İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni Bakıda ermənilər tutdurub” - Türk iş adamı ilginc detallar açıqladı - VİDEO

2527 26.12.2022 20:13 Kriminal A A

Bakı Ağır Cinayətlər Məhkəməsində Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin büdcəsindən 8 milyon 860 min manat talamaqda ittiham olunan, həmin şirkətin Azərbaycandakı nümayəndəliyinin sabiq rəhbəri, Türkiyə vətəndaşı Mehmet Şahanın məhkəməsi davam edir. Hazırda məhkəmədə şahidlərin dindirilməsi mərhələsidir.

Dekabrın 26-da hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə Oyrat Tağıyev şahid qismində ifadə verdi.

O, Fransanın “Thales İnternational Western Counties B.V” şirkətinin lokal partnyoru olan “MSC” tikinti şirkətinin rəhbəridir.

Şahid məhkəmədə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib. Dövlət ittihamçısının suallarına cavab olaraq deyib ki, Mehmet Şahanı tanıyır, lakin işlə bağlı heç nə bilmir, pul mənimsənilməsindən xəbəri yoxdur. Digər şahid Anar İbnoyev Oyrat Tağıyevin şirkətində mühasib olduğunu, iş üzrə ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdiyini bildirib.

Dövlət ittihamçısının sualına cavab olaraq deyib ki, Mehmet Şahanı tanıyır. Dövlət ittihamçısı iş üzrə digər şahid Arif Quliyevi tanıyıb-tanımaması haqda da şahidə sual verib. Anar İbnoyev Arif Quliyevi mühasib həmkarı olaraq tanıdığını bildirib.
Mehmet Şahanın vəkili Vüsalə Muradxanlı hakimdən xahiş edib ki, şahid Arif Quliyevin məhkəməyə məcburi gətirilməsi haqda qərar versin:

- Arif Quliyev iş üzrə əsas şahiddir, ittiham onun ifadəsi üzərində qurulub. Arif Quliyev 2 dəfə məhkəməyə çağırılıb, lakin hər hansı bir əsaslı səbəb göstərmədən məhkəməyə gəlməkdən yayınıb. Xahiş edirik ki, Arif Quliyevin məcburi gətirilməsi haqda qərar verəsiniz.

Hakim isə bildirib ki, iş üzrə 34 şahid var və onların məhkəməyə çağırılırlar:

-2-3 nəfər, 4-5 nəfər olmaqla şahidlər məhkəməyə çağırılır. Şahid Arif Quliyevə də çağırış göndərilib. Növbəti məhkəmə proseslərində iştirak etməsi üçün ona bir daha çağırış göndərərik. Vaxtımız hələ var.

Bundan sonra vəkil Mehmet Şahanın ev dustaqlığına buraxılmasına dair vəsatətlə çıxış edib. O, Mehmet Şahanın himayəsində azyaşlı övladının olmasını və ailəsi ilə birgə Bakıda yaşadıqlarını, məhkəməyə evdən gedib-gəlmək imkanlarının olduğunu deyib. Xahiş edib ki, Mehmet Şahan ev dustaqlığına buraxılsın. Mehmet Şahanın digər vəkili Rübail Səfərov müvəkkilinə qarşı oyun qurulduğunu, erməni məkrli planı ilə həbsə alındığını və həmin oyunların bu gün də davam etdiyini məhkəmə heyətinin diqqətinə çatdırıb, xahiş edib ki, müvəkkili ev dustaqlığına buraxılsın.

Dövlət ittihamçısı vəsatətin təmin edilməməsini istəyib. Hakimlər müşavirə keçirərək vəsatəti təmin etməyiblər.
Bundan sonra proses yanvarın 12-nə qədər təxirə salınıb.

Mehmet Şahan ittiham üzrə özünü təqsirli bilmir. Bu ilin fevralında həbs olunan Mehmet Şahana qarşı Cinayət Məcəlləsinin külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vəzifə saxtakarlığı maddələri ilə ittihamlar irəli sürülüb. İttiham aktında göstərilib ki, türkiyəli Mehmet Şahan 2014-2021-ci illər ərzində “Thales İnternational Western Counties B.V” transmilli korporasiyasının Azərbaycandakı nümayəndəliyinin direktoru olub. İddia edilir ki, o, vəzifə səlahiyyətlərindən sui-istifadə edərək nümayəndəliyin fəaliyyəti üçün ayrılmış 9 milyon manata yaxın pulu mənimsəyib. O, bunu nümayəndəliyin bank hesabından həm nağd, həm də başqa şirkətlərə xidmətlərin göstərilməsi adı altında köçürülərək nağdlaşdırılması yolu ilə edib. Başqa ittihama görə, Mehmet Şahan rəsmi sənədlərə bilə-bilə yalan məlumatları daxil etməklə vəzifə saxtakarlığı da törədib.

Mehmet Şahan isə ittihamları rədd edir. O, məhkəməyə bildirib ki, “Thales Group” aviakosmik, müdafiə və informasiya texnologiyaları ilə məşğul olan elektronika qrupdur. 80 min nəfərdən ibarət işçi heyəti var. Dünyanın 68 ölkəsində əməliyyat fəaliyyəti həyata keçirir. Bütün dünyada insanların, infrastrukturun, dövlətlərin təhlükəsizliyi sahəsində əsas oyunçu hesab olunur. Azərbaycandakı nümayəndəliyi naviqasiya sistemləri, mühafizə sistemləri və digər sahələr üzrə konsultasiya xidməti göstərir. Şirkətin əsas müştəriləri arasında “Azərbaycan Hava Yolları” QSC, Azərbaycan Respublikası Müdafiə Nazirliyi, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti, Azərbaycan Dəmir Yolları QSC, Bakı Metropoliteni QSC və sair qurumlar var.

Onun ibtidai istintaqa verdiyi ifadəsində yazılır:

“Baş ofis tərəfindən seçilən partnyor şirkət "Modern Constraction Group" MMC tərəfindən əməkdaşlıq etdiyimiz bir neçə MMC-lərlə işləmişik. Həmin MMC-lər partnyor şirkət “MCG” MMC tərəfindən tapılıb və onlarla əməkdaşlıq etmişik. Həmin şirkətləri tanımıram. O şirkətlərə pul vəsaiti marketinq işləri aparılması (bazar araşdırılması) üçün köçürülüb. O şirkətləri “MCG” MMC-nin mühasibi Arif Quliyev tapmışdı. Məlumat üçün bildirim ki, “MCG” Thales-in Azərbaycandakı lokal partnyorudur. Bildiyimə görə, o şirkətlər bazar araşdırmaları barədə məlumatları “MCG” MMC-yə təqdim edirdilər. “MCG” MMC də öz növbəsində həmin məlumatları şifahi və görülmüş işlər barədə akt şəklində təqdim edirdi. Beləliklə, bazar araşdırmalarının nəticələri hazır olanda Arif Quliyev məni çağırırdı və onunla birlikdə məlumatları baş ofisə təqdim edirdik. Bununla bağlı bütün sənədlər ofisdə idi. Həmin şirkətlərlə imzalanan müqavilələr, şirkətlərə verilən sifarişlər, qiymət təklifləri və s. ofisdə idi. Məndə heç bir sənəd yoxdur. Həmin şirkətlərlə görülən işlərlə bağlı Arif Quliyevlə birgə baş ofisdən təsdiq almışdım. O şirkətlər bazar araşdırmaları ilə bağlı məlumatları təqdim etmişdilər”.

Mehmet Şahan ifadəsinə davam edərək bildirib ki, şirkətlərə vəsait köçürülmələri baş ofisin təlimatları əsasında həyata keçirilib. O, öz şəxsi xərclərini heç vaxt hesabatlara daxil etməyib:

“Yalnız uşaqlarımın məktəb xərclərini və məktəbdən kənar müəllimlərə ödədiyim pulları baş ofis ödəyirdi, uşaqlarıma görə ödənilən pullar da əvvəlcədən baş ofislə razılaşdırılırdı. Bakıda - Nərimanov rayonunda ailəmlə kirayədə yaşayırdım. Aylıq 5 min avro kirayə haqqı ödəyirdim. Baş ofisin bütün xərclərdən xəbəri var idi. Pul mənimsəməsi olmayıb. Xərclərlə əlaqədar hər ay hesabat tərtib olunurdu. Həmin hesabatlar ofisdə idi. Hazırda harada olması barədə xəbərim yoxdur. “Thales” ildə 4 dəfə yoxlama keçirirdi. Bundan başqa, hər həftə rəhbərimlə görüntülü danışırdıq. 7 il ərzində baş ofisin nəzarəti və razılığını alaraq işləmişəm. Sizcə, belə bir şirkətdən gizli 7 il işləyib və 7 il pul mənimsəmək mümkündürmü?”

Mehmet Şahan başına gələnləri ermənilərlə əlaqələndirir:

“Bunlar hamısı erməni lobbisinin və Ermənistanın sabiq prezidentinin dostu Pier Matyunun işləridir. Məni qanunsuz olaraq işdən çıxartdırdı, buna görə Fransada məhkəməyə müraciət etdim. Əvəzində şirkətin rəhbərliyi həm kompensasiya ödəməmək, həm də bir türk olaraq açıq qərəz nümayiş etdirərək mənə qarşı qondarma cinayət işi açılmasına nail oldu. Şikayəti verəndə bütün sənədləri gizlətdilər ki, mən təqsirsizliyimi sübut edə bilməyim. Baş ofis məni hələ işdən çıxarmamışdan əvvəl bütün planları qurmuşdu. Məni prezentasiyaya dəvət bəhanəsi ilə Madridə çağırdılar. Orada kompüterimi, telefonumu əlimdən aldılar ki, əlimdə heç bir sübutum qalmasın. Çünki kompüterimdə və telefonumda təqsirsizliyimi sübut edən bütün dəlillər vardı. Kompüterimin və telefonumun əlimdən alınmasını baş ofisin rəhbər işçiləri öz ifadələrində təsdiq edib. Özümü təqsirsiz hesab edirəm. Müstəntiq mənə qarşı qərəzli davranıb, indiyədək həbsdə saxlanmağımı da qanunsuz hesab edirəm”.

2016-cı ilin oktyabrında Fransanın Azərbaycandakı səfiri Orelia Buşez Mehmet Şahanı xidmətlərinə görə milli kavaler ordeni ilə təltif edib. Fransanın Azərbaycandakı səfirliyinin həmin vaxt yaydığı məlumatda qeyd edilirdi ki, Fransanın xarici ticarət məsləhətçisi olan Mehmet Şahan Azərbaycanda fəaliyyət göstərən fransız işgüzar dairələrinin görkəmli nümayəndəsidir.

WhatsApp Image 2022-12-26 at 19.30.05.jpeg (136 KB)

Məhkəməyə azyaşlı övladı ilə gələn Mehmet Şahanın həyat yoldaşı Tülay Şahan “Yeni Müsavat” əməkdaşına deyib ki, şahid Arif Quliyevin məhkəmədə dindirilməsi olduqca vacibdir:

-Bu adam Oryat Tağıyevin direktoru olduğu şirkətin mühasibidir. İbtidai istintaqa ifadəsində deyib ki, pul vəsaitlərinin mənimsənilməsində iştirak edib. Pulları nağlaşdırdığı şirkətləri tapdığını etiraf edib. Həyat yoldaşım Mehmet Şahana da böhtan atıb ki, guya nağdlaşdırmadan əldə etdiyi pulları ona verib. Ona görə də vəkillər Arif Quliyevin məhkəmədə gəlib suallara cavab verməsini tələb edirlər. Adam yalan ifadə verib, qoy gəlsin məhkəmədə də yalanlarını təkrar etsin, ifşa edək. Mehmet Şahan onun yalanlarına görə bu gün həbsdədir. Mən azyaşlı övladlarımla bərabər Bakıda ermənilərin şəri ilə üz-üzə qalmışam. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanımdan xahiş edirəm ki, bu işi nəzarətə götürsün, bizi ermənilərin şəri ilə saxta ittihamlar əsasında qurulan oyundan qurtarsın”.

Elşən MƏMMƏDƏLİYEV,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR