İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank onları meydanda tək qoyub: 2023-cü ildə hərəkətə keçsə...

1719 30.12.2022 12:06 İqtisadiyyat A A

Sığorta eksperti İlkin İbrahimov Musavat.com-a bu il Azərbaycanın sığorta bazarında qeydə alınan yeniliklərdən, eyni zamanda çatışmazlıqlardan və 2023-cü illə bağlı gözləntilərdən danışıb.

ilkin.jpg (96 KB)

Ekspert bildirib ki, 2022-ci ildə sığorta bazarında ilk yenilik icbari şəxsi sığortaların nəzarətedici qurum olan Dövlət Sığorta Şirkətindən alınıb Dövlət Sosial Müdafiə Fonduna verilməsi oldu:

"Bu, 45 milyon manata kimi sığorta yığımının digər tərəfə transferi ilə bağlı olan hissəsidir. Digər yenilik – həyat sığortası ilə bağlı böyük ölçüdə yığımlar müəyyən olundu. Hansı ki, ilin sonunda Azərbaycanın sığorta tarixində ilk dəfə olaraq 1 milyard manatı keçəcəyi ehtimal olunur. Bu da rekord göstəricidir. Digər yenilik Türkiyə sığorta şirkətləri və türk dünyası ilə sığorta sahəsində daha konkret addımların atılması, "Türk Dünyası Sığorta Birliyi"nin yaradılmasıdır. Bu yeniliklər sığorta sektoru üçün yeni zəminlər yaradıb. Sığorta sektoru üçün digər yenilik "bonus-malus" sistemi ilə bağlıdır. Yəni nümunəvi sürücülərə sığorta haqqında endirim, imtizamsız sürücülərə isə daha çox sığorta haqlarının hesablanması qaydaları. Bu qaydalarda dəyişikliklər oldu. Bu da icbari sığorta haqlarının 15-20 faiz artmasına səbəb oldu. Digər məsələ - əgər hər iki tərəfin sığortası varsa, zərərçəkənin sığortasına müraciət edib ödənişini almaqla bağlıdır. Ümumiyyətlə, sığorta bazarında dinamika var. Sığorta yığımları ilbəil artır".

yigim.jpg (71 KB)

Sığorta bazarındakı çatışmazlıqlara gəlincə, İlkin İbrahimov qeyd edib ki, ilk çatışmazlıq müstəqil ekspertlərlə bağlıdır:

"Nəhayət ki, müstəqil ekspertlərin siyahısı Mərkəzi Bankın reyestrindədir. Lakin faktiki görünən odur ki, sığorta şirkətləri öz istədiklərini edirlər. Bu çatışmazlıqlar aradan qalxmalıdır. Mərkəzi Bank açıqlama verib ki, yeni ildən bununla bağlı ölçü götürəcək. Çatışmazlıqların həlli yolları ilk növbədə nəzarətedici orqan olan Mərkəzi Bankdan asılıdır. Sığorta şirkətlərini tənbeh etmək, onlarla bağlı inzibati qərar vermək, inzibati cərimə tətbiq etmək, hətta lisenziyalarının dayandırılması nəzarətedici orqanın səlahiyyətindədir. Mərkəzi Bank bunu təkbaşına deyil, müxtəlif qeyri-hökumət təşkilatları ilə, istehlakçı hüquqları ilə məşğul olan təşkilatlarla kommunikasiyalı formada həll edə bilər".

Ekspert 2023-cü illə bağlı gözləntilərini də bölüşüb:

"Müstəqil ekspertlər ümid edir ki, Mərkəzi Bank reyestrdə olan müstəqil ekspertlərin tənzimləyicisi olacaq. Sığorta şirkətlərinin sui-istifadə hallarına yol verməməsi ilə bağlı onların müdafiəçisi olacaq. Yəqin ki, Mərkəzi Bank sığorta agentlərinin müdafiəsi üsulları ilə bağlı məsələləri də önə çıxaracaq. Görünən proses ondan ibarətdir ki, Mərkəzi Bank sığorta agentlərini ortalığa atıb və onların müdafiəsi ilə bağlı nəsə etmir. Ümid edirəm, Mərkəzi Bank qaydalarda müəyyən dəyişikliklər edəcək və nəhayət sığorta agentlərinin hüquq və vəzifələri müəyyən olunacaq. Digər məsələ istehlakçı hüquqları ilə bağlıdır. İstehlakçıların üzləşdikləri problemlərin yalnız yazılı müraciətlə deyil, digər vasitələrlə də daha tez və operativ şəkildə həlli yollarının tapılacağına inanıram".

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR