İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova Qaqauz muxtariyyətini ləğv etmək istəyir - Rusiya təhlükəsi, yoxsa...

899 08.09.2023 13:14 Siyasət A A

Regionun rəhbəri Yevgeniya Qutsulaya cinayət işi açılıb, qaqauz deputatı bunu muxtariyyətin ləğvinə hazırlıq sayır; Qabil Hüseynli: “Prezident Maya Sandu demokratik dəyərlərin daşıyıcısıdırsa, qaqauzların hüquqlarına toxunmamalıdır”

Moldovanın mərkəzi orqanları Qaqauz muxtariyyətinin ləğvi prosesinə başlayıb və regionun rəhbəri Yevgeniya Qutsula qarşı başlanmış cinayət işi də bu ssenarinin tərkib hissəsidir. “Yeni Müsavat” bildirir ki, bu fikri Qaqauziya Xalq Assambleyasının (NSG) deputatı, müxalifətin “Vozrojdeniye” partiyasının ərazi bölməsinin rəhbəri Aleksandr Dülgər deyib.

Bundan əvvəl qaqauz mediası muxtariyyətin baş prokuroru vəzifəsini icra edən Nikolay Levandovskinin Milli Assambleyanın spikeri Dmitri Konstantinova məktubunun surətini yayıb. Sənəddə deyilir ki, departament iki aktivistin Qutsula qarşı vəzifə səlahiyyətlərini aşmağa dair şikayətinə baxır. “Prokurorluğun başqanın səlahiyyətlərini aşması ilə bağlı KİV-də dərc olunan ittihamları tamamilə absurddur. Qutsul Xalq Məclisinin bütün iclaslarında iştirak edirdi... Ona qarşı niyə cinayət təqibinin başlanmasının heç bir izahı yoxdur”, - deyən Dülgər respublikanın mərkəzi orqanlarının Qaqauz muxtariyyətinin ləğvi prosesinə başlaya biləcəyini bildirib.

Bu ilin mayında Qaqauziyanın bütün səviyyəli deputatlarının qurultayı Moldova hakimiyyətini respublikanın qanunlarını muxtariyyət statusuna uyğunlaşdırmağa və onun səlahiyyətlərinin məhdudlaşdırılmasının qanunsuz praktikasına son qoymağa çağırıb. Bundan əvvəl Qaqauziya Moskvada nümayəndəlik açmaq niyyətində olduğunu açıqlamışdı. Açıqlamadan da görünür ki, sürətlə Rusiyadan uzaqlaşmaq istəyən Moldova Qaqauziyada Kremlə bağlı qüvvələrin separatçılığa başlamasından ehtiyatlanır və bu üzdən muxtariyyətin ləğvini optimal variant hesab edir. Zatən Dnestryanı ərazidə separatizmdən əziyyət çəkən Moldova ikinci cəbhənin açılacağından ehtiyatlana bilər.

Bəs bu prosesdə Türkiyənin mövqeyi necə olacaq? Bir xəbəri də qeyd edək ki, Müstəqil Dövlətlər Birliyi (MDB) ilə radioelektron vasitələrin uyğunluğu haqqında sazişi denonsasiya edib. Bu barədə ölkənin Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, 1992-ci ildə imzalanmış “MDB-nin təhlükəsizliyinin maraqları naminə radiotezlik spektrindən istifadə və ən mühüm radioelektron vasitələrin elektromaqnit uyğunluğunun təmin edilməsi qaydası haqda” saziş denonsasiya edilib. Qeyd edək ki, bu il başlayandan indiyə qədər Moldova MDB çərçivəsində bağlanmış 10-dan çox sazişi denonsasiya edib. Bundan əlavə, Moldova hökuməti MDB-yə üzv dövlətlərdə ali təhsil müəssisələrinin filiallarının yaradılması və fəaliyyətinin qaydası haqqında sazişin denonsasiya layihəsini təsdiqləyib. Moskva bu prosesdən qeyzlənə və Moldovanı qarışdıra bilərmi?

Bu gün Qaqauz Muxtar Vilayəti Moldovanın ən kasıb bölgələri sırasında bəlkə də ən birincisidir. Ən ciddi faktor isə Rusiya faktorudur. Rusiyaya meyllilik qaqauzları hökumətin bir çox iqtisadi və sosial layihələrindən, investisiya proqramlarından kənarda qoyub. Qaqauzlar prinsip etibarilə loyal toplumdur, bununla belə, Moldovanın müstəqillikdən imtina edib Rumıniyaya birləşməsinə qarşı dirəniş göstərirlər. Açıq deyirlər ki, belə bir hadisə baş versə, öz gələcək taleləri barədə təkbaşına qərar verməli olacaqlar. Qutsula da yeni rəhbər seçiləndə demişdi ki, Rusiya ilə münasibətləri yaxınlaşdırmaq lazımdır. Türkiyə artıq xeyli vaxtdır Qaqauz Muxtariyyətinə hər cür köməklik göstərir. Bunun real işartıları da artıq görünməkdədir. Region Ankara və Moskva arasında bütün sahələr üzrə ciddi rəqabətin ola biləcəyi növbəti geosiyasi meydan olmağa hamilədir. Qısa desək, Türkiyənin “arxa qapısı” Qaqauz Muxtar Vilayətində Rusiyanın bu səviyyədə rahat mövcudluğu rəsmi Ankarada təəccüb doğurmaya bilməz və strateji olaraq ciddi əndişə mənbəyi sayılmaqdadır. Bununla belə, Türkiyə istər Moldova, istərsə də Qaqauz Muxtariyyəti ilə münasibətlərinin möhkəmləndirilməsi üçün bir sıra təşəbbüslər göstərməkdədir. Qeyd edək ki, 2016-cı ildə Türkiyə və Moldova arasında sərbəst ticarətin aparılmasına dair razılaşmanın imzalanması bu qəbildəndir. Məhz bu anlaşma sayəsində Türkiyə ilə Qaqauz Muxtariyyəti arasındakı əlaqələr də keyfiyyətcə və mahiyyətcə yeni mərhələyə qədəm qoyub. Tarixi-mədəni simsarlığını əsas götürən Türkiyə dövlətinin xüsusi dəstəyi nəticəsində türk iş adamlarının Moldovanın bu cənub bölgəsinə marağı artmaqdadır və ildən-ilə yeni layihələrin gerçəkləşdirilməsi üçün imkanlar açılmaqdadır.

Ermənistanın dünyaya qapısı açılır" - Qabil Hüseynli Yeni Sabah

 Qabil Hüseynli

Professor Qabil Hüseynlinin “Yeni Müsavat”a bildirdiyinə görə, qaqauzlar rahat, sakit xalqdır, heç vaxt Moldovanın müstəqilliyinə qarşı çıxmayıblar, əksinə, ölkənin bütövlüyünü müdafiə ediblər: “Əgər prezident Maya Sandu demokratik dəyərlərin daşıyıcısıdırsa, qaqauzların hüquqlarına toxunmamalıdır. Bu, liberal-demokratik dəyərlərə uyğun gəlmir. Moldova hakimiyyəti belə bir addım atmağa başlasa, o zaman qaqauzların milli-azadlıq hərəkatı başlayacaq. Nəticədə Moldovanın demokratik imicinə zərər vuracaq. Bu hərəkət Avropa tərəfindən müdafiə edilməlidir, çünki qaqauz xalqının sovet vaxtından bir muxtariyyəti var və demokratik hökumət dövründə onu ləğv etmək dəyərlərə zidd addım sayılacaq”. Onun fikrincə, Moldova bundan xeyir qazanmayacaq: “Rəsmi Kişinyov Dnestryanıdakı ruspərəst separatçı qüvvələri sıradan çıxarmaqla məşğul olmalıdır. Orada rus ordusu var, həmin torpaqlarda yaşayan ruslar isə moldovanları qovub çıxarıb, ruslardan ibarət monoetnik bir separatçı rejim yaradıblar. Dnestryanı bölgə ilə mübarizəni kənara qoyub dinc və zavallı qaqauz xalqı ilə mübarizəyə başlamaq isə heç bir məntiqə sığmır, Moldovaya başucalığı gətirmir, tam tərsinə, ölkəyə gələcəkdə əlavə problemlər yarada bilər”.

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR