İnsanlara hürriyət, millətlərə istiqlal!

Minilliyin köşə yazarı

1609 26.01.2023 10:22 Yazarlar A A

“Atan soğan, anan sarımsaq,

Hardan oldun gülməşəkər?!"

(ata sözü)

Qarabağdakı separatçı ermənilərin təzə liderlərindən Ruben Vardanyanın BBC-yə intervüsünü oxuyanda bir daha başa düşdüm ki, bizim Qafqazın gələcəyi qaranlıqdır. Çünki Qafqaz regionunda daimi sülhün, barışığın yaranması əslində sərhədlərin müəyyən edilməsindən, demarkasiya və delimitasiya kimi çətin tələffüz olunan haqq-hesablardan keçmir. Burada sülh üçün Avropa Birliyi modelində birlik lazımdır. Sərhədlər aradan qalxmalıdır, Qafqazda hər kəs sərbəst gəzməlidir. Qafqaz Birliyi bu regionun yeganə çarəsidir, yoxsa xəmir çox su (oxu: qan) aparacaq. 

Əlbəttə, mən inanıram bir gün elə də olacaq, biz o günü görməsək də. Cümhuriyyətçi babalarımız, Rəsulzadənin başçılığı ilə həmin ümumQafqaz evi ideyasını əsas götürmüşdülər, lakin o zaman alınmadı. İttifaq dağıldı, sonra da rus bolşevik ordusu hər birimizi təkləyib işğal etdi.

Biz gələcəyə baxmaq, birgə dinc yaşamaq arzusunda ikən həmin bu Vardanyan nə deyir? Deyir ermənilər Qarabağda “minillər boyu yaşayıb”, ona görə müstəqil olmalıyıq. Hər 100 min adama taleyini müəyyən etmək, dövlət qayırmaq ixtiyarı verilsə, aləm nə kökə düşər, bu separatçı provokator anlamırmı? Yaxşı anlayır bəlkə də. Onu bura göndərənlərin tapşırığına görə özünü qanmaz kimi göstərir.

Eyni zamanda, bioloqlara göz aydınlığı verək: min il yaşayan canlılar tapılıb! Bunlar Qarabağ erməniləriymiş. Əks halda Vardanyan müəllim qısa intervüsündə ən azı 3 dəfə “biz min illərdir burda yaşayırıq” söyləməzdi. Gorun çatlasın sovet hökuməti. Güc-bəla, min cür pripiska ilə lerikli Şirəli babanı 160 yaşa çatdırmışdı, Vardanyan 1000 ili ötüb.

BMT sənədlərinə, beynəlxalq insan haqları konvensiyalarına da yeni anlayışlar daxil edilməlidir. Məsələn, belə bir maddə olsun: “Kim ərazidə min il yaşasa, orda dövlət elan etmək hüququ vardır”. Yaxud: “Hər kəs min il yaşamasa, günah onun özündədir”. O cümlədən: “Nənənin yaşadığı evdə nəvə bayraq qaldıra bilər”. Axırıncını havadan yazmıram. BBC müxbiri Vardanyana deyir ki, nə yuyulmamış çömçə kimi ortalığa düşmüsən, sən heç qarabağlı da deyilsən, lakin bu gün qarabağlılar adından danışırsan, bu zaman “dövlət naziri” nə cavab versə yaxşıdır? “Nənəm Qarabağda yaşayıb”. Əlbəttə. Mənim də tərəkəmə Ayna nənəm cavanlıqda Zəngəzurun Cermuk yaylaqlarında çox dolaşmışdı, bu tarixi faktdır və hökumətimizdən xahiş edirəm məni helikopterə qoyub o dağlara atsınlar. Könlümdən dövlət naziri olmaq keçir. Bacarığıma da şübhəniz olmasın - istənilən bölgəni bir ayın içində kartof-soğana, talona, Qırmızı Xaça möhtac vəziyyətə sala bilərəm.

Vallah, iş təmiz lətifəyə oxşasa da ortada periodik olaraq ölən günahsız cavanlar var, ona görə üzümüz gülmür.

Sözgəlişi, biz Vardanyanın yerinə separatçılara öz hazıra nazirlərimizdən birini dövlət naziri kimi göndərə bilərik. Vasif müəllimin övladı Seymur Talıbovu nəzərdə tuturam. Hazırda işsizdir. Bütün qabiliyyət və qabaritləriylə Rubendən heç geri qalmır, hətta üstündür, 15 yaşında da universitetə girib, tam vunderkind(er)dir. Bu faktın üstü min illərdir gizl qalırdı, jurnalistlər təzəlikcə eşələyib tapdılar. Hətta keçmiş təhsil naziri Misir müəllimdən münasibət öyrənmişdilər, Misir müəllim demişdi ki, nəinki Seymur Talıbov, onun nənələri də az yaşda BDU-ya girmişlər. Qanun buna icazə verirmiş.

Açığı, hərdən mənə elə gəlir mən özüm də hardasa min ildir burda köşə yazıram. Siz nə fikirləşirsiniz, ey minillik oxucular? 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR