İnsanlara hürriyət, millətlərə istiqlal!

Millət dörd manat verib kitab da almırsa...

993 19.06.2026 10:31 Yazarlar A A

Hadisə var, sən xatırlayırsan, hadisə də var, özünü xatırladır. Az qala, üstündən 1500 il keçsə də məşhur Kərbəla hadisələri də belədir. Moizə oxumaq fikrim yoxdur, bunun üçün heç dərin dini savadım da çatışmır, yalnız bir detalı deyəcəm.

O hadisələrdən hindli siyasət filosofu və “yarıçılpaq dərvişi” (Uinston Çörçill), ən əsası da bütpərəsti Mahatma nəticə çıxardı, amma nə sıravi müsəlmanlar, nə də onların “intelletktual” başbilənləri bundan əsl, sözün birbaşa mənasında lazımi nəticəni çıxartmadılar.

Bəli, on-on beş gün başına-döşünə döy, qalan məsələlərlə işin olmasın, ulu babalarımız demiş, dərinə getmə, palaza bürün, elnən sürün, halbuki heç olmasa, “xalçaya bürün” deyə də bilərdilər. Bunlar qalsın tamam bir yana, amma con ABŞ-İran müharibəsinin- bəlkə də bunu demək yaxşı deyil - maddi, maliyyə tərəfi də oldu, neft bahalaşdı və bəzi ölkələr pis qazanmadı; Azərbaycan da deyilənə görə, pis faydalanmadı bundan. Amma hər millət öz qazancına sahib ola bilmir, elə ölkələrin də qəribəlikləri çoxdur. O cümlədən də bizim Azərbaycanın. Burada çoxdanın bir detalı yadıma düşür. Deyəsən, Qətər vətəndaşıyla söhbət edirdi bir əcnəbi jurnalist.

Jurnalist ölkədə benzinin belə ucuz olmasından təəccübləndiyini deyəndə qətərli blirsinizmi, nə cavab verdi? Axı benzin-neft niyə baha olmalıdır ki, məgər ayağmızın altından çıxmır?.. Bunları niyə görə dedim? Biz də neft ölkəsiyik, amma dövlət olaraq bəlkə də neftin-qazın bizə çox xeyri oldu, amma vətəndaş-insan olaraqsa bunu çox hiss etmədik. Qəribədir, neftin qiyməti aşağı düşəndə ən birinci olaraq adi insanlar hiss edir bunu, amma bahalaşanda xeyri yalnız məmurlara olur.

Heç nə demirəm, son devalvasiya zamanı hər şey bir tərəfə, heç bilirsinizmi, nə qədər jurnalist peşəsini dəyişdi? Yəqin bilmirsiz, amma onlar heç də az deyildi...

İran-ABŞ müharibəsində də neftin qiyməti bahalaşdı, amma nə etdik? Həssas sosial qruplar–təqaüdçülər, müharibə və qeyri əlillər yada düşmədi, məmurların, əsasən də nazirlərin maaşları artıldı. Bəzisi deyir məmurun maaşı çox olmalıdır ki, korrupsiya azalsın, amma bu, riyazi məntiqdə deyilən kimi, zəruridir, fəqət, kafi deyil: məmurların, xüsusən nazirlərin maaşı lap milyon olsa belə bunun korrupsiyaya təsiri olmayacaq və yaxud da çox az olacaq, çünki korrupsiyanı yaradan tək səbəb maaşların azlığı deyil. Bəlkə uğursuz misal olacaq, amma sovetin vaxtında ail məktəb müəllimləri Rusiyada da, Azərbaycanda da eyni qədər maaş alırdılar, amma ruslar tələbələrdən rüşvət almırdılar, bu, hətta onların ağlına belə gəlmirdi.
Bizimkilərsə tələbələri də aralarında “bölüşdürürdülər”, “prestijnıy” fakultələrin hər birinin qiyməti vardı. Ona görə də bugünədək rəhmətlik Əbülfəz bəyə nifrət edirlər ki, niyə test üsulunu tətbiq etdi, niyə onların əsas gəlir yerlərini, “biznesini” bağladı.

Amma paradoks nədədir? Adam hərdən belələrini də “başa düşmək”, “anlamaq” istəyir. Belədəsə, ölkədə bəxti gətirməyən ən çox elə ziyalılardır. O gün baxıram, bir meyxanaçı haqqında “Bir gündə dörd mindən çox pul qazandı!” deyirlər. Kimsənin pulunu saymaq fikrimiz yox, amma millətə demək istəyirsən ki, nə olar, heç olmasa, ayda, ildə dörd manat verib bir kitab da alın! Düzdür, mənə irad tutarlar ki, hazırda çap nəşrləri dəbdən düşüb, millətimiz çox irəli gedib, hər şeyi telefondan oxuyur. Amma oxuyurmu? Əminsinizmi? Digərisə ərz edər ki, daha belə şeylərə ehtiyac da yox, “süni intellekt”ə de, bütün cavabları versin sənə!

Bilmirəm, bəlkə elə həqiqətən belədir, bəlkə də bizim nəslimiz tamamilə geridə qalıb, amma “Düşünürəmsə, yaşayıram” – deyirdi Dekart...

Mahatma deyirdi ki, yatmış adamı oyatmaq olar, vay o günə ki, adam özünü yatmışlığa vura. Hələ ötən dəfələrdə də yazmışdım ki, görəsən, niyə cəmiyyət olaraq irəliyə ciddi addım ata bilmədik, halbuki üç Baltik respublikası istisna olmaqla digər post-sovet ölkələri bizə həsəd də apara bilər: Gürcüstanda iki, Moldovada bir etnik münaqişə ocağı hələ də qalır, Ukraynasa bütünlüklə müharibə və təhdid altındadır! Guya Rusiya və ruslar özləri xoşbəxtdirmi? Büdcənin 65 faizi hərbə gedir, 300 milyard dollarsa hələ də sanksiya altındadır; vaxtilə orada camaat “QKÇP”-yə qarşı buna görə çıxmışdımı?..

Görünür, bir az təmkinli olmağa məcburuq, çünki tamam geridə də deyilik, çox məşhur misalımız da var: “yuxarılar”a baxıb fikir edincə, “aşağılar”a baxıb şükür et!

Bu sözlərdə az da olsa (yalnız və yalnız!), həqiqət var, amma Dünyada, regionda və ölkəmizdə başqa həqiqətlər də var axı: niyə onları görənlərə belə dözümsüzük, niyə buna cəhd edənlərdən bu qədər təlaşlanırıq?

Deyilənə görə, Qalileyi inkvisizisiya “məhkəmə”si Yerin fırlanması fikrindən daşındırıbmış, amma son söz alan alim bilirsinizmi, durub nə deyib? Hər halda, Yer fırlanır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR