İnsanlara hürriyət, millətlərə istiqlal!

Mətbuat Şurası Sərvər Bəşirliyə ev və maşın bağışlayan məşhur türk iş adamını mükafatlandırdı! - VİDEO

1357 03.03.2023 22:43 Gündəm A A

Media rəhbərləri ənənəvi səhər ziyafətində bir araya gəldilər

Martın 3-də Mətbuat Şurası İdarə Heyətinin üzvləri Rauf Arifoğlunun təşəbbüsü ilə ənənəvi səhər yeməyində bir araya gəliblər.

Musavat.com bildirir ki, tədbirdə Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hüseyn Altınalan, Mətbuat Şurasının sədri Rəşad Məcid, "APA-Holding" MMC-nin prezidenti Vüsalə Mahirqızı, "Yeni Çağ" Media Qrupunun rəhbəri Aqil Ələsgər,  "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, qazi jurnalist Rey Kərimoğlu, MŞ İH üzvləri Asər Həsrət, Akif Aşırlı, Yadigar Məmmədli, Müşfiq Ələsgərli, Yeganə Hacıyeva, Səadət Məmmədli, Bəhruz Məmmədzadə, Ələsgər Süleymanov, türkiyəli iş adamı Sebahettin Civelek, ülküçü hərəkatın tanınmış siması, iş adamı Ali Yıldırım və digərləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Mətbuat Şurasının sədri Rəşad Məcid öz köhnə maşını ilə Türkiyəyə yardım məntəqəsinə əşya daşıyan zaman görüntülənən və həm Türkiyə, həm də Azərbaycan mətbuatında gündəm olan Sərvər Bəşirliyə yeni avtomobil alan, indi də ev tikdirən türk iş adamı Sebahettin Civelek bəyə təşəkkürünü bildirib:

"Öncə "Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğluya bu cür səhər ziyafəti təşkil edib, bizləri bir araya gətirdiyi üçün təşəkkürümü bildirirəm. Məlum olduğu kimi, qardaş Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra Azərbaycan və azərbaycanlılar da çox acı yaşadı. Bu acını bölüşmək üçün bir qrup jurnalist olaraq Türkiyə səfirliyində olduq, səfirə öz başsağlığımızı bildirdik.

Laçından qaçqın olan Sərvər Bəşirli də öz köhnə maşını ilə Türkiyəyə yardım daşımağa çalışmışdı. Bu yardımına görə ona çox təkliflər edildi, amma onu geri çevirdi. Nəhayət ki, Rauf Arufoğlu onu razı saldı və türk iş adamı ona yeni avtomobil hədiyyə etdi. Məlum oldu ki, ötən gün də yeni tikiləcək evinin bünövrəsini qoyub. Buna görə Sebahettin bəyə təşəkkür edirik.

Türkiyə zəlzələsində dünyasını dəyişənlərə Allah rəhmət etsin deyirik. Arzu edirik ki, Türkiyə bu acıdan,  fəlakətdən qurtarsın və güclü Türkiyə kimi davam etsin".

“Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu da çıxış edərək, bildirib:

"Türkiyənin ayağına daş dəyəndə bizim ürəyimizə dəyir. Bizim dostluğumuz, qardaşlığımız təbii məsələdir, amma son vaxtlar həm informasiya, həm də emosional məkanlarımız birləşib. Müharibə dövründə bizim bütün informasiya yükümüzü Türkiyə mediasının platforması apardı. Bu baxımdan bu işin mərkəzon dayanan Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Hüseyn Altınalana xüsusi təşəkkürlər düşür. Bu, bir ilk idi.

Bizim ortaq informasiya məkanımız türk iş adamı Sebahettin Civelek bəyi də ortaq qəhrəmanımıza çevirdi və burada baş verən proses bir Türkiyə gündəminə çevrildi, bütün televiziyalar, qəzetlər dərc etdi, eləcə də Azərbaycanda da bir simvola çevrildi.

Dostum Ali Yıldırım ülküçü hərəkatının əfsanə simalarından biridir. Həm Sebahettin bəy, həm də Ali Yıldırım bəy milliyətçi, türkçüdür, hər iki ölkə prezidentinə bağlıdır. Onlar həm də Türkiyədə zəlzələdən əziyyət çəkənlərə də əllərindən gələn yardımlar ediblər.

Sebahettin Civelek Sərvər Bəşirlinin o məşhur fotosunu görüb, mənə müraciət etdi ki, onu tapmaq lazımdır, ona dəstək olmaq istəyirəm. Tapdıq, amma Sərvər ona hədiyyə edilməsini qəbul etmək istəmirdi. Nəhayət, onları vizual görüşdükdən sonra razı oldu. Ötən gün də Sebahettin Civelek, Ali Yıldırım bəylə birlikdə Sərvərin ailəsində olduq, yeni tikiləcək evinin bünövrəsinə baxdıq. Niyyət etdik ki, Laçında da məskunlaşanda həm oradakı keçmiş məcburi köçkünlərə ev tikib, hədiyyə edək".

Daha sonra Mətbuat Şurasının sədri Rəşad Məcid, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu türk dünyası və Azərbaycan üçün gördüyü xidmətlərə görə iş adamı Sebahettin Civelek və üllküçü hərəkatın tanınmış siması, iş adamı Ali Yıldırımı mükafatlarla təltif ediblər.

Sebahettin Civelek və Ali Yıldırım onlara  verilən dəyərə görə öz təşəkkürünü bildiriblər.

Ziyafət digər iştirakçıların çıxışları ilə davam edib.

Xalidə Gəray
Elçin Əkbərov
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR