Küveyt məhkəməsi dövlət telekanalının tanınmış xəbər və siyasi tok-şou aparıcısı Zeynab Daştini sosial şəbəkələrdəki paylaşımlarına görə 3 il müddətinə azadlıqdan məhrum edib.
Musavat.com xəbər verir ki, ölkənin Apelyasiya Məhkəməsi ilkin instansiyanın çıxardığı sərt hökmü qüvvədə saxlayaraq rəsmən icraya yönəldib.
Məhkəmə prosesinin təfərrüatlarına görə, teleaparıcı regional gərginliklər fonunda şəxsi hesablarında İrana dəstək nümayiş etdirən materiallar yaymaqda günahkar bilinib. Zeynab Daşti rəsmi olaraq "düşmən dövlətə rəğbət bəsləmə", "məzhəblərarası ədavətin qızışdırılması" və "milli təhlükəsizliyin əsaslarının sarsıdılması" kimi ağır maddələrlə ittiham olunub.
"Amnesty International" beynəlxalq hüquq müdafiə təşkilatının yaydığı sensasion hesabata görə, regionda yaranan hərbi qarşıdurma və gərginlik dövrünün başlanğıcından bəri Küveytdə bənzər ittihamlarla təxminən 1200 nəfər saxlanılıb. Ölkədə təhlükəsizlik tədbirlərinin kəskin sərtləşdirildiyi bildirilir; vətəndaşlar təkcə siyasi paylaşımlara görə deyil, həm də raket zərbələrinin videolarını yaydıqlarına, hətta həlak olan iranlı rəsmi şəxslərə görə sosial şəbəkələrdə sadə başsağlığı ifadə etdiklərinə görə belə təhlükəsizlik orqanları tərəfindən dərhal həbs olunurlar.
Musavat.com






