İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət ortadan bölünəndə

1694 11.01.2023 09:50 Yazarlar A A

“İki qapıya top vuran çempion olmaz”

(Braziliya ata sözü)

Keçən ilin oktyabrında Braziliyada prezident seçkilərində Lula da Silva qalib gəldi. Silva müəllim artıq 3-cü dəfə sambaçıların prezidenti seçilirdi, arada onu hətta tutmuşdular da. Görünür başqasını tapmırlar. Yaxşı futbolçular yetişdirməklə deyil.

Bu il yanvarın 1-də Silva müəllim and içib kürsüyə keçəndə isə ölkə xaosa büründü. Keçmiş prezident Jair Bolsonarunun tərəfdarları küçələrə axışdılar, hətta prezident aparatı, yerli deputatxana və ali məhkəmədə bəzi otaqları ələ keçirmişdilər. Xüsusilə paytaxt Brazilia dağılırdı. Polislə toqquşmalarda, bizim öyrəşdiyimiz terminologiya ilə yazsaq, iğtişaşlarda azı 1200 nəfər həbs edildi. Bütün tərəqqipərvər dünya ictimaiyyəti Braziliyadakı toqquşmaları pislədi. Ümidvaram bizim səfirimiz də uyğun bəyanat vermişdir. Mən isə bu əhvalatı seyr edib fikirlərə daldım.

Çünki əhvalatın kökünə baxmalıyıq. İğtişaş nəticədir. Səbəb isə Braziliya xalqının parçalanması, vahid birlik nümayiş etdirməkdə çəkdiyi çətinlikdir. Gəlin yada salaq: keçənilki prezident seçkisində Silva müəllim cəmi 50,9 faiz səs toplamışdı, o da ikinci turdan sonra. Min zülümlə. Braziliyada prezident olmaq üçün seçicilərin 50 faizdən çox səsi bəs edir. Bolsonaru isə 49,1 faizə yiyə durmuşdu. Bax, indi Braziliyada küçəyə çıxanlar hansısa marginal qruplar, azlıq deyil. Ölkə əhalisinin faktiki yarısını təmsil edirlər.

Deməli, yekdilliklə səsvermə vacibdir. Bu, demokratiyada ilk belə mənfi hal sayılmaz. Çox uzağa getməyək, yada salaq ABŞ-dakı son prezident seçkisini. 2020-ci ilin noyabrın 3-də ordakı seçkidə Cozef Bayden Donald Trampı udmuşdu. Ancaq yığılan faizlərə baxanda görürsən bu da cəmiyyətin yalan olmasın, ortadan parçalanması kimi bir şey idi: Bayden 51,3 faiz, Tramp isə 46,9 faiz səs yığmışdı. Həmin parçalanma seçkidən dərhal sonra özünü biabırçı formada göstərdi. Trampın tərəfdarları, söz vaxtına çəkər, 2021-ci ilin 7 yanvarında hücuma keçib ABŞ parlamentinin binasını ələ keçirdilər. Kapitoli binası eynilə bizim Milli Məclisin 1992-nin martındakı durumuna bənzəyirdi. Qıran qırana idi, etirazçılar deputatların kreslosunda uzanıb, marixuana tüstülədirdilər. 3 nəfər toqquşmalarda öldü, iğtişaşın qarşısını yalnız Milli Qvardiyanı şəhərə yeritməklə ala bildilər.

İndi mən hörmətli oxuculara sual verirəm: Bayden 50 faiz səsi güclə yığıbsa, qalan 50 faiz kimdir? O adamlar niyə narazı qalmasın? Bunlar demokratiyanın prosessual problemləridir.

Ona görə də əvvəlcədən çalışıb prosesi səmərəli qurmaq lazımdır. Elə etməlisən ki, qalib namizəd minimum 85-90 faiz səs alsın. Əlbəttə, ən yaxşısı 99,5 faizdir, ancaq buna da xaricdən mırıldananlar çox olur. Deyirlər avtoritar rejimdir. Bilmirəm avtoritarizmi niyə bəyənmirlər. Bütün məsuliyəti bir adam öz üzərinə götürürsə, yerdə qalan xalq da əylənib, pensiyasını yeyib-içib yaşayırsa, bunu alqışlamalıyıq.

Məsələn, bizdə axırıncı prezident seçkisində 2-ci yeri Zahid Oruc tutmuşdu. Zahid müəllim respublika üzrə 115 min 462 nəfərin səsini almışdı. Bu isə ümumilikdə götürəndə 3,11 faiz səs edirdi. Əgər Zahid müəllim seçicilərin 49 faiz səsini toplasa, onun tərəfdarları Bərdədən Bakıya doğru yürüşə başlaya bilərdimi? Şübhə etmirəm. Zahid Orucun nitqlərindəki xarici sözləri başa düşməyə neçə elmi institut lazımdır. Çox savadlı adamdır. Hələ 3 faizlə bu cür danışır, 43 faizə çıxsa nə təzə sözlər öyrənərik.

Yekdillik vacibdir.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR