İnsanlara hürriyət, millətlərə istiqlal!

Mərkəzi Asiya niyə qarışır?

1470 16.07.2022 13:04 Yazarlar A A

KTMT-nın Qazaxıstana hərbi müdaxiləsindən ruhlanan Belarus prezidenti Aleksandr Lukaşenko demişdi ki, hərbi Alyansın müdaxiləsi üçün daha bir ünvan Özbəkistan ola bilər.


Bu sözləri biz Qaraqalpaqstandakı etiraz aksiyaları başlayan zaman xatırladıq, hərçənd, Özbəkistanın bu diyarında etirazlar prezident Şövkət Mirziyoyevin konstitusiyaya təklif etdiyi düzəlişlərdən sonra başlanmışdı. Amma bütün hallarda Qaraqalpaqstanda Rusiyanın təsirinin və nüfuzunun çox olduğu deyilir.

Üstəlik, indi Rusiyanın Qazaxıstanla münasibətlərində də ciddi problemlər var – Kreml əhli necə deyərlər, Qasım- Comərd Tokayevlə yola getmir.

Mərkəzi Asiya ölkələrinin Rusiya ilə münasibətlərindəki özəlliklər bir tərəfə, ən yeni ziddiyyətlər Rusiya – Ukrayna müharibəsindən və buna görə Rusiyaya qarşı qəbul edilən sanksiyalardan sonra labüd idi. Bu regionun əsas gəlir mənbəyi Rusiya üzərindən nəql olunan neft və qazdan gələn gəlirlərdir. Avropa ölkələri hələ Rusiya qazından imtina etməyiblər, amma yaxın perspektivdə bu, istisna olunmur. Belə çıxır ki, Mərkəzi Asiya ölkələri də Rusiyanın üzərinə düşən çətinlikləri bölüşmək məcburiyyətində qalacaqlar. Ona görə də region dövlətləri indidən çıxış yolu axtarırlar.

Rusiya Qazaxıstana torpaq iddiası qaldırdı

Belə perspektivdə nəzərlər Azərbaycana dikilir. Düzdür, hazırda Azərbaycan Avropanın qaz ehtiyacının təxminən beş faizini təmin edir. Amma Mərkəzi Asiyanın qaz ehtiyatlarının hesabına bu həcmlər ciddi şəkildə dəyişə bilər.

Əlbəttə, bunun üçün Azərbaycanın tranzit imkanları genişlənməlidir. Qeyd edək ki, Avropa İttifaqı bu işdə Azərbaycana kömək edə biləcəyini bəyan edib.
Buradan belə nəticə çıxır ki, trans-Xəzər marşrutu reallığa çevrilə bilər. Qazaxıstan prezidentinin son çabaları da məhz bununla bağlıdır – türkçü Nursultan Nazarbayev bütün postlardan məhrum ediləndən sonra Qazaxıstanın siyasətində türk vektoru heç də zəifləmədi, prezident Tokayev Türkiyə və Azərbaycanla əlaqələrə xüsusi önəm verir. Onu da qeyd edək ki, Qazaxıstanın və Türkmənistanın alternativ tranzit imkanları yoxdur. Son illərdə Aşqabad öz qazını Hindistan üzərindən nəql etmək üçün çox çalışdı, amma bu marşrut baş tutmadı.

Kreml: Rusiya ilə Ermənistan arasında sənədlər paketi imzalanacaq

Mərkəzi Asiyadakı ən son geosiyasi həyəcanlanmaların bir başqa səbəbləri də var. Bu regionu Rusiyanın siyasi orbitində saxlayan başqa məqamlar da mövcuddur. Ən əsas səbəb budur ki, region dövlətlərinin liderləri öz hakimiyyətlərini itirmək istəmirlər, ona görə də Rusiyadan çox da uzaqlaşa bilmirlər. Elə prezident Tokayevin özü bir az problem yaranandan sonra KTMT-ni ölkəsinə çağırmışdı.

ABŞ politoloqu Zbiqnev Bjezinski yazırdı ki, Ukraynasız Rusiyanın imperiya ambisiyaları bir heçdir. Amma görünür ki, Mərkəzi Asiya ölkələri də varmış və bu gün Rusiyaya az-çox imperiya məzmunu verən məhz onlar – Mərkəzi Asiya ölkələridir. Bunun səbəbini bir az əvvəldə qeyd etdik – çox təəssüf ki, bu illər ərzində bu ölkələr çox da azad ola bilmədi.

Amma belə bir məsələ var ki, suda boğulan saman çöpündən də yapışar. Hazırda Mərkəzi Asiya ölkələrinin yolları haçalanıb: onlar ya Rusiya ilə qalıb onunla birlikdə sanksiyaların ağırlığını çiyinlərində daşımalı, ya da yeni yollar aramalıdırlar. Belə görünür ki, Mərkəzi Asiya ölkələri ikinci yola meyl edirlər...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR