Sevdiyi xanım  milliyyətcə..." » Gundelik-Baku.Com

Fərid Səfərli

Məsələ barədə hansı ilkin nəticəyə gəlinə bilir? Fərid Səfərli İranın xüsusi xidmət orqanlarının “xüsusi planı” əsasında aldadılmaqla oğurlanıb, İrana gətirilib. Bunun üçün də Almaniyada eyni universitetdə təcrübə keçən iranlı qızla Fəridin sevgili olmasını bilərək bundan istifadə ediblər. Xaricə, xüsusən Qərbə, Avropaya işə, oxumağa gedən bütün şəxslər İran xüsusi xidmət orqanlarının nəzarəti altında olur, bir qayda olaraq, onların yazışma, danışıqları və sairə. Bu, sevgi münasibətinin digər tərəfində azərbaycanlı gəncin olduğunu biliblər. Və İranın Azərbaycanla münasibətlərinin xeyli kəskin dövründə bu cür fürsətdən istifadə etməyi düşünüb, güman ki, xüsusi əməliyyat qurublar.

Bunun üçün İrana dönmüş həmin həkim qızı, ailəsini təzyiqlə qorxudublar. Və onun adından Fəridlə yazışma qurub, əvvəl duyuq düşməsin və Almaniyada da valideyni İran adını eşidərək mane olmasın deyə, İstanbulda görüşə çağırıb gözləyiblər. Fərid də İstanbul rahat yer olduğu üçün görüşə gedib. Ola bilsin, dəvət üçün hələ qızı məcbur edib Fəridlə telefonla da danışdırıblar.

Fərid İstanbula yetişəndə qız təbii ki, gəlməyib oraya. Bir neçə gün gözlətdirib ki, gəlirəm, belə metodla Fəridi üzüntüdə saxlayır, bildirir ki, heç cür gələ bilmir, “özün bilet al, gəl Tehrana, burada görüşək”. Və valideynlərimlə də tanış edim səni. Fəridin isə İstanbuldan geriyə, Almaniyaya bileti olub, Tehrana yeni bilet almağa imkanı olmayıb. Tehrana uçmağı barədə anasına da xəbər edib narahat etmək istəməyib və orada tanışlardan borc alaraq, Tehrana bilet alıb səmimi sevgi ilə oraya uçub. Düşünürəm ki, olsun ki, bilet pulu məsələsinə də Tehran - “qız tərəf” kömək edib! Beləliklə, Fərid Səfərli Tehrana uçur, çatan kimi də bu sevgi dalınca gedən səmimi və məsum gənci dərhal İran ETTELAA-ı caynağına keçirir. Budur, ən real və səhih ehtimallara görə, İranın Azərbaycana qarşı düşükcə "casus əməliyyatı"".

Hüquqşünas sual edir ki, Azərbaycan İrana casus üçün Almaniyadan bir tibb fakültəsi tələbəsini niyə seçsin ki, Bakıda İran şəbəkəsinin minlərlə satqını elə İrana qarşı “verbovka” üçün hazır olduğu halda: “Və yaxud Almaniyadırsa İrana casus göndərən, nədən Azərbaycan tələbəsindən istifadə etsin, Almaniyada minlərlə "hazır" iranlı olduğu halda? Molla rejiminə uyğun, primitiv əməliyyatdır bu! Fərid Səfərlini oğurladığı kimi də geriyə təhvil verməlidir İran. Məcbur olub, bunu edəcək. Azərbaycan dövləti, strukturları ilk gündən vətəndaşı üçün lazımi addımlarını atıb və atacaq".

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR