İnsanlara hürriyət, millətlərə istiqlal!

“Mifik Ermənistan”a qarşı 28 May gedişi – Paşinyan niyə gecikdi?

2006 28.05.2024 17:07 Yazarlar A A

28 may Ermənistanda da xüsusi gün kimi qeyd olunur. Haylar ona “1-ci Respublika Günü” deyirlər. Guya 106 il öncə onların da müstəqil dövləti qurulubmuş.

Söhbət hansı “dövlət”dən gedir, bunu yaxın tarixdən azacıq bilgisi olanlar da yaxşı bilir. Erməni silahlı quldur dəstələrinin o vaxt dinc Azərbaycan əhalisinə qarşı törətdikləri soyqırımları hesabına yaradılan, qan üzərində qurulan “dövlət”, ardınca SSRİ dönəmində tamamən azərbaycanlılardan zorla təmizlənərək monoetnik respublikaya çevrilən geydirmə “dövlət”.

“Zülmlə abad olan isə bir gün bərbad olar” deyiblər. Necə ki, “Ermənistan” adlı qondarma dövlətdə ermənilərə indiyədək rahatlıq yoxdur. Olmayacaq da. Ta ki, özlərinin uydurma “qəhrəmanlıq” tarixindən və “qəhrəmanlar”dan imtina edənə, torpaqların gerçək sahiblərinin geri dönməsinə şərait yaradana və qonşu xalqların ərazisinə göz dikməyə son qoyanadək...

Maraqlıdır ki, bu gün Nikol Paşinyan erməni rəhbərləri arasında ilk dəfə 28 mayla bağlı İrəvandakı “Sərdarapad” memorial kompleksə səhər deyil, xeyli gec - axşamüstü baş çəkib. Hansı ki, ermənilərin əsas ziyarət yeri, Osmanlı Türkiyəsinə qarşı mübarizə simvolu sayılır. Daha dəqiqi, Osmanlıya xəyanət simvolu.

Dələduz keşiş Baqrat Qalstanyan faktı kinayəli şəkildə N.Paşiyanın özünü artıq “tarixi Ermənistan”dan ayırması ilə izah edib. Sitat: “Paşinyanın daha bu ölkəyə, onun simvollarına və əlamətdar tarixlərinə heç bir aidiyyəti yoxdur. Baş nazir “əsl Ermənistan”ı artıq “tarixi Ermənistan”dan ayırıb və görünür, bu bayram onun üçün “tarixi Ermənistan”ın bir hissəsidir”...

Rəsmi olaraq gecikmə Nikolun təhlükəsizliyi ilə izah edilib. Polis öncə hətta əraziyə katolikos İİ Qareginin də girməsini əngəlləməyə çalışıb – “müstəqil Erməniustan”ın tarixində ilk dəfə olaraq.

Ancaq baş nazir “Sardarapat”a ümumiyyətlə getməsəydi, qat-qat məntiqli olardı. Birinci ona görə ki, Ermənistanda kütləvi ziyarət edilən cani-işğalçıların, faşistlərin hamısı “mifik Ermənistan” uğrunda, “mitasum” ideyasına görə öldürülənlərdir. Paşinyan isə bəllidir ki, neçə vaxtdır cəmiyyətə “real Ermənistan”ı - beynəlxalq birliyin 29.7 min kv km-lik ərazidə tanıdığı respublikanı təbliğ edir. Əks halda, haqlı olaraq, “real Ermənistan”ın da itirilə biləcəyi barədə soydaşlarına xəbərdarlıq eləməkdədir.

Kapitulyant ölkədə isə yalançı, saxta bayramlar nə qədər istəyirsən. Hələ harasıdır, ölkə ərazisi “xəyali Ermənistan” uğrunda qonşu xalqlara qarşı hər cür alçaqlıqlar edib vəhşiliklər törətmiş, dinc insanlara qan uddurmuş erməni bandit-terrorçulara abidələrlə doludur. Nasist tulası Qaregin Njdedən və tayqulaq Andronik Ozanyandan tutmuş, Osmanlının sonuncu baş naziri Tələt Paşanı xaincəsinə qətlə yetirmiş Soqomon Teyleryanadək. Eləcə də ötən ilin aprelində İrəvanın mərkəzində terrorçuların “şərəfinə” açılmış “Nemezis abidəsi”.

Doğru, sonuncu abidə Paşinyan iqtidarı dönəmində qoyulub. Üstəlik, onun açılış mərasiminə hakim partiyanın nümayəndəsi – İrəvan merinin müavini də qatılmış, Türkiyə abidənin sökülməsini tələb etmişdi. İki il öncə isə Paşinyan Njdenin müdafiəsinə qalxaraq, onu “erməni xalqının qəhrəmanı” adlandırmışdı...

Yəni Paşinyanın özü də “miatsum” virusundan hələ tam qurtulmuş sayılmaz. Amma hiss olunur ki, yenə o, nəsə eləməyə çalışır. Alınacaqmı? Nikol “Real Ermənistan”a nail ola biləcəkmi?

Sualın cavabı xeyli dərəcədə erməni toplumunun nə dərəcədə sülhə hazır olmasına bağlı. Ancaq uzağı, ilin sonuna biləcəyik ki, Paşinyan və komandası daxil, qonşu xalq həqiqətən “Dəmir yumruq”dan sonra ağıllanıb, sağalıb yoxsa, “qozbeli” qəbir düzəldəcək...

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR