İnsanlara hürriyət, millətlərə istiqlal!

"Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm” - MƏHKƏMƏ İŞİ

571 27.12.2022 20:37 Kriminal A A

Bakıda özünü "12-ci İmam Mehdi" kimi təqdim edərək 40 nəfərə qarşı dələduzluqda təqsirləndirilən Aqil Babayevin cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrliyi ilə baş tutan prosesdə zərərçəkmiş qismində Etibar Novruzov ifadə verib.
O bildirib ki, təqsirləndirilən şəxslə ədavəti olmayıb.

Zərərçəkmiş qeyd edib ki, Aqil Babayevi 2004-cü ildən tanıyıb. Deyib ki, ibadət edən zaman onların tanışlığı yaranıb: “Mən yeni namaz qılmağa başlamışdım. Görüşlərimiz işdən sonra Əhmədli qəsəbəsində olurdu. Burada zərərçəkmişlərin çoxu da həmin məclisdə olurdular. Aqil Babayevi məclisləri ələ alırdı, əsasən də İmam Mehdinin gəlişi barədə söhbətlər edirdi. Bu və digər dini mövzularda söhbətlər edirdi. Bu söhbətlərdə mən də iştirak edirdim. Hədislərdən, ayələrdə sitatlar gətirirdi. Danışığına qulaq asandan sonra qənaətə gəlmişdim ki, elmli adamdır. Bunun belə qeyri-adi danışıqları, toxunduğu mövzuları eşidəndən məndə fərqli fikirlər forlmalaşdırmışdı. Bir mövzu oldu. Bu şiə təriqətinə məxsus olan “təbəssüm” mövzusudur. Bununla bağlı haradasa oxumuşdum, məndə maraq oyatmışdı. “Təbəssüm” Allahla bəndəsi arasında olan bir vasitədir. Mən də bununla bağlı Aqil Babayevə sual vermişdim. Mənim verdiyim sual da xoşuna gəlmişdi, buna gülmüşdü. “Təbəssüm”lə bağlı demişdi ki, bütün vaxtlarda bu mövzu olub, imamlar da bunun tədqiq ediblər. Mənə dedi ki, filankəs, mən İmam Mehdiyəm”.

Zərərçəkmiş qeyd edib ki, 2006-cı ildə Aqil Babayevin yanına gedib və ona biət edib: “Ona biət etdim ki, sən həqiqətən də İmam Mehdisən. Məni təbrik etdi, dedi ki, xeyirli olsun, hiss edirdim ki, sən cəhdinlə, səyinlə bu məqama çatacaqsan. Bundan sonra ona zəkat vermişəm. Deyirdi ki, sənin malından çıxacaqdır, bunu düzgün mövqeyə verməklə, yəni, mənə verməklə həqiqi zəkatı vermiş olursan. Həmin dövrdə zavodda işləyirdim. 2006-cı ildən 2010-cu ilə kimi hər ay 100 manat zəkat verirdim. 2010-cu ildə zavodda işdən çıxdım. Ondan sonra şaurma restoranına işə düzəldim. 2015-ci ilə qədər orada işləmişəm. 2015-ci ildə oradan çıxdım və 2021-ci ilə qədər taksi fəaliyyəti ilə məşğul olmuşam. Bu illərdə də hər ay 30 manat zəkat vermişəm. Ümumilikdə 9 min 750 manat zəkat vermişəm”.

Daha sonra zərərçəkmiş prokurorun suallarını cavablandırıb:

-100 manatı kimə veridin?

-100 manat verdiyim müddət ərzində həmin pulları Polada verirdim. Pulları da Polad yığırdı.

-Sonrakı mərhələdə 30 manatı kimə verirdin?

-Sonra Rövşən yığırdı.

-İstər 100 manat, istərsə də 30 manat olsun. Bunları kim müəyyən edirdi ki, Rövşənə, Samirə ver?

-Bunu özü müəyyən edirdi. -Görüşlərdə belə tapşırırdı. -Deyirdi ki, zəkat düzgün mövqeyə verməklə siz təmizlənmiş olursuz. Günahlarınızın bağışlanmasına cəlb olursuz, pak olursuz.

-Bir də özünü 12-ci İmam Mehdi kimi təqdim etmişdi, necə formada deyirdi?
Təbii ki, söhbətlərinin məğzində, dolayı yollarla bunu deyirdi.

-Dolayı yollarla necə deyirdi?

Mövzu olmuşdu.

-Nə mövzu olmuşdu?

Allahla bəndəsi arasında sual vermişdim. O da belə izah etdi ki, “Təbəssüm” mövzusu var. Allahla birbaşa münasibət qurmaq olmur. Gərək arada bir nəfər seçəsən ki, o da düzlüyü göstərsin. O da sənən bu yolda vasitə olsun.

Daha sonra suallara cavab verən zərərçəkmiş deyib ki, Aqil Babayevin qadınlara qarşı xoşagəlməz hərəkətlərini eşidib.

Təqsirləndirilən Aqil Babayev zərərçəkmişin dedikləri ilə razı olmadığını deyib. O qeyd edib ki, əksinə, zərərçəkmişin özü onun Buzovna qəsəbəsində yerləşən bağında bağban işləyib: -Allah yolunda zəkat verib onu mənim adıma maddi ziyan vurmuşam kimi çıxarır. Halbuki, kasıb adam olub.

Əhmədlidə ona 3 otaq ev və maşın vermişəm. Ailəsinə maddi yardımlar etmişəm. Mənim zəkatla bağlı xəbərim yoxdur. Onun dini savadı da yoxdu və mənlə tetatet söhbəti olmayıb. O, indi də mənim bağımda bağban işləyir.

Daha sonra zərərçəkmiş qismində Telman Nuriyev ifadə verib. Onun sözlərinə görə, Aqil Babayevlə bir məhlədə yaşayıb və eyni sinifdə oxuyublar:
-Mən namaz qılmağa 1999-cu ildən başlamışam. Məhlədə həmyaşıdlarımın dini savadın yüksək olduğunu gördüm. Bunun kimdən öyrəndiyini soruşanda dedilər ki, Aqil Babayevdən öyrəniblər. Aqil də çox yaxşı tanıdığımdan ünsiyyətimi daha da sıx etdim və 2001-ci ildən onun sonuncu imam olmasına iman gətirdim. 2006-dan 2016-cı ilə kimi 40 manat vermişəm. Ona ümumilikdə 4 min 800 manat zəkat vermişəm. Pulu Polad adlı şəxs vasitəsilə verirdim.

Növbəti proses yanvarın 10-da davam edəcək.

İttihama görə, Aqil Babayev 2007-ci ildən 2020-ci ilə qədər olan müddətdə Bakı və Abşeronda yerləşən bağ evlərində dini məslislər təşkil edərək inanclı insanları özünün Mehdi Sahib əz-Zaman olmasına inandırıb.

O, təşkil etdiyi dini məclislərdə özünü yer üzünə ilahi qüvvə tərəfindən yaxşılıqlar və maddi çətinliyi olan insanlara köməklik göstərmək məqsədilə göndərildiyini deyib, axirət əzabından xilas olmaq üçün ona inanmağın vacibliyini vurğulayıb.

Aqil Babayev insanları təsir altına salıb, hər ay ona pul ödənilməsini istəyib. Deyib ki, toplanan pullar kasıblara paylanır, şəhid ailələri, Qarabağ əlilləri üçün evlər tikilir. Tabeliyində olan insanlar onun sözündən çıxdığı təqdirdə isə, onlara müxtəlif zorakılıq hərəkətləri edərək şərəf və ləyaqətlərini alçaltdığı da müəyyən edilib.

Aqil Babayev Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi tərəfindən həbs edilib.

E.Məmmədəliyev,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR