İnsanlara hürriyət, millətlərə istiqlal!

“Məni ayaqda saxlayan Prezidentimizin sözləridir, avqustun 9-da...” – Əsir hərbçimizin anası həmin VİDEOdan DANIŞDI

2698 29.07.2023 21:52 Son xəbər A A

“Qızım, sənin “68 yaşlı Vaqif postda qaldı! - Hüseyni gözləyən anası var, Xaçaturyanı isə Bakıda... - ŞOK VİDEO, FOTO” başlıqlı yazını oxudum, oğlum Hüseynlə bağlı işlətdiyin sözlər mənə təsir etdi. 1,5 aydır ki, Beynəlxalq Qırmızı Xaç Komitəsi balamdan mənə məlumat vermir”.

Bu sözləri Musavat.com-a Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Ermənistanla sərhədboyu ərazisində əlverişsiz hava şəraitində məhdud görmə səbəbindən əsir düşən əsgər Hüseyn Axundovun anası Şəlalə Axundova deyib.

anam.jpg (181 KB)

“Beynəlxalq Qırmızı Xaç Komitəsi ötən ayın 13-dən bizə uşaqların durumu ilə bağlı məlumat vermir. Yalnız onu deyirlər ki, Ermənistan hökuməti bizim oradakı kolleqalarımıza uşaqlarla görüşə icazə verməyib, məlumat olan kimi sizə deyəcəyik”, - Şəlalə Axundova bildirib.

Əsgərimizin anası qeyd edib ki, ona oğlu Hüseynlə danışmağa icazə verməyiblər:

“Aqşin Bəbirov anası ilə danışan günün səhəri – iyunun 13-də mənə Hüseynin məktubunu gətirmişdilər. Həmin gün mən də Hüseynə məktub yazdım. Dedilər ki, 1 ay içərisində məktub uşaqlara çatacaq və onlardan cavab gələcək.

Bu gün də Qırmızı Xaçla danışdım, dedilər ki, heç bir məlumat yoxdur. Dedilər, ümid edirik ki, icazə verərlər, gələn həftə uşaqlarla görüşərik. Oradakı kolleqalarımız uşaqlarla görüşüb sizin məktubunuzu çatdırar, sizə məktub gətirərlər.

Uşaqlarımız 4 aya yaxındır ki, əsirlikdədir. Bu vaxta qədər Beynəlxalq Qırmızı Xaç Komitəsi cəmi 2 dəfə uşaqlarımızla əlaqə yaradıb. Cəmi 2 məktub gəlib, birinci məktubu aprelin 20-də almışam. 4 ay ərzində bizə 4 məktub gəlməli idi. Onlar bizə demişdilər ki, ayda bir dəfə uşaqlarla görüşəcəyik. Bu 4 ay ərzində uşağımın səsini belə eşitməmişəm. Hüseyni yalnız məhkəmə videosunda görmüşəm”.

mehkeme.jpg (27 KB)

“Cənab Prezidentin Laçında etdiyi çıxış mənə ümid verir”

lacin en son.jpg (89 KB)

“Arxayınam ki, uşaqlarımız ermənilərin əlində qalmayacaq. Cənab Prezident İlham Əliyevə güvənirəm. Dua edirəm ki, Allah cənab Prezidentimizə can sağlığı versin, ömrü uzun olsun. Məni ayaqda saxlayan Prezidentimizin sözləridir. Yoxsa bu xəstəliklə, əziyyətlə çoxdan ölərdim. Həyəcan yaşayıram, çox fikir edirəm. Uşağımın videolarına dönə-dönə baxıram, ağlayıram. Xəbər çıxmadıqca, qorxuram. Fikirləşirəm ki, bəlkə yenə işgəncə veriblər, uşaqlar pis gündədir deyə bizə göstərmirlər.  

Avqustun 9-da mənim doğum günümdür. Deyirəm, ilahi, cənab Prezidentin bu yaşımda mənə ən gözəl hədiyyəsi o olar ki, balam gələr. Avqustun 1-nə kimi yanımda olar”.

Şəlalə xanım dualarla yaşadığını qeyd edib:

“Dünən məscidə getmişdim. Orada o qədər ağladım ki, millət başıma yığışmışdı. Hamısı deyir ki, ağlama. Dua elədim ki, Allah Hüseyni, Aqşini qorusun. Gecə saat 2-də evə qayıtmışam. Qızım deyir, özündən xəbərin var? Dedim, balam üçün dua edib gəlmişəm”.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR