İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Bank faizləri endirdi, risklər açıqlandı - ilginc məqamlar

857 21.12.2023 13:20 İqtisadiyyat A A

Bakı ilə regionlar arasında kredit faizlərindəki kəskin fərq narahatlıq yaradır; deputat bu məsələnin aradan qaldırılması üçün tədbirlər görməyə çağırdı

Azərbaycan Mərkəzi Bankı, gözlənildiyi kimi, faiz dərəcələrini azaldıb. Bankın  İdarə Heyətinin dekabrın 20-də qəbul etdiyi qərarla uçot dərəcəsi 8.5 faizdən 8 faizə, faiz dəhlizinin aşağı həddi 7 faizdən 6.5 faizə, faiz dəhlizinin yuxarı həddi isə 9.5 faizdən 9 faizə endirilib.

Mərkəzi Bank bəyan edir ki, bu qərar faktiki və proqnozlaşdırılan inflyasiyanın hədəf dəhlizində (4±2%) olması, inflyasiya gözləntilərinin stabilləşməsi, eləcə də valyuta bazarında izafi təklif nəzərə alınmaqla verilib.

Qurumun açıqlamasında qeyd olunduğuna görə, İdarə Heyətinin pul siyasətinə həsr edilmiş ötən iclasından bəri illik inflyasiya tempi gözləniləndən daha sürətlə azalıb. 2023-cü ilin noyabrında 12 aylıq inflyasiya 2.6 faiz təşkil edib. Bu isə o deməkdir ki, artıq 3-cü aydır illik inflyasiya hədəf daxilində formalaşır. Qiymətlərin aylıq dinamikasında da ötən illə müqayisədə azalma davam edir. Noyabrda deflyasiya müşahidə olunub, dövr üçün qeyri-xarakterik olaraq istehlakçı qiymətlər indeksi 0.2 faiz azalıb.

 AMB-dən bildirirlər ki, illik inflyasiya xarici və daxili amillərin təsirləri ilə azalıb: “Xarici mənşəli inflyasiyanın səngiməsi əsasən qlobal iqtisadi aktivliyin azalması və əksər ölkələrdə həyata keçirilən sərt pul siyasəti nəticəsində baş verib. Qlobal əmtəə, xüsusilə də enerji və ərzaq qiymətlərində azalmanın davam etməsi ölkəyə inflyasiya idxalını azaldıb. Dünya Bankının məlumatına əsasən, əmtəə qiymətləri indeksi noyabrda illik əsasda 18.3 faiz, o cümlədən enerji qiymətləri üzrə 23.9 faiz, qeyri-enerji qiymətləri üzrə 4.6 faiz enib. BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə isə ərzaq qiymətləri indeksi noyabrda illik əsasda 10.7 faiz azalıb”. 

Maraqlıdır ki, dünya bazarında baş verən ucuzlaşma Azərbaycana idxal olunan məhsulların qiymətində əksini tapmayıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ilin oktyabr ayında idxal olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1,7 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 15,1 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 17,0 faiz artıb. 

İdxal məhsulları ucuzlaşmasa da, ixrac məhsullarımızda bu, baş verib. Belə ki, 2023-cü ilin oktyabr ayında ixrac olunan məhsulların qiymət indeksi əvvəlki ayla müqayisədə 1 faiz artıb, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 28,8 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 28,4 faiz azalıb. 

İxrac olunan qeyri-neft-qaz məhsullarının qiymət indeksi isə 2023-cü ilin oktyabr ayında əvvəlki ayla müqayisədə 8 faiz, əvvəlki ilin müvafiq ayı ilə müqayisədə 8,6 faiz, 2023-cü ilin yanvar-oktyabr aylarında əvvəlki ilin müvafiq dövrünə nisbətən 4,6 faiz artıb.

Rəsmi statistikaya görə, qlobal bazarlardakı ucuzlaşmanın ölkənin daxili bazarına hələ də ciddi təsiri qeydə alınmayıb. Belə ki, 2023-cü ilin yanvar-noyabr aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2022-ci ilin yanvar-noyabr aylarına nisbətən 9,4 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 10,4 faiz, qeyri-ərzaq məhsulları üzrə 8,9 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə 8,6 faiz artıb. 2023-cü ilin noyabr ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,2 faiz azalıb, əvvəlki ilin noyabr ayına nisbətən 2,6 faiz yüskək olub. Ötən ay ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,4 faiz ucuzlaşıb, əvvəlki ilin noyabr ayına nisbətən 1,5 faiz baha olub.

Noyabr ayında qeyri-ərzaq məhsulları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən dəyişməyib, əvvəlki ilin noyabr ayına nisbətən 3,1 faiz artıb. 

2023-cü ilin noyabr ayında əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 0,1 faiz azalıb, əvvəlki ilin noyabr ayına nisbətən 4 faiz artıb.

Mərkəzi Bankın məlumatına görə, valyuta bazarında tarazlığın qorunduğu şəraitdə manatın nominal effektiv məzənnəsinin 2023-cü ilin 11 ayında 19.5 faiz möhkəmlənməsi idxal inflyasiyasının azalmasında mühüm rol oynayıb. Bu dövrdə daxili amillərdən qida emalı sənayesi məhsullarının istehsalçı qiymətləri azalıb (noyabrda illik 2.5 faiz azalma), kənd təsərrüfatı istehsalçı qiymətlərinin artım tempi (noyabrda illik 4.1 faiz artım) aşağı düşüb. Bu amillər müəyyən zaman intervalında inflyasiyaya azaldıcı təsir göstərir: “Hökumət və Mərkəzi Bank tərəfindən həyata keçirilən antiinflyasiya tədbirləri də inflyasiyanın azalmasına təsir göstərmişdir”.

Tədiyə balansının cari əməliyyatlar hesabında iri həcmli profisitlə əlaqədar (9 ayda 6.7 milyard ABŞ dolları və ya ÜDM-in 12.5 faizi) ilin əvvəlindən bəri Mərkəzi Bankda keçirilən valyuta hərraclarının 95 faizində təklif tələbi üstələyib. Bu şəraitdə Mərkəzi Bankın valyuta bazarına müdaxiləsi alışyönlü olub. Qurum bazardan 1.4 milyard ABŞ dolları məbləğində vəsait alıb. Nəticədə Mərkəzi Bankın valyuta ehtiyatları 20.3 faiz artaraq 10.8 milyard ABŞ dollarını keçib.

 AMB ötən iclasdan bəri pul siyasəti alətlərindən likvidliyin kənar amillərinin (avtonom amillər) monetar şəraitə təsirlərinin neytrallaşdırılması və bank sistemində likvidliyin effektiv idarə olunması məqsədilə tətbiq edib: “Həyata keçirilən tədbirlər eyni zamanda pul siyasətinin ötürücülüyünün gücləndirilməsinə xidmət edib. Bu dövrdə banklar arasında milli valyutada həm təminatsız, həm də təminatlı pul bazarında bağlanan əqdlərin orta çəkili faiz dərəcələri faiz dəhlizinin dəyişiminə reaksiya verib. Dekabr ayının ötən dövründə 1 günlük təminatsız əməliyyatlar üzrə orta faiz (1D AZIR) 7.7 faiz və 1 həftəlik banklararası REPO faizi (1W AINAIB) 7.84 faiz olmaqla faiz dəhlizinin daxilində formalaşıb”.

Mərkəzi Bankda hesab edirlər ki, ortamüddətli dövrdə inflyasiyanın xarici amilləri arasında artırıcı və azaldıcı amillər mövcuddur. O cümlədən müxtəlif regionlarda davam edən geosiyasi gərginlik dünya bazarında qiymətlərin yenidən artmasına səbəb ola bilər: “Beynəlxalq təşkilatlar 2024-cü ilə enerji qiymətləri proqnozlarını yüksək saxlayıblar. Bu da enerji idxal edən tərəfdaş ölkələrdə inflyasiya templərinə artırıcı təsir göstərə bilər. Eyni zamanda beynəlxalq təşkilatlar iqlim dəyişiklikləri və aşağı məhsuldarlığın ortamüddətli dövrdə ərzaq qiymətlərinə artırıcı təsirlərini risk olaraq qeyd edirlər. Qlobal iqtisadi aktivliyin gözlənildiyindən daha aşağı olması və əksər iqtisadiyyatlarda monetar şəraitin sərt olaraq qalması isə qlobal inflyasiya proseslərinə azaldıcı təsir göstərə bilər. Növbəti illərdə ticarət tərəfdaşlarında milli valyutaların uzuclaşmasının davam etməsi manatın nominal effektiv məzənnəsini möhkəmləndirməklə idxal inflyasiyasını azalda bilər”.

İnflyasiyaya təsir edə biləcək başlıca daxili risk kimi isə AMB pul kütləsinin izafi genişlənməsini qeyd edir. Qurumdan bildirildiyinə görə, cari ilin qalan dövründə fiskal sektorun reallaşmamış valyuta təklifinin Mərkəzi Bank tərəfindən alışı manatla pul bazasına artırıcı təsir göstərə bilər. Mövcud meyllərin davam etməsi halında 2024-cü ildə də Mərkəzi Bankın valyuta bazarına müdaxiləsinin alışyönlü olması ehtimalı var.

AMB-nin faiz dəhlizinin parametrləri ilə bağlı növbəti qərarları inflyasiya mühitində xarici və daxili amillərdən asılı olaraq veriləcək. Qərarlar qəbul edilərkən maliyyə bazarlarında, o cümlədən valyuta bazarında gedən proseslər də nəzərə alınacaq.

Qeyd edək ki, dünyada mərkəz bankların faiz dərəcələrinə dair qərarları ölkə daxilində kredit faizlərinə təsir edən ən güclü alətdir. Lakin Azərbaycanda bu alətin kredit bazarında faizlərə təsiri demək olar ki, müşahidə olunmur. AMB-nin yeni rəhbərliyi ötən ildən bəri bu istiqamətdə dəyişikliyə nail olmağa çalışır.

Millət vəkili - Vüqar Bayramov

 Vüqar Bayramov

İqtisadçı-alim, Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun fikrincə, Mərkəzi Bank regionlarda faizlərin Bakıdan daha yüksək olmasının qarşısını almaq üçün tədbirlər görməlidir: “Rayonlarda kreditlər Bakıya nisbətən 2 dəfə bahadır. Belə ki, Bakıda kreditlər üzrə orta faiz dərəcəsi 11.05 faiz olduğu halda Dağlıq Şirvanda 19.67, Qarabağda 19.32, Mil-Muğan iqtisadi rayonunda 19.13, Lənkəran-Astara iqtisadi rayonunda 19.1, Şirvan-Salyan iqtisadi rayonunda 18.75, Mərkəzi Aranda 18.59, Qazax-Tovuz iqtisadi rayonunda 18.42 faizdir. Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda kreditlər üzrə orta faiz dərəcəsi isə 12.56 faizdir.

Göründüyü kimi, rayonlarda faiz dərəcəsinin yüksək olması vətəndaşların kreditlərə əlçatanlığını azaldır. Bu, xüsusən bölgələrdə real sektora yönəldilən kreditlərin payının az olması anlamına da gəlir. Bu isə regionlarda sərmayə qoyuluşlarının artırılmasına əngəl olur".

Millət vəkilinə görə, Bakıda kredit faizləri üzrə orta dərəcənin aşağı olması biznes və eləcə də ipoteka kreditlərinin əhəmiyyətli hissəsinin paytaxtın payına düşməsi ilə bağlıdır: “Bakı aşağı faizli kreditlərdən daha çox faydalanır. Banklar hələ də regionlarda kredit riskini yüksək qiymətləndirirlər. Bu baxımdan bölgələrdə daha çox yüksək faizli istehlak kreditlərinə üstünlük verirlər. Kredit faizlərindəki regional disbalansın aradan qaldırılması olduqca vacibdir. Regionların inkişafı daha aşağı faizli kreditlərə çıxış imkanlarının genişləndirilməsini tələb edir. Mərkəzi Bank tərəfindən də bu istiqamətdə stimullaşdırıcı tədbirlərin genişləndirilməsinə ehtiyac var”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR